ŞEİRLƏR
Bakı - yer üzündə ən gözəl ünvan...
Qaranlıq getdikcə açılır sahil,
Günəşsə hələlik yanan buludda.
Səhər dumanında Bakı elə bil
körpə beşiyidir miçətkən altda.
Çayçı niyyətimi tutur havadan:
idmandan gəlirəm, ciyərim yanır.
Çiçək ətri gəlir məxməri çaydan -
elə bil ocaqda şəbnəm qaynayır.
Danışa-danışa özüm-özümlə
getmişəm, qumlarda izlərim qalıb.
"Gilavar" xəzəli qovub izimlə,
"xəzri" təkəbbürlə geri qaytarıb.
Gül kolu fikrimi pozur nazıyla,
şehli ləçəklərə şəklim çəkilir.
Bir gözəl körpəli arabasıyla
sevincin dənizlə bölməyə gəlir.
Yay olsun, qış olsun, bahar, son bahar -
şeir, bayatıdır, qəzəldir Bakı.
Düşər sümüyünə bütün havalar,
çiskinli vaxtda da gözəldir Bakı!
Torpağın içindən nəmi çəkilmir,
öləndə su olub qoynuna hopam.
Hələ də gəzirəm, əmələ gəlmir,
istədim Bakının bənzərin tapam.
Bakı-yer üzündə ən gözəl ünvan,
vuruldum bir gəncin gözəl səsinə.
"Bakılı balasıyam…" - oxuyan cavan,
mən də bakılıyam, qardaşam sənə…
Adam olmaq elmi...
Müdrik atalara min rəhmət!
Hələ çox körpə idim -
istəyim "alim" olmaq,
tanınmış kişilərin
dəstəsinə qoşulmaq.
Düzünü deyim - atam
niyyətimi bəyəndi,
amma öpüb alnımdan:
"Əzəl adam ol" - dedi.
Aman Allah, mən niyə
dinc qoymuram dilimi?
Elmlərin tacıymış
bu "Adam olmaq elmi".
Axı, adam olana
dəyəri adam verir.
Dilənçi də tanıyır,
çayçı da salam verir.
Atam, doğrultmuşammı,
ülvi istəklərini?
Var ol ki, anlatmısan
bu "Adamlıq elmini".
Ustad Ələsgər kimi
çox elmdən halıyam.
Zaman, qınama məni -
adamlar adamıyam!
Keçib salam verəndə
küçə süpürgəçisi
siftə tərs-tərs baxardı,
indi - bağrına basır;
zir-zibillər çox görüb,
adamlar tanıyandı…
Olsun...
Simlər yaman kövrəlib,
mizrabda gözün olsun.
Sazı elə saxla ki,
çalmağa üzün olsun.
Ürcah etmə qınağa,
alışdırma danlağa,
haram vurma dodağa -
deməyə sözün olsun.
Ümman kimi çağladım,
el dərdinə ağladım,
canı elə saxladım
dərdlərə dözən olsun.
Saçımı bürüdü dən,
dondum, yoxdur əridən,
dostlar - nə can çürüdən,
nə ürək üzən olsun.
O "Səmum" adlı külək,
zamanında gələcək,
mənasız nəyə gərək -
ömür lap "Yüz il" olsun?
Gedir iki qardaş
qucaqlaşaraq...
Azərbaycanın və Türkiyənin möhtərəm Prezidentləri
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənablarına
Sabaha səsləyər qoşa ulduzlar,
göylərə ucaldar təmiz sevgini.
Ali görüşündə iki qardaşın
eyni din-imanın, eyni torpağın -
bərabər dayanar, yanaşı durar
Türkün bayrağıyla mənim bayrağım.
Birgə bar gətirən, bir açan çiçək,
iki nər sinədə bir vuran ürək,
birgə addımlayıb, birgə gedəcək
Türkün inamıyla, mənim inamım,
Türkün növrağıyla mənim növrağım.
Nəğməsi eynidir, Türküsü eyni,
dilində sözlərin bölgüsü eyni,
boy biçən Tanrının ülgüsü eyni;
"Yallısı" eynidir, "Cəngisi" eyni,
eynidir Türk ilə mənim sabahım!
Bizi eyni cürə sıxdı hər hicran,
eyni intizarlar, eyni həyəcan,
var ol, can Türkiyəm, can Azərbaycan!
eyni sadiq ürək, eyni coşan qan,
milli qürur ilə, Ulu Yaradan
Türkün dayağıyla mənim dayağım.
Biz yazan tarixin hamısı gerçək,
ağsaqqal, ağbirçək - hamısı göyçək,
sınmaz dəliqanlı, hey sınağa çək;
zəbt olmuş yurdlara birgə dəyəcək
Türkün ayağıyla mənim ayağım.
Gedir iki qardaş quşaqlaşaraq,
səpin qədəmlərə gül qucaq-qucaq,
var o iki qəlbdən od tutan ocaq!
qalın zülmətlərə işıq salacaq
Türkün çırağıyla mənim çırağım…
Etiraf edirəm
mən öz payıma...
Gəlmişəm dünyaya yüzüncü dəfə
böyük sevgilərin nəticəsiyəm.
Birinə övladam, birinə nəvə,
birinin koldibi, kötücəsiyəm.
Birindən gözümün qəmli baxışı,
birindən qəlbimin ağrısı qalıb.
Birindən saçımın tez düşən qışı,
birindən dilimin yanğısı qalıb.
