ŞEİRLƏR
Gözlərimin son sözü
Sizin küçənizə yağan yağışlar
Mənim gözlərimin qohumlarıdı;
O yağışların gəldiyi yol
sənin tənha günlərinin
quraqlığına sarıdı...
Gözlərimin son sözüdür
qapınıza çırpılan külək -
illər ötəcək,
onu nə sənin ürəyin duyacaq,
nə də qulaqların eşidəcək...
Qapınıza söykənən adam
Sənin taleyinin qəm karvanının
Kimsəsiz sarvanıdı...
Bir azdan ilk xoruz banıdı...
Bir azdan...
uzaqlarda karvan zınqırovu,
sarvan zümzüməsi...
Bir zaman məni də
sevərdi bir qız
Bir zaman məni də sevərdi bir qız...
Lovğa yerişimdən, qəmli səsimdən
xoşu gələrdi,
Hikkəmdən-hirsimdən xoşu gələrdi,
Düzümdən-tərsimdən xoşu gələrdi,
Biz zaman məni də sevərdi bir qız...
Yoluma çıxanda üzü gülərdi,
gözü gülərdi.
Salamı gülərdi, sözü gülərdi,
gözündə sevincin yaşı gülərdi...
Gedərdim dalınca küçələrinə
Getdiyim küçənin tozu sevinər,
Ayağıma dəyən daşı gülərdi.
Bir zaman məni də sevərdi bir qız -
Beşi bilməsə də, beşi bilərdi...
Bir zaman, eh, məni sevsə də bir qız-
Nə bir əl uzadıb əlindən tutdum,
Nə bir dilə tutub dilindən tutdum...
Nə küləyə dönüb saçından öpdüm,
Nə göz -gözə durub belindən tutdum...
Sevərdi, məni də sevərdi bir qız...
Sevərdi, məni də sevərdi bir qız...
İndi saç-saqqalın bu çal vaxtında
Sağımdan-solumdan ötən gözəllər
Görən bilirlərmi? -
Bir zaman məni də sevərdi bir qız,
Lovğa yerişimdən, qəmli səsimdən
xoşu gələrdi...
Beşi bilməsə də, beşi bilərdi...
Ağrı
Payız ağrıları, qış arğıları,
Ürək arğıları, baş arğıları,
Gündüz topladığım iş ağrıları
Hər gecə gecəmi əlimdən alır.
Gündüzlər küçədə, işdə, iclasda,
Toyda, qonaqlıqda, nişanda, yasda
Ağrılar yığılır dəstəbədəstə
Ağrılar yığılır gecəmə doğru...
Gecələr gecəmi əlimdən alır
gündüz bir yaltağın, bir riyakarın
çirkinə, əyriyə gözəl deməyi,
ya bir kəmfürsətin mavi ekrandan
"şer" söyləməyi, "qəzəl" deməyi...
Ya da bir ruhsuzun yaşıl yarpağa
xəzəl deməyi
ağrıya dönüb
gecələr gecəmi əlimdən alır...
(...Yaşımın üstünə yenə yaş gəlir,
Yenə payız gedir, yenə qış gəlir,
Hayana dönsəm də yenə tuş gəlir
Payız ağrıları, qış ağrıları
Ömür ağrıları, yaş ağrıları...)
...Bir də görürəm ki, gecəm qurtardı -
Bir də görürəm ki, səhər açıldı -
Bir də görürəm ki, səhərə çıxdım...
Bir də görürəm ki, ayaq üstəyəm,
Bir də görürəm ki, şəhərə çıxdım -
Gedirəm yenə də gecəmdən ötrü
Ağrı toplamağa, ağrı yığmağa...
Dəniz həmən dəniz...
Dalğalar qoynunda "yuva"mız vardı
Ləpələr üstündə "dava"mız vardı...
Eh, onda bir özgə havamız vardı...
Qumlu sahillərə nə deyim sənsiz!..
Elə bil dünəndi, elə bil dünən
Dalğada köksümə sığınardın sən...
Eh, elə gülərdin, uğunardın sən...
Ağarmış tellərə nə deyim sənsiz!..
Sən yoxsan, dəniz də solub-saralıb
Ləpələr, dalğalar sanki qocalıb...
Dənizin üstündə gülüşün qalıb -
Qağayı dillərə nə deyim sənsiz!...
Dəniz həmən dəniz, dalğalar həmən
Yayın son günləri... seyrəlib çimən...
Daha nə mən varam, eh nə də ki sən...
Aylara, illərə nə deyim sənsiz!..
Şəmmədoğlu Şahismayıla məktub
Salam de qoca Tiflisə,
Çatmaya, Qarayazıya,
Yağlıcaya salam söylə!
Orda keçən hər fəsilə,
Günə, aya salam söylə!
Tiflisi öp, Şəmmədoğlu,
Tiflisin küçəsi gözəl -
Küçəsində izim qalıb.
Gündüzündə arzularım,
Gecəsində sözüm qalıb.
Qara gözlü gözəllərin
Neçəsində gözüm qalıb...
