Sən indiyə kimi heç şeir yazdınmı? Yox, yalnız yazılanları vəcdlə oxudun.
Əvvəli ötən sayımızda
Saat dörd qırx beş.
Sandıqlı civarı.
Kəndlər,
kəndlər,
kəndlər...
Qara,
burmabığlı süvari
çinarın altında,
bədöy atının
yanında dayanıb.
Çuxurova ayqırı
quyruğu ilə
qaranlığı döyəcləyir,
diz qapaqlarında qan,
qantarğasında köpük...
İkinci
süvari alayından
ikinci bölüyün
əsgərləri
və
atları havanı iyləyir.
Qılınclar qınlarındadı.
Arxada -
bir kənddə
xoruz banladı.
Və
qara,
burmabığlı süvari
əllərinin içi ilə
üzünü örtdü.
Qarşı
dağların ardında
gavurların
əlində qalan
bir kənd,
o kənddə də
bir zamanlar bir xoruz var idi -
şanapipik,
süd kimi bəmbəyaz
bir Dənizli xoruzu -
hər halda,
gavurlar onu
çoxdan kəsib,
şorba eləmişlər...
Saat beşə
on dəqiqə qalıb.
Qırx dəqiqədən sonra
dan yeri ağaracaq -
"Qorxma,
sönməz
bu şəfəqlərdə üzən
al bayraq!"
Tınaz təpənin qarşısındakı
Kömürtəpənin cənubunda
on beşinci
piyada qoşunundan
iki ixtiyar zabitdən biri -
Nurəddin Eşfak
Mauzerinin
əhliyyətini oynada-oynada
dedi:
- Bizim
bu istiqlal marşımızın
axsayan bir tərəfi var,
bilmirəm,
necə izah edim?
Mehmet Akif
dediyi sözə inanan adamdı.
Amma
mən,
yenə də,
onun inandıqlarının
hamısına inanmıram.
Şəhid olmaq vəcddimi,
sanmıram.
Məsələn, baxın:
"Gələcəkdir
sənə vəd etdiyi
günlər Haqqın."
Xeyr.
Gələcək günlərə aid
göydən ayət enmədi
bizə.
Bunu
bir özümüz
vəd etdik
özümüzə.
Bir
türkü istəyirəm
zəfərdən sonraya
dair...
Kim bilir,
bəlkə sabah...
İkinci zabit dedi:
- Mehmet Akif
haqlıdı, qardaşım,
şeytana
lənət de,
küfr danışma...
Saat beşə beş dəqiqə var.
Dağlar
yavaş-yavaş aydınlanır.
Orda-burda
ocaq yanır.
Gün ağarhaağardı
və
ətri gəlir
yuxudan oyanmaqda olan
Anadolu torpağının...
Yüzbaşı soruşdu:
- Saat necədi?
- Beş.
- Demək,
yarım saat sonra...
98956 tüfəng
və
sürücü Əhmədin maşınından
yeddi yarımlıq
sinayperlərə,
on beşlik toplara qədər
vətən uğrunda,
yəni,
torpaq və hürriyyət
uğrunda
ölə bilmək qabiliyyətlərilə
Birinci
və
İkinci ordu
hücuma hazırdır.
Alacaqaranlıqda,
bir çinarın dibində,
bədöy atının
yanında dayanan
qara,
burmabığlı süvari
ayağında qısaboy çəkmə
sıçradı atının belinə...
Nurəddin Eşfak
baxdı saatına:
Beş otuz...
Və
topçu atəşilə başladı
böyük taarruz...
Sonra,
sonra düşmənin
istehkamları çökdü,
onlar
Qarahisarın cənubda
əlli,
şərqdə 20-30 kilometrlikdə
idilər.
Sonra,
sonra
düşmən ordusunu
mühasirəyə alıb
tərki-silah etdik
30 avqusta qədər.
Sonra,
30 avqustda
düşmən qüvvələri
təslim oldu.
Və
31 avqust 1922-ci ildə
əsgərlərimiz İzmirə doğru
irəliləyərkən,
bir çovutma güllə ilə
vuruldu Dəli Ərzurumlu,
yıxıldı
və
kürək sümükləri arasında
duydu torpağı,
baxdı yuxarı,
baxdı önə,
gözləri heyrətlə parladı,
baxdı
arkadaşlarının
üstündən keçən
atlarının arxasınca...
Sustu qarson Mustafa.
Soruşdu
Baş aşçı Mahmud Aşər:
- Bitdimi?
- Bitdi.
- Doğrudan bitdi?
- Doğrudan bitdi.
Daha nə gözləyirdin ki,
yazsın?
- Bilmirəm.
Doğrusu,
bilmirəm, yavrum.
Hə də,
daha nə yazacaqdı ki?
Gavuru məğlub etdik,
girdik İzmirə.
Sonra,
sonra Cümhuriyyəti qurduq.
