Ver əlini, ÜÇÜNCÜ DÜNYA! - Zəki Mürenin şeirləri... - DİLSUZ

DİLSUZ

Zəki Müren 1931-ci il dekabr ayının 6-da Bursada dünyaya gəlmişdir. İbtidai məktəbi bitirdikdən sonra İstanbul Boğaziçi Liseyinə daxil olmuşdur. Musiqiyə olan marağını və istedadını hiss edən müəllimləri onun təhsilini Dövlət Gözəl Sənətlər Akademiyasında - indiki Memar Sinan Universitetində davam etdirməsini tövsiyə etmişlər.

Zəki Müren hələ tələbə ikən musiqisevərlərin böyük rəğbətini qazanmışdır. O, "Sənətin günəşi" və "Paşa" kimi tanınmışdır. 1955-ci ildə "Manolyam" adlı şərqisi ilə Türkiyədə ilk dəfə "Altun plak" mükafatını almış, 1991-ci ildə isə, Dövlət sənətçisi adına layiq görülmüşdür.

Zəki Müren bir çox türk müğənnisi kimi, filimlərə çəkilmiş, mahnı mətnləri yazmış və bu mahnı mətnlərinə musiqi bəstələmişdir. Mübaliğəsiz demək olar ki, o həm də modern türk şeirinin yaradıcılarından biri idi.  


ARADIĞIM DÜNYA

Mənim dünyamda

                qar buğda-buğda yağar,

Ağaclar qışın ortasında çiçək açar.

Mənim dünyamda

sərt poyraz

ilıq-ilıq əsər qüzeydən,

əriklər, gilənarlar gömgöy olar -

                            heç yetişməz ki...

Mənim dünyamda

eşq, vəfa çarşılarda satılar,

mərhəmət könüllərdə...

Bir başqa dünya

                 aradım, buldum -

Onda da

       qar buğda-buğda yağar,

Ağaclar

     qışın ortasında çiçək açar,

sərt poyraz

ilıq-ilıq əsər qüzeydən,

əriklər,gilənarlar gömgöy olar -

                           heç yetişməz ki...

Onda da

eşq, vəfa çarşılarda satılar,

mərhəmət könüllərdə...

Onu da dəyişdirəcəyəm -

      ver əlini, ÜÇÜNCÜ DÜNYA!

 

BULUDLARDAN GƏLƏN SƏS

Buludlardan gələn səs,

qurumuş,

       çat-çat olmuş bağrıma

yağış göndər,

bərəkət göndər.

Buludlardan gələn səs,

xəyanətin - şimşək-şimşək,

həsrətin - mor-mor,

eşqin - sızı-sızı...

Buludlardan gələn səs,

qurumuş,

çat-çat olmuş

            bağrım olmasa,

hara yağar yağışın,

hara yağar bərəkətin?

Buludlardan gələn səs,

göyqurşağından

bir çələng göndər toyuma,

qarası olmasın,

zatən, qarası olmur ki,

                         göyqurşağının...

Buludlardan gələn səs,

balacaydım,

Biri "Allah" deyəndə -

                    göyə baxardım,

İndi də eləyəm...

Buludlardan gələn səs,

necə yağır

    vaxtsız-vədəsiz yağışlar?

Fevralla avqust qardaşdılarmı?

Buludlardan gələn səs,

könlüm sapsarı,

könlüm sapsarı,

könlüm sapsarı…

Eşqimin hər anı payız,

eşqimin hər anı payız,

eşqimin hər anı payız...

Karvan bulud, karvan bulud,

Qəflət yuxusudurmu

                       yuxun sənin,

Oyan bulud, oyan bulud...

Sənə bağrımdan bir ovuc qor verim,

Mənə bağrından

                bir ovuc su ver...

GÖZLƏRİMDƏN ÖPMƏ

"Gözlərimdən öpmə,

           ayrılarıq" - deyərdin.

Öpmədim,

        nə oldu, ayrılmadıqmı?

Uğursuzluq gətirər deyə

             firuzə qaşlı üzüyümü

                                  dənizə atdın,

Dəniz qızı taxdı barmağına,

bumu uğur?

Ay təzəcə doğmuşdu,

                   üzünə baxdım,

göz bəbəklərimə düşdü əksin...

