Roma Xosrov - Tərgitdim sevməyi mən səndən sonra - ŞEİRLƏR

 
Gənc şair Roma Xosrovun  kövrək poeziya dünyası
 
Görkəmli şairimiz Ağa Laçınlınin şeirlərindən birində olan bu iki misra həmişə diqqətimi çəkib:
 
Qazıb çıxarmazlar, əsl bulağı,
Bulaq şırıl-şırıl qaynayıb gələr.
 
Bəli, gənc şair Roma Xosrov belə şairlərdəndir. Onun şəxsi taleyindən,  dünyagörüşündən süzülən hisslərindəki, təbiilik,  həyatındakı çətin yaşam məqamlarının sakit, səssiz  melodiyası şeirlərində  çox aydın təzahür edir.
 
Üstünə bir çətir tut,
Ürəyinə nəm yağır.
Gözlərin susub amma,
Baxışından qəm yağır.
 
Oğluna yazdığı başqa bir şeirində isə, gənc şair övladı qarşısında sanki  imtahan məqamını yaşayır:
  
Cibim boşdu qəlbim dolu,
Sözümdə qala bilmədim.
Sənə qartopu gətirdim,
Oğlum, top ala bilmədim.
 
Valideyinlərinin uğursuz ailə həyatı nəticəsində anasının himayəsində böyüyən, gənc şair erkən yaşlarından sosial qayğıların amansız  anlarını yaşayıb.Şeirlərini də  kür taleyin  doğurduğu sərt gərdişlərə qarşı bir üsyan və barış notları müşayiət edir.
 
Ata, səndən ölüm yox,
Allah ayırdı məni.
Sənsiz həyatda bir tək,
Tanrı duyurdu məni.
 
Keçdim, özümdən keçdim,
Özümə bir yol seçdim,
Gözlərimdən su içdim,
Dərdim doyurdu məni.
 
Roma Xosrov gənc olsa da, oxucuları tərəfindən sevilən  şairdir. Üç kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür  və  həm də gənc şair kimi Prezident təqaüdünə layiq görülüb. Təbii ki, Roma Xosrovun yaradıcılığı haqqında çox yazmaq, çox  danışmaq olar.Və  Romanın  bir dəstə şeirini  "Ədəbiyyat qəzeti" nin oxucularına təqdim edirəm və  ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!      Nazim Əhmədli
 

Roma Xosrov - Şeirlər

 

Gör əllərim necədi

Bax, yenə də gəlirsən,

Bax, yenə də gecədi.

Əl uzat bir salam ver,

Gör əllərim necədi.

 

Yenə həyat dayanıb,

Bu kainat dayanıb,

Burda saat dayanıb,

Orda saat neçədi?!

 

Bir qapı göstər döyüm,

Kimə dərdimi deyim,

Sənin evin ürəyim,

Mənim evim küçədi.

 

Səni sevməmək çətindi

 

Gözlərində göstər məni,

Dur qarşımda güzgü kimi.

Hər dəfə kəsir yolumu,

Baxışların hörgü kimi.

 

Hərə bir kəsdən yetimdi,

Kimim var ki sənsiz indi,

Səni sevməmək çətindi,

Sən gözəlsən sevgi kimi.

 

Ürəyim qaldığın yerdi,

Kim sənə belə yer verdi,

Mənə sevgi adlı dərdi,

Tanrı verib vergi kimi.

 

 

Gözün göy, qəlbin bulud

 

Üstünə bir çətir tut,

Ürəyinə nəm yağır.

Gözlərin susub amma,

Baxışından qəm yağır.

 

Kaş dil tapıb danışa,

Göy də yerlə barışa,

Torpaq həsrət yağışa,

Yağış da hərdən yağır.

 

Üzündə nəmi qurut,

Bu ağlamağı unut,

Gözün göy, qəlbin bulud,

Yağanda birdən yağır.

 

Tərgitdim sevməyi  mən səndən sonra

 

Gərək dil tapaydıq biz susmayaydıq,

Sevəndə dilimiz lal olmayaydı.

İlk görüş günü tək o son görüşdə,

Ayrılıb getməyə yol olmayaydı.

 

Ayrılıq sevgini böyüdər gülüm,

Böyüyər... böyüyər qəlbinə sığmaz.

Yol salar göz yaşın yanaqlarından,

Bəlkə heç o qədər yağış da yağmaz.

 

Tərgitdim sevməyi mən səndən sonra,

Ən gözəl qızlar da qəlbimə yatmır.

Nə qədər sən yoxsan xoşbəxt deyiləm,

Səni unutmaq da ağlıma batmır.

 

Dağınıq saçlar

 

Ayaq üstə duranın,

Öləni var, sağı var.

Bu dağınıq saçımın,

Qaradan çox, ağı var.

 

Ağacsan yarpağın yox,

Tutmağa budağın yox,

Vətən, səndə sağın yox,

Ölənin torpağı var.

 

Rəssam bacarmaz bəlkə,

Dərdimin şəklin çəkə,

Bütün dağlardan yekə,

Ürəyimin dağı var.

 

Sənə qartopu gətirdim

 

Bakıya qar yağdı ANA,

Evə də gələ bilmədim.

Mən bir tikə çörək alıb,

Sizinlə bölə bilmədim.

 

Yoruldum həyat yoldaşım,

Göz yumdum yata bilmədim.

Gözü yaşlı yatdı qızım,

Evə tez çata bilmədim.

 

Cibim boşdu qəlbim dolu,

Sözümdə qala bilmədim.

Sənə qartopu gətirdim,

Oğlum, top ala bilmədim.

 

Beşik və göz yaşı

 

Ata, səndən ölüm yox,

Allah ayırdı məni.

Sənsiz həyatda bir tək,

Tanrı duyurdu məni.

Keçdim, özümdən keçdim,

Özümə bir yol seçdim,

Gözlərimdən su içdim,

Dərdim doyurdu məni.

 

Bu həyata üz verib,

Aldandım ömür sürüb,

Kimsəsiz, yetim görüb,

Hamı buyurdu məni.

 

Kirayə ev-eşikdə,

Biz dururduq keşikdə,

Göz yaşıyla beşikdə,

Anam yuyurdu məni.

 

Bu şəhidin öp ayağın

 

Ana oğlun şəhid olub,

Arzusuna çatıb gəlib.

Başın salamat gətirib,

Ürəyini atıb gəlib.

 

Gözləri yuxu bilməyib,

Ölmək üçün o gəlməyib,

O yaşayır o ölməyib,

Tabutunda yatıb gəlib.

 

Sıxıb ovcunda torpağın,

Bu şəhidin öp ayağın,

Ayaqları Qarabağın,

Palçığına batıb gəlib.

 

Ölmədim, sevdim səni

 

Səni tapdım, yaşadım,

Ölmədim, sevdim səni.

Uzaq durdum, yanına-

Gəlmədim, sevdim səni.

 

Yaşayıram həvəslə,

Sən aldığın nəfəslə,

Mən sevgimi heç kəslə-

Bölmədim, sevdim səni.

 

Necə gəldin xoşuma,

Bu eşq gəldi başıma,

Niyə çıxdın qarşıma?!

Bilmədim, sevdim səni.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!