Biri qaçaq olub, biri mühacir,
kimdəsə olubdur üz kələ-kötür.
Hansı babam olub tərsməssəb bu cür -
məzarda günahdan hansı qovrulur?
Birinin olubmuş qulluğu uca,
bəlkə də şah olub, ya vəzir-vəkil,
Birinə tamahı quyruq olunca
söyüşlər qazanıb nəsilbənəsil.
Birinin sərvəti yellə sovrulub,
kimmiş "Məcnun" olan bu cür sevirəm?
Hansı ulum salan yol əyri olub -
min ildir, hələ də səndələyirəm!
Bir gözəl nənəmnən qalıb yaraşıq,
əri-igid babam vurub-tutanmış.
Ay namərd əcdadım - olmur barışıq,
ay "haxçik" saxlayan vicdanı yanmış!
Hansı babamınsa - ruhu canımda,
əxlaqı əridir məni şam kimi,
Qıymıram pay düşsün övladlarıma
mənə qismət olan bu yaşam kimi…
Yadımda, huşumda xeyli ayama -
çoxunu saymadım, keçmişəm üzdən.
Hərdən, inciməyin, mən öz payıma
xəcalət çəkirəm səcərəmizdən…
Halal olsun eşqimizə...
Bəlalar üstümüzü
alanda zaman-zaman,
millətin dərdlərinə
tapılmayanda dərman,
sən oldun Vətənimin
qüruru, güvənc yeri -
var ol, Milli Qəhrəman!
Artacaq qüdrətimiz
çevirdikcə illəri,
sizinlə fəxr edəcək
bu torpağın bu yurdun
gələcək nəsilləri.
Min illərdir, oğullar,
vaxtın sınağındayıq,
bu ağır qovğalarda
salamat qalmışıqsa -
hamımız qəhrəmanıq.
Tükənməz el sevgisi
sabahı quranlara,
analar südü kimi
halal oslun eşqimiz
milli qəhrəmanlara…
Eyniliklər, fərqlər...
Hər kəs yuxusundan bir cür oyanır,
adam var bir daha oyanmır, ölür.
Hər evin qazanı bir cür qaynayır,
hər evdən bir cürə qoxular gəlir.
Hər kəsin atdığı bir cürə addım,
cib ya məyyus edir, ya dingildədir.
Şəhər adamıyla - kənd adamının
fərqləri həm də ki, geyimindədir.
Küt çəkib özünü dağa qoyanda,
cürətli-danlayır, yaltaq irişir.
Qanmayan-qananı lağa qoyanda
sayğı, ədəb-ərkan hörmətdən düşür.
Eynidir Vətənin isti-soyuğu,
nə fərqi gəlmədir, yoxsa yerlidir?!
İndi uşaqların çoxdandır çoxu,
Həm kənd uşağıdır, həm şəhərlidir.
Niskillər eynidir ürəklərində,
bir yerə yığarmış dərd insanları.
Qardaşdır Şəhidlik zirvələrində
şəhər uşağıyla kənd uşaqları…
Ətirli misralar gətirir külək...
Belə havalarda ruhum dincəlir,
çıxmaq istəsə də köksümdən ürək.
Bilmirəm dağdanmı, bağdanmı gəlir,
qəribə misralar gətirir külək.
Daralır, böyüyür gözdə bəbəklər,
tutub kirpiklərdən yuxu sallanır.
Mənim həyatıma əsən küləklər
ilham pərisinin qanadlarıdır.
Uzundur tarixi bu yoldaşlığın,
taleyin hökmüylə yanaşı düşdük.
Mən-qəmli, küləksə əməli çılğın,
bir payız axşamı bağda görüşdük.
Yenə təngə gəlir, ətraf, həndəvər,
tək mənə xoş gəlir rüzgar oyunu.
Küləyi oynayan hava bilənlər
güldülər, deyəndə: "Görürəm onu".
Yenə külək əsir, ruhum dincəlir,
özünə yer tapmır, köksümdə ürək.
Olsun ki, çiçəkli çəməndən gəlir,
ətirli misralar gətirir külək…
Əgər sənin üçün yaranmışamsa...
Nə cürə anladım bu gözəl qıza,
olubdur ulduzum, Günəşim, Ayım:
"Əgər sənin üçün yaranmışamsa,
sənə ad günündə nə bağışlayım?".
Gələ, gəlin ola, mən dönəm bəyə,
yekə nöqtə qoyaq bəxtdən gileyə!
İşdir, izn versə sağlıq deməyə,
Hansı sözdən tutum, nədən başlayım?
Yenə də küsdürüb, indi gəl barış!
nazı dünya boyda, səbri bir qarış,
indi hünərin var özündən soruş:
"hansından yan keçim, nə alqışlayım?"
Nə cürə anladım bu gözəl qıza,
olubdur ulduzum, Günəşim, Ayım.
Əgər sənin üçün doğulmuşamsa,
çiçək, ad günündə nə bağışlayım…
Daş qopdu qalasından...
Parçalanaraq gedir,
daş qopdu qalasnıdan,
hər nə qalsa - sənindir,
ömrümün qalanından.
Qayıdarsan, bilirəm,
yana-yana gülürəm,
qaranlığı silirəm
ləmpəmin lalasından.
Qayıt, gəldi-gedərəm,
getsin qəmim, kədərim,
üzüldü ümidlərim
bir zalım balasından.
Güllər açıldı, soldu,
çeşmə boşaldı, doldu.
Göz yaşım dərya oldu,
Xəbər yox sonasnıdan…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!