Nə oldu, birdən-birə

Ayın gümüş nuruna

                     qoşulub getdin...

Aymı sənin sevgilindi,

yoxsa mən?

"Havada leylək görsək,

        bəxtimiz gətirəcək" - deyərdin...

Baxdım... Baxdım... Baxdım...

Göyüzünü qarğalar bürümüşdü...

Evliya bağçasında nar ağacı -

budağında hüzn çiçəkləri,

budağında xatirələrim,

                                dualarım,

İki gözüm - iki çeşmə,

Axar gedər göz yaşlarım...

Halva payladım öksüzlərə

                    qəndil gecələrində,

savab olar deyə,

ovsanata keçər deyə...

"Gözlərimdən öpmə,

        ayrılarıq" - deyərdin.

Öpmədim,

nə oldu, ayrılmadıqmı?


QƏDƏHİMDƏ BUZ PARÇASISAN

Qədəhimdə buz parçasısan,

                  udum-udum içdikcə

                         udum-udum yanıram.

Sən aysberqlərin

                  nəvələrinin nəvəsi,

Mən Magellanam,

qütblərdə kəşf etdim səni,

qızmar ekvator kimi!

Aləmi qatdım bir-birinə -

indi Reyn Nilə tökülür,

Niaqara Şap dənizinə,

Van gölünü də

Koloradoya axıda bilsəydim, ah...

Xəyallarım isti,

buz əridi öksüz qədəhimdə,

Hər damlada

Səni andım, səni andım, səni andım,

Hər damlada

yandım, yandım, yandım...

Ekvatorda yanmayıb neyləyəsən?..

 

ALIN YAZIM

Allah atanın

      qələmimi sınmışdı,

            mürəkkəbimi qurumuşdu,

                       alın yazımı yazarkən?

 

Yoxsa

         sənin adın

                     belə asan gəldi ona?

Bəlkə beş hərfli imiş əlifba?

Bəlkə beş hərf bilirmiş elə, Allah ata?

Beşi də qapqara?

Yox idimi

       yaşılı, ağı, masmavisi?

 

OVCUMDAKI DUA

Ovcumdakı dua

         barmaqlarımın

                    arasından süzüldü,

Sənə şam düzəltdim

                  ürəyimin yağından.

Yenə gözlərində dəfn olundum -

Məzarsız ölülər,

                    ölüsüz məzarlar…

Səni dəfnə yarpağında,

                          gicitkəndə

günəbaxan çiçəyində aradım,

Səhərə yaxın doğan

                  solğun Ay kimi

                         üşütdün içimi…

Gəl, dağların başı, gəl,

Gəl, dəli könlümün dəli yoldaşı, gəl.

Gəl, ayaqqabılarının

                        bağı açılmış gəl,

Gəl, saçların islaq gəl,

Mənim əllərimdə dua…

Sən də əllərində dua, gəl…

 

QARAÇI UŞAQLARI

Bir gün

qupquru, sapsarı yarpaqların

üstündən keçib gələcəksən,

gözlərində acı, yaşıl vəfasızlıq…

Sonu olmayan bu yolda

tək yarpaqlı ağacın

           hüznlü kölgəsində

                 gözləyəcəyəm səni.

Gələcəksən -

              saçlarında riya…

Soyuq nəfəsin

             üşüdəcək barmaqlarımı…

Qaraçı uşaqları

       çör-çöpdən bir ocaq çatacaqlar

                                üzbəüzdəki təpədə.

Tüstünün hənirini duyan

                    bir köpək hürəcək,

Bir türkü saracaq qəlbimizi,

                             buğlu-buğlu,

Ağlayacaqsan,

          amma yanaqların

                           qupquru qalacaq,

köhnə yalanların

                gözlərindən oxunacaq…

Bir gün

qupquru, sapsarı yarpaqların

üstündən keçib gələcəksən,

gözlərində acı, yaşıl vəfasızlıq…

Sonu olmayan bu yolda

                 bir vadidə gözləyəcəyəm səni.