Amma...
Maşinist dedi:
- Dilinin altında
bir şey var,
Mahmud Aşər,
çəkinmə söylə.
- Kimdən çəkinəcəyəm?
Yəni,
dastan bitməsinə bitdi,
sonu çox kədərli oldu, çox...
Niyə öldü
Dəli Ərzurumlu,
qəfildən gələn
bir çovutma
güllə ilə -
belə fərəh içində,
belə igid-igid
şahlanarkən?
Bu hal
cidarlanmış
iki sağlam
ayaq kimi
gəlir insana...
Maşinist
qəribə tərzdə
gülümsündü,
səsini çıxarmadı
qarson Mustafa.
Biləcik vağzalına girdi qatar.
Və
lüks vaqonda,
üst qatda
xoruldayırdı Hikmət Alpərsoy.
Bu
şaqraq qəhqəhəli adamdan
əsər-əlamət
qalmamışdı
yuxuda.
Yuxu qocaltmışdı onu.
Yuxu
bir qara çarşaf kimi
örtərkən gözlərinin
rəngini,
soluxdurmuşdu üzünü.
Və
indi
ipək pijamasının içində
altmış yaşında
bir sərxoşdu
bu xoruldayan.
Və
eyni vaqonda
alt qatda
Burhan
kürəyində pambıq jaketi -
heç vaxt vaz keçmədi ondan -
oturmuşdu
yatağının qırağında.
"Sivaslı
Əhməd paşanın
tarix"ini oxuyurdu.
Beynində
bir layihə:
"Vaqon zavodunu
böyütmək!"
Qatar
Biləcikdə dayananda
baxdı pəncərədən Burhan -
yerdə
dəmiryol polisi ilə
nəsə danışırdı maşinist.
Bu
anda
altmış kilometr
Biləcikdən güneydə
çoxdan keçmişdi İnönünü
və Əskişəhərə yaxınlaşırdı
Heydərpaşa vağzalından
saat 15:45-də çıxan qatar.
510 nömrəli qatarda
ümumi vaqon.
Dəhliz.
Dəhlizə çıxdı
dustaq Süleyman,
Qartallı Kazımla qarşılaşdı.
İkisindən başqa
bir kəs yox idi
dəhlizdə.
Pıçıldadı
Qartallı Kazım:
- Mərhaba, Süleyman.
- Mərhaba, kəndlim.
- Vaqonun
qapısına gəl, Süleyman,
rahatca danışaq.
- Bura daha yaxşıdı,
bir-birini tanımayan,
pəncərədən yan-yana baxan
iki yolçu kimi...
Elə də elədilər.
Süleyman soruşdu:
- Sən
belə hara gedirsən,
kəndlim?
- Ankaraya.
Sonra Xəlilin getdiyi yerə.
O -
yerin həbsxanasına,
mən - otelinə.
- Eləmi dedilər?
- Heç kim
bir söz demədi,
yəni,
mən belə zənn etdim...
Nə olar,
nə olmaz -
həbsxananın divarını
bir də bayırdan ölçərik.
Necə fikirdi?
- Gözəldi.
- Bizim şairdən
nə xəbər var, Süleyman?
- Onu
bizdən
beş ay əvvəl ayırdılar.
- Bilirəm.
D....yə apardılar.
Yəni,
məktubu gəlirmi?
- Gəlir.
Kəndlim,
onu da mı
yola saldın?
- Əlbəttə,
getdiyi yerə qədər.
Bərbad
bir yerdi
D...nin həbsxanası.
Divarları
dəhşətli dərəcədə yüksək.
Amma
bu dünyada
açılmayan
divar varmı?
Süleyman güldü:
- Yaxşı,
sən belə təkbaşına,
sirr deyilsə, soruşum:
öncə hansını qaçıracaqsan?
- Cəlalı!.. Cəlalı!..
- Demək, onu daha çox sevirsən.
- Sevgi məsələsi deyil,
adam şairdi.
Qartallı Kazım
cavab vermədən öncə
düşündü:
- Doğrudur,
o da ilk qurtarılanlardan
olacaq,
amma
əvvəlcə Cəlal.
Dedim də,
şeir yazır.
Şeir yazır,
boru düzəltmir.
Sən
indiyə kimi
heç şeir yazdınmı?
Yox,
yalnız yazılanları
vəcdlə oxudun.
Mən
gördüm bu işin
necə başa gəldiyini,
bağbanlıqdan betər bir şey,
Turfan dağında
göyərti yetişdirməkdən
belə zor...
Şeir yazar
heç diqqət etdinmi
Cəlala?
Hər dəfəsində
sanki on beş yaşında qız kimi
qıvrıla-qıvrıla,
sümükləri gizildəyə-gizildəyə
uşaq gətirir dünyaya...
Süleyman hirsləndi bir az:
- Belə getsə,
Cəlalı bütə çevirəcəksən,
kəndlim.
