Sabir Rüstəmxanlının şeirinə iki rakursdan baxış - LAYİHƏ

"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Sabir Rüstəmxanlının "Məmməd Aslana" şeiridir.

Məmməd Aslana

Hər gülün önündə ay diz çökənim,
O güldən, çiçəkdən nə istəyirsən?
Onlar da dağların xiffət çəkəni,
O qəlbi kövrəkdən nə istəyirsən?

O duman - zirvəyə yüklənən şələ
O atlı - Kərəmi arayan Lələ,
O qala - sirrini açmayıb hələ,
O bağlı ürəkdən nə istəyirsən?

Daş çəkdin, dörd yanım daşlara taykən,
Çay çəkdin, ömrümüz axarı çaykən,
Ömrümüz bir rüzgar qanadındaykən
O ötən küləkdən nə istəyirsən?

Çəkdin tərəziyə əyriynən düzü,
Mövla da özünsən, dərviş də özün.
Cənnət qapısını döyürsə sözün,
Huridən, mələkdən nə istəyirsən?

Köçdümü saçına dağımdakı qar,
O qarda ömrünün hesabın apar.
Susur sualına canlı adamlar,
O cansız kəsəkdən nə istəyirsən?

Ay qoca dünyanın Dədə Məmmədi,
Dərdlər ürəyimdə pəmbə-pəmbədi.
Fatehlər dünyanı düzəldəmmədi,
O yazıq fələkdən nə istəyirsən?

 


Məti Osmanoğlu

Dağların xiffəti ilə... 

Geniş yaradıcılıq diapazonuna (bədii, publisistik, elmi; şeir, nəsr, ssenari) malik və hər sahədə ciddi söz sahibi olan Sabir Rüstəmxanlının Məmməd Aslana həsr etdiyi şeir ömrü boyu təbiətin ilkinliyini - xüsusən də Kəlbəcəri özündə və sözündə gəzdirən bir insanla dialoqdur. Dağlardan ayrı düşüb rast gəldiyi hər gülün önündə diz çökən o insanın səcdə etdiyi güllər də dağların xiffəti ilə yaşayır...

1960-cı illərdən başlayaraq ədəbiyyatımızda insan-təbiət bütövlüyünün axtarışı zamanla bağlı qlobal hadisə kimi özünü göstərir. Sürətli urbanizasiya və təbiətin ilkin nizamının pozulması, həmin təbiətin içindən gələn insanların özlərini sənayeləşən və köhnə həyat tərzini, yaşayış ahəngini itirən, özü-özünə yabançı gələn şəhərin içində görə, mənəvi cəhətdən burada yerləşə bilməyib daim təbiətə, ilkinliyə qayıdış əhval-ruhiyyəsi ilə vurnuxmaları ədəbiyyata da dərin izlər salır. Bunu, sadəcə, xiffət hissi - nostalgiya ilə bağlamaq düzgün deyil. O illərin şeirlərində nə qədər müxtəliflik və fərdilik, landşaft, mənzərə rəngarəngliyi olsa da, pozulmaqda olan təbiət-insan münasibətlərinə yanaşmada bütövlük, həmrəylik olduğunu görürük. 

S.Rüstəmxanlının Məmməd Aslana müraciətlə yazdığı şeirdə söz bir neçə qatda gəzişir, fikir bir neçə layda cərəyan edir. Toxunulmamış təbiətin təsviri yalnız dağın-daşın, çənin-dumanın, gülün-çiçəyin idilliyasını yaratmır, həm də keçmişi bu günə daşıyan yaddaşın ata ocağını, ana vətənini, yurd yerini canlandırıraq hərəkətə gətirir. Gülün xiffət çəkdiyi yerdə Kərəmi soraqlayan Lələnin ruhu gərdiş edir, sirri açılmamış qalanın bağlı ürəyi  döyünür, mövla səsi, dərviş nəfəsi dolaşır. Çay kimi axan insan ömrü əsən küləyin qanadları üstündə yol gedir. Onun səfəri əbədi dəyərlərlə müqayisədə çox qısadır.

