Şeirlər
Nə var bu ömrün sonunda,
Gül kimi sevgi yanında,
Mən ulu eşqin önündə,
Yalnız diz çökə bilirəm.
Başım hər zaman dik olub,
Qəmli günlər tək-tük olub,
Bu ömür də, bir yük olub,
Öyrəşdim yükə, bilirəm.
Gözlərimnən getməyəsən,
Qayğını az etməyəsən,
Niyə də naz etməyəsən,
Bir şey ki, çəkə bilirəm...
***
Ətirli bağçasan, bağsan,
Nolar, bir üzümə baxsan,
Nə zaman uzadacaqsan,
O əllər məni gözləyir.
Gözü dolu görəsiyəm,
Rahat ömür sürəsiyəm,
Dərib sənə verəsiyəm,
O güllər məni gözləyir.
Bu işvədən yorul gedək,
Ürəyimə sorul gedək,
Gəl boynuma sarıl gedək,
O ellər məni gözləyir.
Atan yaxşı, anan yaxşı,
Sən fikirləş - yaxşı- yaxşı,
Məcnunnan nə qalar yaxşı,
O çöllər məni gözləyir...
Gül bilim dərim səni,
Könlümə sərim səni,
Arabir görüm səni,
Gözüm yadırğamasın.
Bir az qərib eyləyim,
Sözü zərif eyləyim,
Səni tərif eyləyim,
Sözüm yadırğamasın.
Sözünü üzülmə de,
Mənə bax, özümə de,
Nəyin var üzümə de,
Üzüm yadırğamasın.
Əynimdə sarı köynək,
Ürəyim göynək-göynək,
Toy yoxdu, yoxdu neynək,
Dözüm yadırğamasın...
***
Bilmirəm necə oldusa,
Ürəyim yaman sıxıldı.
Qəfil boşaldı dizlərim,
Mən birdən-birə yıxıldım.
Bircə anın içindəcə
Bədənim titrədi, əsdi.
Cismim torpağa güvəndi,
Ruhum göylərə tələsdi.
Başım yaman dumanlandı,
Mən uzun bir səfər gördüm.
Yıxıldım, adam çox idi,
Qalxanda bir nəfər gördüm.
Nə bircə anlıq kövrəldim,
Nə gözlərimnən yaş axdı.
Sən demə torpaq çəkirmiş
Üzümnən öpdü, buraxdı...
***
Elə bil nəfəsin gəlir,
Sevdalı həvəsin gəlir,
Qulağıma səsin gəlir,
Quzum, hardasan, hardasan?
Mən səni nahaq itirdim,
Zalım həsrətə ötürdüm,
Bir zaman dil-dil ötürdüm,
Sözüm, hardasan-hardasan?
Neçə ki, mən varam deyən,
Halına qıymaram deyən,
Səni tək qoymaram deyən,
Dözüm, hardasan-hardasan?
Könlümüzü ovutmağa,
Bəxtimizi ayıltmağa,
Təzdən sənə qayıtmağa,
Üzüm, hardasan-hardasan?..
Təzədən yaşamaq sorğusuna
Təzədən yaşasam, nə dəyişəcək
Həminki gündüzüm, həminki gecəm...
Yenə də, ürəyim qandallanacaq
Yenə ayrılığa əsir düşəcəm.
Könlünü qırdığım o dağlar qızı
Yenə də, hardansa səs elər mənə.
Bir ömür nədi ki, lap beş ömür də
O ağrı-acılar bəs elər mənə.
Yenə bostanıma daş atacaqlar,
Çevrilib kimisə daşlayacağam.
Yenə də, günahlar təzələnəcək
Yenə də, tövbəyə başlayacağam.
Həyatın ən acı üzünü görən
Haram tikələrdən vaz keçən ömrüm,
Bir tərəfdə nadan, bir yanda zalım
Aqillər içində az keçən ömrüm...
İndi azdan-çoxdan odum, ocağım,
Bir az da savabım, - daha nələrim...
Üstümə örtmüşəm ötən illəri,
Başımın altında xatirələrim...
Yüz ilin, min ilin həsrətidi bu,
Vallah, mənə heç nə təzə görünmür.
Səni durnalardan xəbər alırdım,
Daha durnalar da gözə görünmür.
Səndə ayrılığa dözüm nə gəzir,
Solğun üzündəki o halı gördüm.
Hərdən xəyalların eyvanına çıx,
Bəlkə üzündəki o xalı gördüm.
Bax, səni o isti göz yaşlarından
Məndən başqa heç kim qoruyan deyil.
Şeh kimi damlalar gül yanağında
Dodağım dəyməsə quruyan deyil.
Nə badə, üstümə durub gələsən
Hirslə, tüfənglə, topla, gözəlim.
Ağlını başından alıblar sənin,
Ağlını başına topla, gözəlim.
Nə qədər küssən də, incisən də sən
Ayrılıq canıma düşməyib hələ.
Qollarım açılıb səni qucmağa,
Qollarım yanıma düşməyib hələ...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!