Rüstəm Behrudi - Şair tövbəyə sığmaz

ŞEİRLƏR

 

Şair tövbəyə sığmaz

                                                

Sözə yüklədim dərdimi,

            Söz Tanrı çatmış bir ocaq.

Sözdü dünyanın əvvəli,

            Sonuna da söz qalacaq.

 

Şair tövbəyə sığmaz,

            Bu da axır günahım.

Tanrım, səndən qaçmışam,

            Ən ağır cəzanı ver.

 

Qoy bu gündən açılsın

                        Tənhalığa sabahım.

Ah yalnızlıq, yalnızlıq,

                        Ruhumun sığdığı yer.

 

Biz özümüzdən qaçdıq,

                        Dözmədik bu əzaba.

Mən Tanrıya yaxınam,

                  Sən mənim ruhuma, sən…

 

Mən ömrümü, günümü

                        Düzdüm qırılmış sapa,

Mən sənə enə-enə

                        Ucaldım, bunu bilsən…

 

"Mən"dən qaçıb sığındım

                        «Mən» adlı bir qələmə;

Yalnızlığı ovudub

                        Hönkürmürsə o, dil-dil,

 

Demək, Tanrı qarğıyıb,

                        Mənə dua eləmə!

Mən boşluqdan qorxuram,

                        Tənhalıq boşluq deyil.

 

Qulaqların çınlasa

                        Göz yaşımın səsinə,

İçindən uçacaqsan:

                        - Bu ruhdumu, səsdimi?

Mən bilirəm, nə vaxtsa

            Deyəcək Tanrı sənə,

Deyəcək:

            - Göz yaşları yalnızlığın rəsmidi.

 

Sən andından keçmisən,

                        Demək günahlarım var.

Demək duya bilmədim

                        Tanrıdan gələn səsi.

Ayrılığa açılsın,

                        Qoy, döydüyüm qapılar,

Yalnızlıq da, qoy olsun

                        Əbədi ev yiyəsi.

 

Bazar yeri başlanır

                        Tənhalıqdan o yana.

Mən alçaltdım özümü

                        Bu bazar yerində, bil.

İstəyirəm biləsən,

                        Ruhun bir gün oyana;

Tənhalıq zor bir işdi,

                        Hər halda bazar deyil.

 

Şair tövbəyə sığmaz,

                        Bu da axır günahım…

Tanrım, səndən qaçmışam,

                        Ən ağır cəzanı ver.

Qoy, bu gündən açılsın

                        Tənhalığa sabahım.

Ah! Yalnızlıq, tənhalıq!

 

                        Ruhumun sığdığı yer!

 

Mənzilim uzaqdı mənim

 

Sevda dəlisiyəm, adım -

Qurddu, yalquzaqdı mənim.

Kim mənimlə yol gedəcək?!

Mənzilim uzaqdı mənim.

 

Bezib məndən bu ruh, bu can,

Heç bilmədim getdi haçan.

Yol var səndən Tanrıyacan

Mənzilim uzaqdı mənim.

 

Getməsən, üzr diləmə,

Gözündən yaşlar ələmə.

Məni yolumdan eləmə,

Mənzilim uzaqdı mənim.

 

Üzün dönməz, sən “sənsənsə”,

Göydən yerə fələk yensə.

Dur ayağa, gedirsənsə,

Mənzilim uzaqdı mənim.

 

Sevda dəlisiyəm, adım -

Qurddu, yalquzaqdı mənim.

Kim mənimlə yol gedəcək?!

Mənzilim uzaqdı mənim.

 

Dağlar duman olmadan

 

Dön, hardasan, dön qayıt,

Ümid - güman olmadan.

Al məni də, dur, gedək,

Dağlar duman olmadan.

 

Al məni də, dur gedək,

Bir kimsə bilməyəcək.

Dur, məni bitirəcək,

Bu bədən, can olmadan.

 

Xirqəsiz bir dərvişəm,

Külümə bürünmüşəm.

Halıma bax, ölmüşəm,

Təkkəm viran olmadan.

 

Beşin yarısı - gecə...

Sənsiz  gecə - bilməcə.

Qayıt, xəlvət, gizlicə,

Ömür, bir an olmadan.

 

Bəzənib, dua ilə,

Allah belə, din belə.

Niyə gecikdin belə,

Gəl, ölmüşəm ölmədən.

 

Dön, hardasan, dön qayıt,

Ümid - güman olmadan.

Al məni də, dur, gedək,

Dağlar duman olmadan.

 

Məzarlıqda bitən yovşan

                                              

Çox qəribədi... Gördüyüm bütün kənd

məzarlıqlarında yovşan bitir.

Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir.

 

Ətrin öldürdü məni,

Bağrım oldu yenə şan-şan.

