Nazim HİKMƏT - Pirayə xanıma

 

 

Nazim HİKMƏT

İnsan  mənzərələri

 

 

Pirayə xanıma

Əvvəli ötən saylarımızda

 

Avqustun

            altısında əmr verilmişdi -

birinci

            ikinci ordunun alayları

                        yerlərini dəyişirdilər:

98956 tüfəng,

            325 top,

                        5 təyyarə,

                                   2800 avtomat,

                                            2500 qılınc

            186326

                        pırıl-pırıl insan ürəyi

            bunun iki misli qədər

qulaq,

            qol,

                        ayaq,

                                   göz qımıldanırdı

gecənin qaranlığında.

Bundan başqa

            gecənin qaranlığında

torpaq vardı,

rüzgar vardı,

istanbullu

            sürücü Əhməd vardı,

istanbullu

            sürücü Əhmədin

                        maşını vardı...

            istanbullu

                        sürücü Əhmədin

                                   maşını

insanların,

            silahların,

                        arabaların

                                   yanından keçib,

Afyon-Ahırdağ

            istiqamətində irəliləyirdi...

Əhmədin qafasında

uzaq,

            çox uzaq bir şəhər

            bir türkü vardı -

şəhər -

            bir dənizin sahilindədir,

günəşli qarpız qabığına,

            bəyaz yelkənli qayığa bənzəyir.

Türkü - nəhavənddir.

Ay batdı,

dağlardan

            ulduzlardan savayı

                        gözə bir şey dəymir.

Sən süleymaniyyəlisən,

            oğlum Əhməd,

qalx,

            sıra-sıra düzülmüş

                        söyüdlərin,

göz-göz çeşmələrin

            önündən keç,

sonra məktəb həyəti,

sonra mədrəsə...

Orda -

            Hərbiyə Nəzarətinin

                        arxa tərəfində

siyah çarşaflı bir qadın

göyərçinlərə dən səpir...

Mator xırıldadı -

mirət

            dağın başında

                        qoyacaq bizi...

 

 

Nədən danışırdıq,

            oğlum, Əhməd?

Dökməcilər sağda qalır.

Uzun çarşıya dönərkən,

küncdə,

            sol tərəfdədi

                        səyyar kitabçı:

"Hekayəti-Büllur köşk,"

altı cild "Tarixi-Cövdət"

            "Fənni-Təbahat".

Tabahat mətbəxdən gəlirmiş -

yəni,

            biş-düş,

yəni,

            uskumru dolmasından

                        ötrü də

ürəyim gedir -

gümüşü quyruğundan tutub,

bir salxım

            üzüm kimi yeyirsən...

 

İrəlidə

            bir atlı dəstəsi gedir -

sapdılar sola...

 

Uzun çarşıdan

            dikinə enərsən,

qayıqçılar,

            nərd kolleqsiyaçıları,

                        təsbehçilər

            sən istanbullu,

            sən öz əllərinin hünərinə

                        alışmış birisi

çaşarsan istanbullulara:

nə qədər incə,

            nə qədər rəngarəng

                        qabiliyyətləri var deyərsən.

Rüstəm paşa Cəmil.

Kətançılar.

Kətançılarda

            yüz yelkənli gəmiyə

            saysız-hesabsız

                        dəvə karvanına

satılacaq qədər

əlbisə

            tunc zınqırovlar var.

Zindanqapı.

Babacəfər..

Uzaqda "Balıq bazarı".

Quru meyvə satanlar,

Bax,

            "Meyvəli liman"dayıq,

bax,

            o üzünə həsrət qaldığın

bəyaz yelkənli qayığa,

            günəşli qarpız qabığına

                        bənzəyən dənizə...

 

Sol

            dal təkər

                        hava buraxır, nədi,

düşüb baxsana...

 

"Meyvəli liman"da

            dilənçi gəmisinə minib,

Eyübdə

            niyyət quyusuna

                        getmişdik.

Əlləri yumuq-yumuq,

sağrıları

            bir az çarpıq,

amma

            gözləri

                        yaşıl zeytun

                                   dənəsi kimi,

qaşları

            hilal...

Düz Kasımpaşaya

            yaxınlaşmışdıq,

örpəyi bəmbəyaz,

yəni,

            süd bəyazı,

yəni,

            qar bəyazı -

adamın canını alır...

 

Təkər hava

            buraxır, deyəsən.

Çarəsini tapmasaq əgər,

halımız

            nə olacaq, Babacəfər?

 

 

Maşın dayandı.

Qaranlıq.

Domkrat.

Nasos.

Əllər,

            əllər,

                        əllər,

yorulmaq bilməyən,

            dincəlməyən əllər...

Birdən,

            necə oldusa,

Əhməd iflic olmuş

            nənəsini xatırladı -

yazıqcığaz

            qoltuqdan qalxmaq istəyərkən...

Təkər

            əməlli-başlı partlamışdı,

üç yerindən,

            bəlkə də dörd.

Ehtiyat

            təkər varmı?

Yox.

Dağın kəlləsində

            kimdən imdad

                        diləyəcəksən?

