Bizi susuz çöllər öldürəcək
Şairlər üçün elegiya
Bizi susuz Çöllər öldürəcək,
Başımızın ətini dimdikləyib aparacaq quşlar,
Sonra o quşlar oxuyacaq, oxuyacaq
- Quuuu, quuuu, quuuu…
Bizi öz səsimiz öldürəcək,
Sonra bizə çevriləcək səsimiz,
Göylərə qalxacaq, qalxacaq,
Uçacaq,
Uuuuç, uuuuç, uuuuç,
- Çççççççççççççççççç...
Bizi yoxluq öldürəcək,
Gözümüzlə gördüklərimizin yoxluğu,
Birdəfəlik yuxu, yuxu,
Uyuuu, uyuuu,
- Uuuuuuuuuuuuuuu...
Bizi sevgimiz öldürəcək,
Şeirlərimiz dirildəcək...
Şahtikan
A!
Şahtikan,
Qara gözün kiprikləri şahtikan!
Qalxasan yerindən şah-şah,
Pırrrrrrr,
Gördün? -
Qalxdı Satrullahdan Ağdaban Ağyolçu,
Qaradaban Uçquqqu...
O!
Şahtikan,
Qara gözün kiprikləri şahtikan!
Enib-qalxar-
Xışşş-xışşşş...
Əllərim ağaclar,
Dişim-dişimə dəyəndə
Cücülər, quşlar oxuyar.
Şahtikan, sancılanda kor dünyanın sinəsinə,
Uffff! - deyər göylər də...
U!
Şahtikan,
Qara gözün kiprikləri şahtikan!
Aşiqanın yeddi qatından keçdi-
Bir Allah bildi,
Bir Allah bildi,
Bir Allah bildi,
Bir Allah bildi,
Bir Allah bildi,
Bir Allah bildi,
Bir Allah bildi
qalxanda yerindən şah-şah,
Nələr görmədim ki?
Beyrəyin Güləngilə yazdığı şeir
Tanrı, köçüm sənnən keçmiş, gördünmü?
Altmış tutam oxum uçmuş, gördünmü?
Yayım qalxmış, boyum biçmiş, gördünmü?
Üç dişləyib, bir öpdüyüm gedibdi,
Güləngilim başqasını sevibdi.
Köhlən atım baş götürüb qaçıbmı?
Buxunumu qara torpaq qucubmu?
Tanrı görən dərd "çölümə" (ruhuma) acıbmı?
Üç dişləyib, bir öpdüyüm gedibdi,
Güləngilim başqasını sevibdi.
Tərlanlarım mənsiz ova çıxıbmı?
Tazılarım baş çöndərib, azıbmı?
Tanrı, evim yağmalanıb, uçubmu?
Üç dişləyib, bir öpdüyüm gedibdi,
Güləngilim başqasını sevibdi.
Tanrı köçüm sənnən keçmiş, gördünmü?
Altmış tutam oxum uçmuş, gördünmü?
Yayım qalxmış, boyum biçmiş, gördünmü?
Üç dişləyib, bir öpdüyüm gedibdi,
Güləngilim başqasını sevibdi.
SƏS surəsi
Zahid Sarıtorpağa
Rəhimli və Rəhimli olan Allahın adı ilə:
Ayə (de!)
Göylər mənim dilimdən danışar-
Açar, bağlayar,
Bağlayar, açar,
Deyər,- O, O, O, O!
Ayə (həqqül-yəqin)
Yerlər mənim dilimdən danışar-
Dikələr dağ-dağ,
Uzanar yamac-yamac,
Uzanar düz-düz,
Deyər,- O, O, O, O!
Ayə (tuuuu!)
Sular mənim dilimdən danışar-
Enər, qalxar,
Qalxar, enər şırıl-şırıl,
Deyər,- O, O, O, O!
AYƏ (vəhdət)
Ağaclar mənim dilimdən danışar,
Küləklər pıçıldayar ağacların qulağına adımı-
Sağa, sola,
Sola, sağa,
Vıyyy, vıyyy
Salam verər,
Deyər,- O, O, O, O!
AYƏ (mən)
AAAAMənnnn,
Səssss!
OOOOMənnnn,
Sussss!
Mənnnn,
Mənnnn,
Şükür,
Şükür,
Şükür,
Şükür!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!