ŞEİRLƏR
Bir belə günahdan sonra
Sinəmə elə qısılıb yatırsan ki,
Sanki min ildi məni gözləyirmişsən...
Nəfəsin dəydikcə sol tərəfimə
Buz bağlamış dərdlərim əriyir yavaş-yavaş
Havalanmış ürəyimdə...
Eh, elə sarılmısan ki, sanki durub qaçacam...
Bəlkə sən də gözü dağlısan qaçanlardan...
Nə bilim...
Sinəmi dalayan saçlarını
Qıymıram qulağının dibinə atmağa...
Yat, quzum, rahat yat,
Yanındayam...
Elə məsum yatırsan ki,
Sevməmək olmur səni...
***
Dünyanın boz üzündəyəm,
Hardan tapacaqsan məni?..
Hardan ki küsübdü Allah
Ordan tapacaqsan məni...
Tənhalıq əzizdi mənə,
Anamdan belə əzizdi...
Bir həsrətə qoşulmuşam
Sonamdan belə əzizdi...
Özüməm özümə yanan,
Unutmuşam onu, bunu...
Özüm ovula-ovula
Ovutmuşam onu, bunu...
Bəlkə dirilib qayıdam,
Sən bircə yol boğsan məni...
Ana, əgər yarıtmasam
Bir də doğacaqsan məni?
***
Keçmişəm özümdən, itib gəlmişəm,
Halal mənzilimdən ötüb gəlmişəm,
Deyəsən yuxumu qatıb gəlmişəm,
Nə azarım vardı bu qürbət eldə?
Gecə də vətəndi, gündüz də vətən,
Elə hey vətəndi dilimdə bitən.
Qohum yox, qardaş yox bir əlim yetən,
Dünya mənə dardı bu qürbət eldə...
Yığıram gözümə cığırı-yolu,
Nə ölü yoludu, nə diri yolu,
Bir yanı bürküdü, bir yanı dolu,
Allah da namərddi bu qürbət eldə...
Gözümü göylərə döyüb gəlmişəm,
Özüm bildiyimi sayıb gəlmişəm,
Babamın qəbrinə dəyib gəlmişəm,
Ruhu mənə yardı bu qürbət eldə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!