Nezar Qəbbani (31 mart 1923-cü il, Dəməşq - 30 aprel 1998-ci il, London) suriyalı şair, yazıçı. Ərəb dünyasının tanınmış ədəbi simalarından və siyasi xadimlərindən biridir. Fransız, ingilis və ispan dillərini mükəmməl bilən, ölkəsini bir çox Avropa və Asiya paytaxtlarında diplomat kimi təmsil edən Qəbbani hakimiyyətlə aralarındakı anlaşılmazlıq səbəbindən vəzifəsindən istefa etmişdir. "Aşiqanə şeirlər ustası" kimi tanınan Qəbbani 1967-ci il Ərəb-İsrail müharibəsindən sonra ərəb poeziyasında cığıraçan şair olmuşdur. "Geriləmə kitabına haşiyələr" şeiri Beyrutda "Al-Adab" jurnalının avqust 1967-ci il sayında dərc olunur-olunmaz bütün ərəb dünyasında qadağan olunmuş və ərəb ədəbiyyatının ilk samizdat nümunəsi kimi gizlincə əldən-ələ dolaşmağa başlamışdır. Bu şeirin çapı eyni zamanda "Al-Adab Al-Huzarani" ("İyun ədəbiyyatı") axınını da doğurmuşdur. İyun ədəbiyyatının banisi və aparıcı şairi Qəbbaninin şeirləri bir çox dünya dillərinə tərcümə olunmuşdur.
Gözlərinin mavi limanında
rəngli nəğmələri var yağışın...
Günəş və heyrətli yelkənləri
təsvir edirlər səfərini sonsuzluğa
Gözlərinin mavi limanında
bir pəncərə açılıb dənizə.
Uzaq diyarlardakı quşlar
doğulmamış yerlərin axtarışında.
Gözlərinin mavi limanında
yaz zamanı yağır qar..
Firuzə yüklü gəmilər
özləri batmadan
özlərində dənizi boğurlar.
Gözlərinin mavi limanında
bir uşaq kimi qaçıram
səpələnmiş qayaların üstünə,
İçimə çəkirəm dənizin ətrini
Və yorğun qayıdıram bir quş kimi.
Gözlərinin mavi limanında
daşlar gecə nəğmələri oxuyur..
Gözlərinin bağlı kitabında,
O kimdir ki, minlərcə şeiri gizlədir?
Kaş... kaş ki, bir dənizçi olardım
Kaş bir qayığım olardı,
Hər gecə gözlərinin mavi limanında
yelkənlərimi ucaldardım.
Bilqeys,
getmişdin nar almağa…
Tikələrin qayıtdı!
Onlar Beyrutu unutdu,
Qəzzalini öldürdü.
Yumulanda gözlərin
dəniz istefa verdi.
Bilqeys,
uçmuş damın altından çantanı çıxaranda
O anda bildim ki, mən bir
göyqurşağı ilə yaşayırmışam.
***
Yeni barmaqlar istəyirəm,
Fərqli yazmaq üçün...
O barmaqlardan ki, uzanmır,
O ağaclardan ki, nə ucala bilir və nə ölür,
acığım gəlir.
Səni niyə sevirəm?
Heç bir qayığın yadına gəlməz ki,
su onu necə qucağına aldı,
ya da burulğanda necə dağıldı!
Səni niyə sevirəm?!
Gülləyə sual verməzlər ki,
hardan gəldin?!
Güllə üzr istəməz!
Soruşma məndən,
Səni niyə sevirəm?
Bunu nə mən bilirəm,
nə də sən...
***
Ən çox canımı sıxan dilimdir,
acizdir "sən"i deməyə..
səni yazı da yaza bilmir.
Sən göy üzünü yoran bir qadınsan,
yorğun kəlmələrim at kimi
ləhləyir sənin zirvələrində,
yetərli deyil cümlələrim səni vəsf etməyə
Bu çatışmazlıq sənin deyil,
əlifbanındır
ki, yalnız iyirmi səkkiz hərfdən ibarətdir.
bu üzdən çarəsizdir
sənin qadınlığını anlatmağa.
***
Məktubların poçt qutumda
ev göyərçinləridir.