Nə vaxtdı gələ bilmirəm,
izimi yığ göndər mənə,
sözümü yığ göndər mənə,
gözümü yığ göndər mənə,
Şəmmədoğlu,
Elə möhtacam onlara...
Guya işim başdan aşır
Nə vaxtdı gələ bilmirəm...
Tay-tuşlarım şair oldu,
Mən kiməm-hələ bilmirəm...
inan, hərdən, Şəmmədoğlu,
Gedən günün yaxasından
gürcücə tutmağım gəlir.
Gürcücə sərxoş olmağım,
gürcücə yatmağım gəlir.
Gürcücə yatan Tiflisi
"Durum dolanım başına" -
deyib oyatmağım gəlir ...
Guya Tiflis uzaqdadır,
Guya dünyanın o başı ...
Mən hələ gələ bilmirəm,
Xeyirdə-şərdə sən canın,
Sən ovut qohum-qardaşı ...
Bu il gələ bilməsəm də
Gələn il ordayam, qardaş!..
Belə cavan(!) ölməsəm də
Ölən il ordayam, qardaş...
Astana işıqları
Torpağı torpaq kimi duymamış,
ata ocağının hənirindən doymamış,
beş-altı hərflik adımızdan savayı,
nəyimiz vardısa,
götürüb çıxdıq evlərdən...
Taleyimizin düyünçəsində
ata -ana intizarından səfər payı,
çıxdıq yurdlardan...
içimizdə ac pələng arzusu,
alnımızda qürbət yazısı,
üz tutduq böyük şəhərlərə sarı.
Gözlərimizi çəkib apardı
böyük şəhərlərin astana işıqları...
...Və bir gün anladıq ki,
isidə bilməz ürəyimizi,
qızdıra bilmir çörəyimizi
böyük şəhərlərin astana işıqları.
Köhnə araba çarxı kimi
içərimiz cırıldaya-cırıldaya,
xəyallarımızı yalvarmağa göndərdik
torpağa, ota, suya...
Anladıq ki, torpağın
öncə ayağımız dəyən yeri -
gözlərimizin son intizarı...
Gənc şair
Başında əsən külək,
Köksündə əsən ürək
az qalırdı yıxsın onu.
Birtəhər özünü dartıb aparırdı
gül mağazasına sarı.
intizar-intizar baxırdı
şəhərin evlərinə,
ağaclarına, işıqlarına,
qocalarına,
cavanlarına, uşaqlarına...
Elə bilirdi ki, bu axşam çağı
hamı gül axtarır, hamı gül gəzir.
El bilirdi ki,
bu şəhərin də içində
soyuq bir əl gəzir...
Sağa-sola itələyib
fikrindəki biganə adamları,
başını uzatdı gül dükanının
açıq pəncərəsinə sarı...
Pul verdi-puldan utandı,
gül aldı-güldən utandı.
Qanrıldı yoluna sarı,
getdiyi yoldan utandı...
...Əlində bir dəstə çiçək,
Fikrində bayaqki şer gecəsi,
gecədəki oxucu-dinləyici biganəliyi...
fikrində taleyinin ittihamı...
Birtəhər özünü dartıb aparırdı
evinə sarı...
Yolunun sonunda bir bulud saçlının
nigaran baxışları,
bir də bu dünyanın yalan-palan işləri...
Sevgi ucalığı
Qınayan çox,
Sınayan çox
Səni də, məni də...
Ömrün sonuna doğru
Bir uca sevdanın qəsdi ilə gedirik
Qınaqların, qarğışların
üstü ilə gedirik,
Bütün pisliklər aşağılard...
Küləklərin, yağışların
Üstü ilə gedirik -
bütün pisliklər
bizdən çox-çox aşağılarda...
... Çox-çox ucalıqlardayıq
Ucalıqlar hərdən gözlərini nəmlədir
Sükutu çək gözlərinin üstünə...
Gözlərimin ahı paltarını tərpədir
Buludu çək dizlərinin üstünə -
Məni dəli eləmə
Bu ucalıqda,
Bu sevginin yeddinci qatında...
Bizdən gileylənənlər,
Bizi qınayanlar,
Bizi ayrılıqla
Hədələyib sınayanlar
Bizdən çox -çox aşağılarda...
Gəl onlara bir ağız
Xoş söz ataq
Daraşsınlar o xoş sözə -
Sərçələr
Bir ovuc dənə daraşan kimi
Bəlkə bundan sonra
dəyişsinlər
qarışsınlar o xoş sözə...
Bəlkə bundan sonra
pisliklərdən çıxa bilsinlər...
Bəlkə bundan sonra
bu sevginin arxasınca
dualı ağızla baxa bilsinlər...
bu sevgi, bu ucalıq elə gözəl ...
Gedək bu ömrü
əl-ələ, göz-gözə,
söz-sözə...
Dinəndə bir dinək,
dönəndə bir dönək...
Enəndə bir enək
bu ucalıqlardan -
Amma torpaqdan başqa
nə endirər bizi?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!