Zatən,
bizdə xalqın
inanılmaz bir
heyranlığı var
şairə,
Namik Kamaldan bəri.
Fəqət
sənin bu məhəbbətində
bir şey sezdim:
adını,
dastana salmasını
istəyirsən,
amma salmadı.
- Salmasın,
demək,
məndən daha yaxşısını,
daha dürüstünü bulmuşdur.
Yoxsa,
dastanı bitirib?
- Bitirib.
- Gözəl alınıbmı?
- Əlbəttə,
içəridə - bizdə
üç surəti var,
birini sənə verərəm.
Yalnız
sən hələ
əl çəkməmisən
kəndli kimi,
anarxist kimi düşünməkdən.
- Necə?
- Məsləhətləşmədən,
özbaşına işlər görməyə
qalxırsan.
Əgər,
tutduğun iş
lazım olarsa,
sən,
mən yox,
bu işə məsul olanlar
qərar verərlər -
məsələn,
deyərlər həbsxanadan
birinci kim çıxacaq -
Cəlalmı,
Xəlilmi?..
Kefsizlədi Qartallı Kazım:
- Yaxşı,
anladım,
Xəlillə ora qədər
getməyim də xatadımı?
Əskişəhərdə
qatardan enib,
geri dönməyim də
xatadımı?
- Yox,
kəndlim,
hətta mənim həbsxanamı,
Fuadın həbsxanasını da bir yoxla...
Bəxtiyar-bəxtiyar güldü
çocuq üzlü Qartallı Kazım,
bağırdı adəta:
- Ey, bulqur aşı Süleyman,
Ey, bulqur aşı Süleyman!
Süleymanın qaşları dartıldı:
- Bağırma, kəndlim.
Sonra səssizcə güldü.
Bütün arkadaşlar
bilirdi
bulqur aşı hekayəsini -
səkkiz il öncəki
bir əhvalatdı:
Süleymana tapşırılmışdı
işi danışıb anlaşmaq
Qartallı Kazımla.
Buludsuz bir yaz günüydü.
Yorulmuşdu
və
dəhşətli açmışdı Süleyman.
Qartallı Kazımın bağçasında,
günəşin altında
yaxşı göy-göyərti,
bir də
çoxlu yaşıl lobya vardı
və
torpağın üstündə,
arxların qırağında
qıpqırmızı pomidorlar.
Kazım çardağın
altına keçdi.
Uzaqda -
qarğıdalıların arasında
bəyaz örpəkli
bir qadın əyilib qalxırdı.
Masmavi
bir tüstü qalxırdı
Çardağın arxasından.
Havada
bol zeytunyağlı,
sirkəli yaşıl
lobya salatı
və
qızardılmış ət qoxusu vardı.
Qartallı Kazım gəldi
və
çardağın altında
bir saata qədər danışdılar:
Süleyman
yaşlı və hiyləgər,
Qartallı Kazım
zarafatcıl və cəsur,
Bol zeytunyağlı,
sirkəli yaşıl
lobya salatı
və
qızardlımış ət qoxusu
Süleymanın aclığını
daha da gücləndirdi.
Nəhayət,
mavigözlü,
yalınayaq bir
qız çocuğu
bir qazança gətirdi,
iki taxta qaşıq
və
iki baş quru soğan:
- Buyurun, - dedi,
açdı
Qartallı Kazım
qazançanın qapağını -
elə yavan
bir bulğur aşı idi ki,
üzünü turşutdu Süleyman
və
darıxırmış kimi pıçıldadı:
- Təşəkkür edirəm,
Qartallı Kazım əfəndi,
toxam.
Güldü
sarı qurd gözləri
Qartallı Kazımın,
hər halda,
bir çox dəfə
bu cür gülmüşdür
Molla Nəsrəddinin də gözləri.
Qartallı Kazım
aş qazanını
geri qaytardı.
Qızardılmış ət,
lobya salatı,
bir də
səməni halvası gətirdilər
və
iki şüşə qırx doqquzluq.
Süleyman
əlini süfrəyə
uzadarkən,
Qartallı Kazım astadan dedi:
- Bizim kəndlilərin çoxu
yavan bulğur yeyər,
biləsiniz,
siz də
kasıb kəndlilər üçün
əlləşib-vuruşduğumuzdan.....
Süleyman
Qartallı Kazımın
sözünü kəsdi:
- Haqlısan,
Qartallı Kazım əfəndi, - dedi -
amma
mən də haqlıyam,
qızardılmış ət
yavan bulğurdan
yaxşıdır.
Fəqət,
istəsən,
indi bulqur
aşını da gətir,
səməni halvasının
altından yeyək...
Və
o gündən Süleyman
bulqur aşı Süleyman
oldu
arkadaşlarının dilində...
Ardı var...
Hazırladı:
Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!