Gücün yetdikcə

            bağır,

                        bağır,

                                   bağır...

Sən

            süleymaniyyəlisən,

                        oğlum,

Bu maşın tək sənə əmanət,

bir çarə qıl...

Necə demişlər,

            qoyunu qoyun

                        ayağından asarlar,

keçini keçi -

bir çarə qıl...

Soyun,

            süleymaniyyəli Əhməd,

                        soyun.

Soyundu

            süleymaniyyəli Əhməd,

soyundu

            plaşını,

                        jaketini,

                                   köynəyini,

                                     qırmızı qurşağını,

                                              qalpağını,

nəyi vardısa,

            doldurdu təkərin içinə -

iki ayaqqabısının

            içində qaldı -

                        çırılçılpaq...

Şişdi,

            şişdi təkərlər,

haydı

            süleymaniyyəli Əhməd,

çatdır tüfəngləri -

            düşmən qarşısında

                        naümid qalmasın əsgər...

 

Bu türkü - nəhavənddi:

dəniz sahilində

            bir şəhər,

bəmbəyaz örpək...

Yol - dağ yolu,

saatda əlli

            ilə gedirik.

Dayan,

            aslanım,

                        dayan,

bu dağlar bir görsün

            anadangəlmə - çırılçılpaq

                        Əhmədi,

dayan,

            aslanım,

                        dayan,

heç bir zaman

            heç bir insan

                        heç bir aləti

                              belə ürəkdən sevmədi.

 

Güldü ləzzətlə

            Baş aşpaz Mahmud Aşər:

- Eşq olsun Əhmədə,

            yavrum,

min dəfə

            eşq olsun, - dedi.

Gözüaçıq

            camaatdı istanbullular,

igidləri də,

            yavrum,

                        igiddilər.

İndi

            Əhməd hardadır,

                        kim bilir?

Bəlkə,

            yenə sürücülük edir,

məsələn,

            Ankarada,

                        Bələdiyyə avtobusunda,

ya da,

            Madanya - Bursa yolunda

                        qapdı-qaçdılarda çalışır,

istərmisən

            bizim qatarda işləsin?

Təbii ki,

            ümumi vaqonda...

Qarson Mustafa

            bədbin danışdı:

- Ölməyibsə əgər...

Birdən-birə

            ciddiləşdi

                        Baş aşpaz Mahmud Aşər:

- Allah rəhmət eləsin.

Doğru deyirsən.

Bəlkə

            sonradan ölüb,

bəlkə

            şəhid olub

                        elə o vaxtlarda.

Təkrar etdi

            qarson Mustafa

                        eşitdiklərini:

bəlkə də

            şəhid olub

                        elə o vaxtlarda

                                    maşınıyla bərabər.

Görmüsənmi,

            Mahmud usta,

                        bir şəkil var,        

qəhvəxanalarda

            divarlardan asırlar:

Ərəbistan çöllərində

            günəş batır,

vurulmuş

            bədəvi ərəb

                        al qan içində

qumların üstündə yatır

            hərifin

                        ceyran kimi atı

                               durub başının üstündə

ağlaya-ağlaya

            imsiləyir sahibini...

- Görmüşəm.

- Görmüsən demək.

Usta,

            elə düşünürəm ki, mən,

Əhməd

            şəhid olmuşsa,

                        elə o vaxtlar,

başının üstündə

            durub ağlamış

                        bu maşın,

dağlarda qurddan-quşdan

            gözləmiş onu...

- Doğru deyirsən

            yavrum,

                        gözləmişdir.

Amma

            insanoğlunun

                        tez çürüyür cəsədi,

indi

            o dağlara çıxsan,

görərsən

            Əhməddən əsər-əlamət

                        qalmayıb,

maşının isə

            təkərinə,

                        ya da sükanına

                                   bir şey olmayıb -

qəhbə fələkdi bu...

Durdu,

            burnunu çəkdi

                        Baş aşpaz Mahmud Aşər:

- Nə isə,

            sən hələ

                        bir bunun axırını oxu,

Maşinist soruşdu:

- Çoxmu qalıb?

- Yox.

Beş-altı vərəq.

Oxuyuram.

            başladı oxumağa

                        qarson Mustafa:

- "Hekayəti -

            26 avqust gecəsində

saat

            iki otuzdan

                        beş otuza qədər

                                   olanlar..."

Saat iki otuz.

Qocatəpə

            yanıq qoxusu verən,

yaşlaşmış -

            qart çölü-biyabandır,

nə ağac,

nə quş səsi

            nə torpaq ətri

                        duyarsan,

eləcə qayalıqlardı,

gündüzlər günəşin,

            gecələr ulduzların altında.

            indi gecə olduğu üçün

dünya

            daha kiçik

            daha yaxınımızdadı

            daha çox bizimdi

            bu vaxtlarda

                        torpaqdan

sevdiklərimizə dair səslər gəlir

            qayalıqlarda

                        qumaş qalpaqlı

                                   növbətçi

tumarlayaraq bığını

            gülümsəyə-gülümsəyə

seyr edir

            Qocatəpədən

dünyanın ən ulduzlu

            qaranlığını.