Yaddaşın alt qatında dörd yanı daşlara tay olan insanlığın haqqa, ədalətə etiqadı dayanır. İlkinliyi pozulmamış, çiçəklərin həsrət çəkdiyi dağlar əyri ilə düzü çəkən haqqın, ədalətin tərəzisidir. Təbiətdən, ilkinlikdən, kökdən gələn sözün yeri isə varlığın huridən, mələkdən yüksəkdə olan ən ali məqamındadır.

Çəkdin tərəziyə əyriynən düzü,
Mövla da özünsən, dərviş də özün,
Cənnət qapısını döyürsə sözün,
Huridən, mələkdən nə istəyirsən?

Ənənəyə görə, qoşma tapşırma ilə bitir: şair son bənddə öz adını göstərir. Sabir Rüstəmxanlının qoşması Məmmədin - Məmməd Aslanın adına tapşırılıb. Burada sözün oyatdığı fikir başqa fəzada cərəyan edir - həm şeir, həm də pəmbə dərdli şair ürəyi dünyanın taleyindən narahatdır.

Ay qoca dünyanın Dədə Məmmədi,
Dərdlər ürəyimdə pəmbə-pəmbədi.
Fatehlər dünyanı düzəldəmmədi,
O yazıq fələkdən nə istəyirsən?

Mətnin məntiqinə görə fatehlərin düzəldə bilmədiyi dünyanı xilas etməyin ən düzgün yolu bir çiçək önündə diz çökmək, dağın xiffətini çəkən gülə səcdə etməkdir!

 

Elnarə Akimova

Cənnət qapısını döyən söz

Sabir Rüstəmxanlı imzası məni həmişə illərin üstünə toz qondura bilmədiyi  "Ömür kitabı"nın amal, məfkurə dalğasına aparır. Daha sonra tənqidçi Cavanşir Yusiflinin onun haqqında yazdığı "Sabir Rüstəmxanlı: yaddaşın poetikası" kitabındakı bu fikri xatırlayıram: "Mən Sabir Rüstəmxanlının ədəbi prosesdəki yerini belə görürəm - Nüşabə qalasının uçuq bürcü".  Məsələ bu ki, həmin uğurlu təyin S.Rüstəmxanlının ədəbiyyatdakı yerini dəqiq təyin edir, obrazını, kimliyini bilindirməyə açar söz səciyyəsi daşıyır. Bu söz həm də "Ömür kitabı" kimi səlnamənin diri qalmasına, onun daim bədii-estetik yaddaşın dövriyyəsinə gətirilməsinə araçılıq edir. 80-ci illərin sonlarında xalqımızın milli azadlıq duyğularının oyanışında həmin kitabın rolu danılmazdır. O günlərdə S.Rüstəmxanlının özü də meydan hərəkatına "Ömür kitabı"nın səhifələrindən adlayaraq daxil olurdu, kitab azad fikirlərin ardınca gələn azad əməllərin göstəricisi olaraq bütövlük qazanırdı. Bu mənada, 90-cı illərdə qazandığımız milli müstəqillik mənim üçün ədəbiyyatda yalnız mətn, əsər anlayışı ilə məhdudlaşmır. Bu azadlıq həm də Sabir Rüstəmxanlının meydanlarda kükrəyən odlu nəfəsindədi, oğlu Təbrizin dəfnində vətən boyda qüruru ilə dünya boyda kədərinə qol-boyun olan Xəlil Rza Ulutürkün məhzun bir görkəmdə uzaqlara zillənən baxışındadı, Sabir Əhmədlinin göz yaşlarındadı. 

Sabir Rüstəmxanlı yaradıcılığının milli dəyər anlayışı və əxlaqi yaddaş rolu bütün qatlarda əyaniləşib fərdə, cəmiyyət və xalqa xidmətin real göstəricisinə çevrilə bilir. Yalnız əsərlərində deyil, çıxışlarını dinləyəndə də şahid olmuşam, S.Rüstəmxanlı hansısa qlobal sosial-tarixi məsələlərə belə milli-mənəvi hüdudların çevrəsindən nəzər yetirir, "mən"lə tarix və yaddaş arasında olan bağların, vəhdətin prizmasından çıxış edir. Onun poeziyasının fərdiliyi də ona görə müstəsnalıq qazanır ki, poeziyanın ağrı yaddaşına öz xalqının yaddaşını əlavə etməyi bacarır və bu yaddaşda S.Rüstəmxanlıya məxsus yeni dünyagörüşün, yeni poetik üslubun öz fərdiliyi görünür.

