Oqtay Rza - Enmədən həmişə dalğalanacaq! Üçrəngli bayrağı Cümhuriyyətin!

Doğmadır canımız, gözümüz kimi, Adı da müqəddəs sözümüz kimi; Özümüz kimidir - özümüz kimi Hər qarış torpağı Cümhuriyyətin!

 

 

Şərqi də, Qərbi də təzə xəbər tək

Dolaşıb sorağı Cümhuriyyətin;

Bakıda, Gəncədə şölələnərək,

Nur saçıb çırağı Cümhuriyyətin!

 

Amalı, əməli düz dəst-xətt idi,

Dostlar sevinəndə düşmən pərt idi;

Birlik, bərabərlik, ədalət idi

Mötəbər dayağı Cümhuriyyətin!

 

Verir xainlərə ibrət dərsini,

Yayır Azərbaycan haqqın səsini;

Heyrətə gətirir Yer kürəsini

Bugünkü növrağı Cümhuriyyətin!

 

Doğmadır canımız, gözümüz kimi,

Adı da müqəddəs sözümüz kimi;

Özümüz kimidir - özümüz kimi

Hər qarış torpağı Cümhuriyyətin!

 

Azadlıq məşəli yanıb-yanacaq,

Millət keçmişini anıb-anacaq;

Enmədən həmişə dalğalanacaq

Üçrəngli bayrağı Cümhuriyyətin!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!