Əllərimə təlaşla qonan
Ağ yasəmənlərdir,
Minnətdaram sənə yasəmənlərin
ağlığına görə.
Sənin yoxluğunda neylədiyimi soruşsan,
Yoxluğun?
Sən məndəsən!
Çamadanınla yeriyirsən
zehnimin səkilərində.
Sənin vizan məndədir!
Hətta biletin də...
Çıxışın qadağandır,
mənim qəlbimin sərhədlərindən.
Çıxışın qadağandır,
mənim ehsas yurdumdan.
Yaqut dağıdır məktubların
poçt qutumda.
Beyrutu soruşmuşdun
Meydanlarını, kafelərini,
limanlarını, otellərini, gəmilərini,
Hamısı, ... hamısı sənin gözlərində yerləşir.
Gözlərini yumsan,
yox olacaq Beyrut.
Hansı dildə danışırsan sən?
Sükutuna sığal çəkirəm.
Baxanda mənə
pəltəkləşirəm.
Sevginin dili sükut istəyir.
Eşqin lüğətində bircə
qürbət sözü yoxdur!
Hüzurun çox tanışdır
lap tarixin başlanğıcından.
Zamanlar içində izlərin var.
Hansı dildə danışırsan sən?
Dilini öyrənmək istəyirəm!
***
Özümçün səni sevmirəm
Sevirəm ki, gözəlləşsin həyatın siması.
Sevmirəm ki, nəslim çoxalsın.
Sevirəm ki, sözlərimin sayı artsın.
***
Gözlərin sonuncu sahilin bənövşələri,
Küləklər məni vurdular.
Sandım, şeir qurtaracaq məni
Qəsidələr məni qərq etdi!
Sandım, sevgi qoruyacaq məni
Qadınlar məni məndən aldılar!
Bəli, sevgilim,
daha mənlə yoldaş olmağa,
çətin ki, bu gecədə bir qadınla rastlaşım.
Çətin ki, məni məhəbbət yağışıyla yusun.
Çətin ki, ki bu zaman şairlər yazsınlar.
Qəribədir, hələ də qəsidə var,
odların, tüstülərin
ortasından keçir...
Pərdələrin, çatların,
boşluqların arasından yuxarı qalxır
Bir çapan at kimi
Qəribədir ki, hələ də yazı var
İtlərin iy çəkməyi varkən,
söhbətlərin yeni zahiri varkən,
ola bilər hər şeyin başlanğıcı yaxşı olsun.
***
O zaman ki, balıqlara gözlərinin
ünvanını verdim
bütün köhnə ünvanları unutdular.
O zaman ki, Şərq dünyasının tacirlərinə
bədəninin xəzinələrini dedim,
Hində sarı gedən karvanlar
qayıtdılar ki, səndən
bəyaz fil dişlərini alsınlar.
O zaman ki, küləyə dedim
qara saçlarını darasın,
üzr dilədi ki, ömür qısadır, amma
sənin saçların uzun.
***
O əsrdəki Tanrı boğçasını bağladı
özündən bircə ad qoymadan!
Mən sənə sığındım,
mənimlə qalasan
ki, üzüm salxımları və arxlar
və azadlıq
büsbütün qalsın.
Və sevgi cümhuriyyəti
bayrağını dalğalandırsın!
Qorxuram,
yağış dünyanın hər yerinə yağsın
və sən olmayasan...
Yağış arzum vardır, sən gedən gündən.
Ax… qış idi,
Qış dərisini soyunurdu mənim üstümə,
Qorxum yoxdur soyuqdan, darıxmaqdan...
Və sən zümzümə edirdin,
əllərini gətir saçlarım burdadır.
İndi otururam
və yağış qamçılayır,
qollarımı, üzümü, qamətimi..
Bəs kimə sığınım?
Gözlə baxış arasında
səfərə çıxan göyərçinim,
Səni necə xatirimdən silim?
Daş üstünə hək olunmuş
tək ürəyimdə əbədisən.
Damcı-damcı qanımda, ey evi olanım
haralarda olsan, sevirəm səni!
Tapılmamışlar vardır səndə
tarixdən, iqbaldan bir parça,
ey həyatıma addım atanım!
Tərcümə edəni:
Ümid Nəccari
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!