Düşmən

            üç saatlıq məsafədədir.

            Xıdırlı təpəsi olmasa,

Afyon - Qarahisar

            şəhərinin işıqları

                        görünər.

Şimal-qərbdə

            Gözəlim dağlarıdı

            bu dağlarda

                        tək-tək tonqallar

yanır.

Ova boyu

            Axarçay

                        par-par parıldayır

            qumaş qalpaqlı

                        növbətçinin

                                   ağlında

indi

            quşların deyil,

                        dəvələrin deyil,

yalnız

            suların yolçuluğu -

                        səfəri var...

Axarçay

            bəlkə bir axar sudur,

            bəlkə bir irmaqdır,

            bəlkə kiçicik bir nəhrdir -

Axarçay,

            hər nədirsə,

                        Dərəboğazında

dəyirmanları işlədir,

            qılçıqsız ilanbalıqları

                        ilə dopdoludur,

Yeddişahinlər

            qayasının

                        kölgəsinə girib-çıxır

            iri çiçəkləri

                        gümüşü,

                                   qızılı,

                                            bəyaz olan

            saplaqları bir,

                        bir yarım adam

                                   boyunda olan

xaşxaşların arasından axır

            Afyon önündə

Altıgözlər körpüsünün altından

            Gündoğana dönərək

və Konya dəmiryoluna

            rast gəldiyi yerdə

Böyük çobanlar kəndini solda,

Qızılkilsəni sağda

            qoyaraq gedir.

Axarçay

            bəlkə bir axar sudur,

            bəlkə bir irmaqdır,

            bəlkə kiçicik bir nəhrdir...

Düşündü

            birdən-birə qayalıqlardakı

qumaş qalpaqlı növbətçi:

düşmən əlində

            qalan məmləkətin,

kim bilir,

sərvəti nə qədər çox,

yolları nə qədər uzun,

nəhrləri nə qədər böyükdür?

Bir çoxunun

            adını belə bilmir,

yalnız

            yunanlar gəlməmişdən

                        əvvəl

Manisada

            Səlimşahlar çiftliyində  

                        rəncbərlik edərkən

qayıqla

Gediz çayının

            bir tayından

                        o biri tayına keçmişdi,

qorxa-qorxa,

başı fırlana-fırlana...

 

Dağlarda

            tək-tək tonqallar

                        yanırdı

            ulduzlar

                        elə parlaq,

                                  elə cilvəli idilər ki,

qumaş qalpaqlı növbətçi

necə

            nə zaman gələcəyini

                        bilməsə də,

gözəl

            rahat günlərə inanırdı -

gülən gözü,

            burma bığı,

                        yağlı mauzeri ilə

dayanmışdı

Qocatəpədə - keşikçi qülləsində...

 

Saat dördün yarısı.

Bölük

Halimur-Heyvalı

            dəmiryolu üzərində

mövqe tutmuşdu.

İzmirli Əli onbaşı

sanki

            onları bir daha

                        görməyəcəkmiş kimi

bir-bir

            nəzərdən keçirdi.

Sağdakı -

            birinci əsgər sarışındı,

ikinci əsgər qaraşındı,

üçüncü əsgər kəkələyirdi,

fəqət

            bölükdə onun kimi

                        türkü oxuyan

                                   yox idi,

dördüncü əsgərin ürəyi

            yenə bulamac istəyirdi,

beşinci əsgər

            mütləq vuracaqdı

                        əmisini vuranı, 

əsgərliyini bitirib,

            Urfaya döndüyü axşam,

altıncı əsgərin ayağı

            inanılmayacaq qədər böyükdü,

yeddinci əsgər

            Məhməd oğlu Osmandı,

Çanaqqalada,

            İnönüdə,

                        Sakaryada

                                   yaralanmışdı

            gözünü qırpmadan

daha bir neçə

            yara ala

            dimdik ayaqda

                        dura bilər!

Səkkizinci əsgər -

            İbrahim

                        qorxmazdı bu qədər,

qaraltı görəndə

            bəmbəyaz dişləri

bir-birinə dəyib

            şaqqıldamasaydı

            İzmiri Əli onbaşı

bilirdi:

dovşan qorxduğu üçün qaçmaz,

            qaçdığı üçün qorxar.

 

Saat dörd.

Ağzıqara - Söyütlü dərə məntəqəsi.

On ikinci piyada alayı.

Gözlər qaranlığa zillənib.

Əllər yerli-yerində.

Alay imamı

            tək silahsız adam,

                        ölülərin adamı.

Qırılmış

            bir söyüd budağını

üzü qibləyə basdırıb,

əllərini cütləyib,

boynunu büküb,

            durdu sabah namazına.

Qəlbi rahatdır.

Cənnət -

            əbədi bir istirahətgahdır.

            yenilsələr də,

                        yensələr də,

o

            öz əlləri ilə verəcəkdir

                     cənabi-rəbbilaləmə şühədayı...

 

Ardı var...

 

Hazırladı: Dilsuz

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!