Gördüm ki, boş bir məzara

Yenə məndən danışırsan,

Məzarlıqda bitən yovşan.

 

Əlim qoynumda gəlmişəm,

Əfv et, hönkürüb ağlasam;

Öz qəbrim üstə qoyacam,

Sənnən bir dəstə bağlasam,

Məzarlıqda bitən yovşan.

 

Sən arxasız, mən kimsəsiz,

Sənnən axır göz yaşlarım;

Burda daşlar daş deyil ki,

Bacılarım, qardaşlarım,

Məzarlıqda bitən yovşan.

 

Bu son bahar da ölmədim,

Ölmədim, yaz, yaz günaha.

Mən öz tabutundan tutub,

Dönən bir ölüyəm daha

Məzarlıqda bitən yovşan.

Məni dərd deyil, adamlar,

Adamlar öldürdü; sən, sən...

Baş daşıma qoyulacaq

Çiçəklərdən də gözəlsən,

Məzarlıqda bitən yovşan.

 

Vədə tamamdı, dönəcəm,

Gəlim qarışım tüstünə.

Gələcəm dua oxuyaq,

Ölən bir şairin üstünə,

Məzarlıqda bitən yovşan.

 

Ətrin öldürdü məni,

Bağrım oldu yenə şan-şan.

Gördüm ki, boş bir məzara,

Yenə məndən danışırsan,

Məzarlıqda bitən yovşan.

 

07.02.2012

 

İçimdəki bir külək

 

Yoxam, mən burda yoxam,-

Özüm deyiləm yəni.

İçimdəki bir külək,

Alıb aparıb məni.

 

Mən hardayam, görəsən

Səsim özümə çatmır.

Dualarım Tanrıya,

Gücüm sözümə çatmır.

 

Göz dağıdı pəncərəm,

Qapı deyil qapım da.

Kimim var ki, itirim,

Nəyim var ki, tapım da.

 

Çox yorğunam, İlahi,

Məndən bezib bu can da.

Dadı qaçıb şirindi,

Çəkdiyim acının da.

 

Daha məni ovutmur

Din, iman və sairə.

Kim qapısın açar ki,

Bir allahsız şairə.

 

Yoxam, mən burda yoxam,-

Özüm deyiləm yəni.

İçimdəki bir külək

Alıb aparıb məni.

 

Yanvardakı yağışlar və

şeytan arabası

 

Saat dördə az qalır,

Gecə… Bakı… Yağışlar.

Yağış deyil, qarğışdı

Yanvardakı yağışlar.

 

Bitdim, yoruldum, Tanrım,

Sənnən şeytan arası.

Önümdə durub artıq

Şeytanın arabası.

 

Getməliyəm onunla,

Qala bilmərəm daha.

Ya ona yenməliyəm,

Ya da gücsüz Allaha.

 

Tənhalığa hönkürən

Yağış deyil, bağışla.

İblisin göz yaşıdı

Yanvardakı yağışlar.

 

Bu yağışlar, İlahi,

Yağmaz yerin üstünə.

Yağar onu yandıran

Atəşlərin üstünə.

 

Yağışların fərqi yox

Gözümdəki bu yaşla.

İblisin duasıdı

Deyir: - Tanrım, bağışla.

 

Dur, bax, pəncərədən,

Dəniz yanır, yanır, bax.

Mən şeytanla gedirəm

Dəniz sənə qalacaq.

 

Saat dördə az qalır,

Gecə… Bakı… Yağışlar,

Yağış deyil qarğışdı

Yanvardakı yağışlar.

 

Bu qapı

 

Tanrım, bu payız gecəsi,

Küləklər oyur qapımı.

Gözlədiyim adam deyil,

Ölümdü döyür qapımı.

 

Bu payız sözdən də yuxa

Dözməz ki, dönər çarmıxa.

Kimdi, gözüm baxa-baxa

Ağac tək soyur qapımı.

 

Sizi də döyən tapılar,

Qapımdan özgə qapılar.

Toz basmış bir pəncərə var,

Səhərdən döyür qapımı.

 

Bayırdan səs gəlir, aç, aç,

Adama oxşayan ağac.

Açacam, olan, olacaq,

Basdı ot-çayır qapımı.

 

Tanrım, dışarı, içəri,

Açılan, dönən, köçəri.

Dəstəyi məndən içəri

Qapıdan ayır qapımı.

 

Yazıq mənim tək bir devə,

Öldürdülər sevə-sevə.

Kimdi, günahkar bir evə

Çıxarıb qoyur qapımı.

 

Bitməz bu düzən, bu yapı,

Bitməz, bəs Tanrım nə yapır?

Min ildi acdı bu qapı,

Aç, Tanrım doyur qapımı.

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!