İbrahim Yusifoğlu - Uşaq şeirləri

 

Dilinə pay çıxan qız

 

Dişləriylə dilini

Urfanə bərk sıxıbdır.

Deyir: - Bir bax, ay nənə,

Dilimə pay çıxıbdır.

 

Nənə deyir: - Urfanə,

Nə sızılda, nə ağla.

Səbəbini söyləyim,

Yadında yaxşı saxla.

 

İlkanənin, İlkinin

Noğul payın yeyirsən.

Qoz, fındığı sındırıb,

Siz yeməyin, deyirsən.

 

Hələ körpə Nanənin

İçirsən süd payını.

Qoymayırsan Sahilə

İçə şirin çayını.

 

Küsdürmüsən Günayı,

Qutabını almadı.

Qırmızı almalardan

Turala pay qalmadı.

 

Ancaq özün yeyirsən,

Hər nə keçir əlinə.

Özgə payı yeyənin,

Bax, pay çıxar dilinə.

 

 

Babam

nə zaman yatır

 

Yay tətilində

Gəlmişəm kəndə.

Babam bil, heyrət

Doğurur məndə.

Lap səhər tezdən,

Ot xotmanlayır.

Yeri belləyir,

Lək-lək tumlayır.

Su vurub arxa,

Suvarır bağı.

Alaq eyləyir,

Günorta çağı.

Hey göz gəzdirir,

Evə, eyvana.

Qulluq göstərir,

Mala, heyvana.

Qalxır çardağa,

Günəş batanda.

O, qəlyan çəkir,

Hamı yatanda.

Bunlara gücü

De, necə çatır?

Görəsən, babam,

Nə zaman yatır?

Yovşan ətridi

 

Kəndimizdə var

"Dovşan dərəsi",

Burda qurulub

Ovçu bərəsi.

 

Dərənin hər vaxt

Dovşanı çoxdu.

Həm də ətirli

Yovşanı çoxdu.

 

Aymir bərədən

Süzdü dovşanı.

Tanıyammadı,

Kollu yovşanı.

 

Bir qəşəng qoxu,

Doldu burnuna.

Baxıb babaya

Söylədi ona:

 

- Bu qoxu, baba,

Dovşan ətridi?

Baba dedi: - Yox,

Yovşan ətridi.

 

Əriştə

 

- O hansı yeməkdir ki,

Un ələkdən ələnir.

Sonrasa xəmir olur,

Balaca kündələnir.

 

Bu balaca kündələr,

Oxlovla ovxalanır.

Doğram-doğram doğranıb,

Sonra ipdən sallanır.

 

...Hələ onu bişirmək

Tələb edir səriştə.

Aymir deyir: - Ay nənə,

Əriştədir, əriştə.

 

Küftə

 

- Uşaqlar, bişirdiyim,

Yumru-yumru kündədi.

Kim adını tez desə

Biri ona müftədi.

Səttar dedi: - Ay nənə,

Mən deyim adı nədi?

İyindən bilirəm ki,

Bişirdiyin küftədi.

 

 

Nənəmin sandığı var

 

Zəhra nənənin

Bir sandığı var.

İçində hər vaxt

Qoz-badam olar.

Əgər kim sözün

Düzünü desə,

İşində ona

Kömək eyləsə,

Vaxtında yatsa,

Vaxtında dursa,

Kim öz gününü

Maraqlı qursa,

Bağçadan nağıl

Şeir gətirsə,

Məktəbdən çoxlu

"Beş"lər gətirsə,

Zəhra nənə tez

Sandığı açar,

Nəvələrinə

Qoz, badam paylar.

"Şeytan bala"

 

Babamın dəcəl

Quzusu vardı.

Rəngi elə bil

Ağappaq qardı.

 

Yaman dəcəldi,

Yaman bəladı.

Hələ adı da

"Şeytan bala"dı.

 

Səslədim mən də,

Gəlmədi quzu.

Göstərdim ona

Bir ovuc duzu.

 

Yanıma qaçdı,

Xoş görkəm aldı.

Əlimdən öpdü,

Duzu yaladı.

 

 

Düş gəl yerə, güləşək

 

Araz deyir: - Ay Günəş,

İşığın aşıb-daşır.

Sənə baxa bilmirəm,

Gözlərim bərk qamaşır.

 

Qaçıb çıxmısan göyə,

Cığallığından əl cək.

Əgər məndən qorxmursan,

Düş gəl yerə, güləşək!

 

Ayna

 

Bu şirindil, gül bala,

Mehriban qız Aynadı.

Əlləriylə tutduğu

Balaca bir aynadı.

   

Ayna aynaya baxcaq,

Qanı yaman qaynadı.

Aynadakı qız ilə

Deyib-gülüb, oynadı!

 

 

Günəbaxan

 

Günəbaxan, günəbaxan,

Ay özünü günə yaxan.

Quşlar səni dənləyəcək,

Açıq qalıb axı yaxan.     

 

Aytənəm

 

- Boynubükük bitən gül,

Nə olubdu, qəmlisən?

Ağlamısan elə bil,

Ləçəkləri nəmlisən.

 

Səndən şeir bilirəm,

Mənə öyrədib nənəm.

Tanımadın sən məni? -

Səni sevən Aytənəm!

 

 

Çaydan

 

Qazın üstündə çaydan,

Özünü bərk saxladı.

Alovlar qəzəblənib,

Onu yaman dağladı.

Yazıq çaydan dözməyib,

Hönkür-hönkür ağladı!

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!