ŞEİRLƏR
Bilirsinizmi
Kimdi qəhrəman?
Döyüşdə verməz
Düşmənə aman.
Özünü atar
Odun içinə.
Qırar düşməni
Tək öz gücünə.
Tariximizdə
O şanli bir iz.
Adı Mübariz!
Özü Mübariz!
Qumru
Ağappaq qar içində
Atılıb-düşdü Qumru.
Qartopular düzəltdi
Balaca yumru-yumru.
Sonra qardaşı ilə
Qardan adam düzəltdi.
Buz kimi əllərini
Anasından gizlətdi.
Ulduzlar
Ulduzlar naxış-naxış
Səpələnib səmaya.
Nə günəşə bənzəyir
Onlar nə də ki, aya.
Ulduzlar parıldayır
İşıldaböcək kimi.
Ulduzlar gülümsəyir
Şeh düşən çiçək kimi.
Mötərizə
Mötərizə yazmağı
Öyrənib bizim Ayna.
Mötərizə içində
Qaldı armud və alma.
Anasının üzünü
Alıb kiçik ovcuna.
Mötərizəyə aldım,
Deyir, səni, ay ana!
Ay da gəlir dalımca
Mavi yorğan içində
Baş qoyubdur balınca.
Mən getdikcə görürəm
Ay da gəlir dalımca.
Düşünürdüm, Ay nədən
Arıq olur çöp kimi.
Bir də gördüm kökəlib
Dönüb olub top kimi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!