Yenə kəsdi sazaq yolu, Rüzgar yolu - duzaq yolu... Dünyanın ən uzaq yolu... Ürəklə dil arasında...
Ən uzaq...
Dərə köksüm - çökək yurdum,
Zirvə başım - sərkar ordum.
Dəyər sordum, durub durdum
Gövhərlə ləl arasında.
Sözümüz söz ola bilsə,
Düzümüz düz ola bilsə,
Sevgidir, iz ola bilsə
Tikanla gül arasında.
Demə həsrət canı üzdü,
Candır ki üzülüb dözdü...
Qəlb üstüörtülü közdü
Alovla kül arasında.
Yenə kəsdi sazaq yolu,
Rüzgar yolu - duzaq yolu...
Dünyanın ən uzaq yolu...
Ürəklə dil arasında...
Gəlmişəm, tut ağacı...
Tut ağacına yazılmış bir şeirin müəllifi, söz, fikir aydını, istedadlı şairə xanım
Sona Vəliyevaya
Sanmayın qəm var ağımda,
Nə də qəmdən qurtulmuşam;
Doğulduğum torpağımda
Tut önündə tutulmuşam...
Gəl görüşək, tut ağacı,
İlkin yuvam, odam sənsən.
Tənha baxma acı-acı,
Burda ağac-adam sənsən.
Kövrəlmişəm hüzurunda,
Baş əydiyim məbədimsən.
Məhəbbətə qalsa, onda
Beşik sevgim, əbədimsən.
Göy sinən üstdən yol eylə,
Dur duyğuların qəsdinə;
Budaqlarını qol eylə,
Xatirəmi qoy üstünə.
Yuxudurmu gördüklərim?!
Göz açıram dözümünə.
Mənə nişan verdiklərin,
Tutum, söylə, yozumu nə?!
Gec gəlsəm də, qoy bar tutum,
Tənəndən küsən deyiləm.
Sözümü kəsmə, xartutum,
Mən ağackəsən deyiləm!..
Ötənlər - səni dindirən,
Gövdə köksün dağım-dağım.
Həsrət qaldırıb-endirən
Yarpaqların - göz qapağım.
Götürüb ata bilmirəm -
Yaman ağır olub daşım.
Naləndən yata bilmirəm,
Yuxum yox, sənə danışım...
Tutma məni sirdaşıntək,
Lap dolmuşam, tutulmuşam.
Göz üstündəki qaşıntək
Vüsalıma çatılmışam...
Hər şaxını çırpdım qəmə,
Dedim məlalın qıt olsun.
Ağac əkdim ümidimə,
Sözüm çırpılıb tut olsun.
Aylı gecən - nur töhfəsi,
Ötənlərim pıçıltında.
Bəyaz bərəkət süfrəsi
Qoy açım göyün altında.
Bəzən yurd oğlu, qızı da
Min dilək cəmində olur.
Bir elin dadı, duzu da
Tutunun təmində olur...
Bar kölgəndə bitməz oldu,
Uşaqlığın son nağılı.
Kölgən ötdü, ötməz oldu
Şeirimizin Sonalığı!..
Neçə vaxtdır ürəyimə
Necə tut dammış, İlahi!
Bütün qəlb ağaclarının
Kökü tutdanmış, İlahi!..
Müqəddəsmiş tut ağacı;
Sevinc, ahu-zar da tutdan.
Ruh göynəyinin əlacı
O saz, kaman, tar da tutdan...
Süfrə tək könül aç görüm;
Üstdə yaddaş neməti bol...
Pıçıltını əlac görüm;
Danış, səslən, loğmanım ol.
Aynasan min can dağıma...
Saf təbinlə güzgüləşim.
Doğmalıq səp qundağıma,
Bir an qoyma özgələşim.
Şəstin öyüd bükümüdür,
Məktəbimdir yaşıl çevrən...
İlkinliyin son hökmüdür
Sonumu ilkə çevirən...
Kim sənə unutqan deyib?!
Tut, söylə kiməm, hardayam?!
Cövhərindən atlas geyib
Qurumuş ipəkqurduyam...
Sinən nədən dağım-dağım?
Dərbəndimi borc almısan?
Sən - Təbrizim, Qarabağım
Zəngəzurum, Borçalımsan...
Meh titrədir tellərini
Elə bir şeirim oxursan.
Yəqin Davud əkmiş səni;
Acımı şirin oxursan!..
Haqq səsinə dinə torpaq;
Yerin - münbit sirr qövsimi?!
Qələm beldir, sinə torpaq,
Vaxt da şeirin tut mövsümü...
Gəl, huşuna gəlmədiyim
Xəyalına əl tut görüm.
Tut, unuda bilmədiyim
Sən o məni unut görüm!..