Sabir Rüstəmxanlı içindəki vətən aşinalı, yurd sevdalı bu obrazı -söz-söz, misra-misra daşıyır. Publisistikasından nəsrinə, nəsrindən poeziyaya adlayır bu obraz. Seçilən şeirdə şairin Məmməd Aslanla dərdləşməsi də onun elə özü ilə söhbəti kimi simvolik çalar kəsb edir. Sabir Rüstəmxanlı öz mövqeyini tərənnüm etmək üçün bədii vasitə kimi Məmməd Aslana xitab üsulunu nahaq seçmir. Şairin obrazı Sabir Rüstəmxanlının misralarında yeni və koloritli bədii portretə çevrilir. Bu iki şairin bütün əsərlərində hakim olan əbədilik və bütövlük axtarışı onları tarixin və təbiətin də bir parçasına çevrilməsinə imkan verir. Ömür və tarix, dünən və gələcək, köklə zirvə anlayışı Sabir Rüstəmxanlı və Məmməd Aslan poeziyasında milli şeirin min il yol gələn bədii təcrübəsini yaşatmaq, onu qorumaq əzmində gerçəkləşir. Poeziyada M.Aslanın şeirlərinin bütün qatlarına çökən milli kolorit S.Rüstəmxanlının şeirlərinin bütün qatlarına çökən milli duyğularla qoşalaşıb ruhsal bir harmoniya yaratmaqla bərabər, həm də vahid estetik düzən əmələ gətirirlər və bu estetik ərazidə dünya, təbiət və saf hisslərlə təmasın həzin oyanışı, özünəqayıdış çaları var.

Daş çəkdin, dörd yanım daşlara taykən,
Çay çəkdin, ömrümüz axarı çaykən,
Ömrümüz bir rüzgar qanadındaykən
O ötən küləkdən nə istəyirsən?

Şeirin tutumu həm də ondadır ki, burada əsas motiv - üz-üzə gələn dost qınağı və məzəmməti məhz Vətənə sevgi və can yanğısının ahəngi şəklində ümumiləşir. Bir az da  V.B.Odərin misralarını xatırladır mənə: "Qəribik, şairim, qəribik, sözüm / qəribik, gözəlim bu yer üzündə", - deyərək səssiz haray, həzin pıçıltı içrə qəriblik, tərki-dünya duyğulara sığınıb bütün şairlərin keçdiyi yola qədəm qoyulur.

S.Rüstəmxanlı ömür yükünün ağırlığından usanıb dərvişsayağı bir ah çəkərək insana bu reallığın çevrəsindən baxır. Fatehlərin düzəldəmmədiyi dünya ilə savaşmağın mənasızlığını anladır.  M.Aslan hələ də təbiətin, yaradılışın sirrinə vaqif olmaq üçün təşnədir, axtarışdadır. S.Rüstəmxanlı üçün sirr deyilən nəsnə qalmayıb artıq. Bütün yollardan ötülüb, ömür "bir rüzgar qanadında" süzüb keçmədədir. Amma hər iki şairin vicdan və məhək rolunu eyni amal və niyyət birləşdirir: bu yurdun yaddaş işığı həm də elə bu ünvanlardadır. Hər qədim daş parçası, hər gül ləçəyi vətənin ömür kitabından yeni səhifədir və hər biri tarixin bir əzəmətini daşıyır özündə. Ona görə də daşlaşmış linqvo-poetik sintaksisin, həqiqi daxili narahatlıq və gərgin intonasiyanın hakim olduğu bu misralara kədər ovqatının ifadəsi kimi baxa bilmirik. Bu, sadəcə, milli-ictimai idealın fərdi çərçivədən ucalığı ideyasının bədii əksidir. Həsrət və hüzn notlarının oluşuna rəğmən ümid işığının duyulduğu mehrabdır. O mehrab ki, təsəllisiz yaşamağı deyil, təsəllisiz ölməyi belə öyrədir insana: "Cənnət qapısını döyürsə sözün/ Mövla da özünsən, dərviş də özün"...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!