Böyürtkən yığan

                 qaraçı uşaqları bizə baxıb,

bənizi solmuş bir türkü

                             oxuyacaqlar:

"Mütləq sevmişlər bir-birlərini…"

Türkümüz - nəhəng binaların

              pəncərələrində çilik-çilik,

Türkümüz - lampa şüşələrində his,

Türkümüz - Vyana ormanlarında simfoniya,

Türkümüz - qüssə, nisgil, üzüntü…

"Əsl sevgidir",

"Ya da bir gün -

bir-birlərini sevəcəklər"

deyəcəklər…

* * *

Günəşsiz - qısır bir səhər çağı

Bursa küçələrində

                        vurdular məni,

Yamyaşıl qan axdı

                        damarlarımdan,

Qoca süpürgəçi

             qabarlı əllərilə

                       oxşadı saçlarımı,

Sərxoşlar

      və kif iyi verən yorğun gecə qızları

məhəl qoymadan

                   keçdilər yanımdan,

üzləri solğun, üzləri sapsarı…

Günəşsiz - qısır bir səhər çağı

Bursa küçələrində

                            vurdular məni,

Həbsxana divarları soyuqdumu?

Həbsxana pilləkənləri

                        avqustda da nəmdimi?

O gündən

günəşsiz - qısır səhərlərdə

yaralarım açılar…

Qoca süpürgəçinin

            qabarlı əlləri

                    toxununca saçlarıma

Ətim ürpəşər, qorxaram…

Günəşsiz - qısır səhərlər

qatildimi?

* * *

Bəs, dəyişməyəcəkdin,

Qoyub getdiyim kimi

                          qalacaqdın?

Rəng-ruhun dəyişmiş,

             xasiyyətin dəyişmiş!

Bəs, ayrıldığımız

    o yağışlı havadakı kimi

islaq qalacaqdın?

Saçların qurumuş,

                        qupquru qurumuş!

Bəs yaşıl geyinməyəcəkdin?

Bəs…

Bəs…

Bəs məni həp sevəcəkdin?

Nə vəfasız imişsən sən!

Nə əqrəb imişsən sən!

* * *

Bütün xatirələrim

        Qaf dağının ardında qaldı,

Getdi, nəyim vardısa,

     bir gecəquşunun bəbəklərində;

"Yel üfürdü,

Sel götürdü,

Kor aldı…"

Nəyim vardı

       bu mor dünyada

                    sevməkdən savayı?

Qum tutdu

       bulaqlarımın gözünü,

Saraldı içimdəki yarpaqlar.

Bu gün-sabah

                          qopub töküləcəklər…

Titrədir qəlbimi

hər səhər

üzbəüz minarədən

ucalan əzan səsi.

Bütün xatirələrim

                  Qaf dağının ardında qaldı,

Getdi, nəyim vardısa,

     bir gecəquşunun bəbəklərində;

Sındı qanadım,

Uça bilmədim arxasınca…


ALLAHMISAN SƏN

Sənə bir türkü qoşdum, könlümcə,

zülm dolu,

hicran dolu,

mən dolu.

"Eşq doğular, yaşayar, ölər"

deyərdin.

Bax, doğuldu, yaşadı,

amma ölmədi.

Allahmısan sən?

Sənə bir türkü qoşdum, könlümcə,

yalan dolu,

riya dolu,

sən dolu.

Yaşamağı öyrənərkən

                                    öldürdün məni.

Allahmısan sən?

 

LİMAN

Hər limanda bir xatirə qalır…

Saçlarımız dəfnə,

            sevgimiz yasəmən ətri verərdi,

Sən şorba bişirərkən,

              mən odun doğrayardım…

"Palçıqlı ayaqqabınla

evə girmə" - deyərdin,

     sözünə qulaq asardım…

Sənə çiçək gətirərdim

                        yamyaşıl vadidən,

Sevgi gətirərdim,

Şəfqət gətirərdim, burcu-burcu.

Rüzgar şişirdərdi yelkənimizi…

Yalnız sənin üçün yaşamaq,

Yalnız sənin üçün ölmək -

Bir başqa dərdim yox idi ki…

Hər limanda bir xatirə qalır…

 

SƏNİ İSTƏYİRƏM

Qarın ortasında qızılgül…

Niyə anlamırsan,

                        səni istəyirəm!

 

Hazırladı:

Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!