Təbrizim
Təbrizim -
Təb rizim!..
Neçin?!
Həsrət gərəklidir
aşiqlər üçün,
Ancaq ayrılığa yovuşmaq
olmur...
Bitir qovuşanda həsrət,
bəs neçin
Həsrət də bitəndə qovuşmaq olmur?!
Sirr - maraq
Maraqdır həvəslə yaşadan bizi,
Yazısız-maraqsız varaqlar itər.
Açıb-ağartmayaq hər sirrimizi,
Sirlər tapıldıqca maraqlar itər.
Sonrakı səcdə
Məni sənə aparan Mənə
baş əyə-əyə
öz-özümə
bu hiss nədir? - deyə-deyə
gözlərindəki kədərin
ziyarətinə gəlmişəm.
O kədər ki
kölgəsində doğulub,
İşığında "ölmüşəm"...
O nur insafsızca
bir öldürmək şövqüdür;
Öldürür, öldürsün,
"Öləndən" sonrakı səcdə
Sevgidir...
Sükutun şeiri...
Yerdən, göydən qopan
sükut yağmuru -
Bu da bir cür
nəm səs laddı;
O sükutun
göy yağışı Yeri,
Göz yağışı
Şeiri
islatdı...
Buludlar yazdı...
Ərşə qalxan
yanıqlı duaların
zikri donmasın deyə,
buludlar cərgə-cərgə
Şimşək qələmilə
atəşlər yazdı göy
vərəqə...
Məni axtarmayın...
Məni axtarmayın, məndə deyiləm,
Bir dağam, günəşim, çən-çisginim var.
Hər kəsə yaxınam, gendə deyiləm;
Sizin hərənizdə bir məskənim var.
Uca gözünüzlə qalxıram Mənə,
Mənlik zirvənizlə öyünürəm mən.
Sizin gözünüzdən baxıram mənə,
Sizin qəlbinizlə döyünürəm mən.
Dərdmiş bünövrəsi şən yolumuzun,
Bu yol kəsr xətti - tənlik adında...
Uzun yolu olan Mən yolumuzun
Kəsə yolu varmış Mənlik adında...
Əyri dağ-dərədə düz addım atsaq,
Sən demə düz-dünya düzləşə bilər.
Bizdəki Mənlərin əlindən tutsaq,
Mənliyi olanlar "Biz"ləşə bilər.
Məni axtarmayın, məndə deyiləm,
Haqq söz oyununda zər-divanam mən.
Mənə addım atın, gendə deyiləm,
Məndən bizə qalxan nərdivanam mən.
Dəyir
Ruhundan qaçan adama
Öz içindən selbə dəyir.
Qədəm bas, yolu budama;
Ölçüyə, qəlibə dəyir.
Yaxamı çəkdim yaxına;
Qorxuram yaxın toxuna...
Gözəllik çoxdur çoxuna-
Cilvəyə, həm cəlbə dəyir.
Dustaqsa ilham pərisi
Səbrə güvən, qəm ərisin.
Harayına top mərmisi,
Sükutuna qəlpə dəyir.
Boylanıb göy boyağına,
Ulduz gözün oyağına,
Tanrı sözün ayağına
Başı uca, qəlbi dəyir...
Ürəkdir, daş deyil axı,
Yalan haqmı, doğru-yaxı?!
Soyuq təbin qələm oxu
Kağıza yox, qəlbə dəyir...
Özüm sənə...
Yerin qəlbimdəykən,
Yerimi səndə tapdığımdan
Səni Yerdə tapa bilmirəm.
Sənin həsrət buludundan
yağan əbədi göz yaşlarımı
bu ayrılıq atəşilə
bir anlıq da olsun
qurutmuram, silmirəm.
Gör nə mərtəbədə,
Nə şərəfdəsən;
Hara getsən də,
Üzüm sənədir-
Qibləm tərəfdəsən.
Təkcə gəlməmişəm
Təkcə gəlməmişəm sənin yanına,
Gəlmişəm tək məni gətirənimlə.
Təkcə gəlməmişəm, qoşa gəlmişəm
Qolumdan yapışıb ötürənimlə.
Təkcə gəlməmişəm sənin yanına,
Gəlmişəm ruhumu gətirənimlə.
Ümidlə, inamla qoşa gəlmişəm,
Gəlmişəm arzuma yetirənimlə.
O mənim məndəki sədaqətimdir;
Qoymur ki, üzümü o yana tutam.
Məni tək qoymayan ülviyyətimdir,
Qoymur ki, bir hovur səni unudam.
Təkcə gəlməmişəm bağ arasından,
Nisgil məqamına, həsrət anına.
Çıxıb lal bir sükut mağarasından
Tək yox, tənha gəldim sənin yanına.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!