Ah, mən gündən-günə bu gözəlləşən... İşıqlı dünyadan necə əl çəkim?

Mikayıl Müşfiqin anadan olmasından 110 il ötür

 

Sevgilər

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
 
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
 
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

 

Yadıma düşdü

Keçən günlərimi vərəqləyirkən
Sevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda canlandı, birdən
Göyərçin əllərin yadıma düşdü.
 
Deyildir eşq odu məni yandıran.
Ruhumun şəhrini işıqlandıran,
Pozğun şəfəqləri mənə andıran
Ziyalı tellərin yadıma düşdü.
 
O gün də bir gündü, ey üzü dönmüş,
Sandım içində bir qaplan döyünmüş.
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü.

 

Sənin gözlərin
 

Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?

O qara gözlərin deyil parlayan,
Ulduzlar içimdə gecələrimdir.
Bəlkə də ruhuma aydınlıq yayan,
Bir sərin,ziyalı,yaz səhərimdir.

Qoy desin dünyanın el aşıqları
Bu şövqü kim mənim ruhuma yaydı,
Donardım ruhumun şən işıqları
Qəlbimin camında qırılmasaydı.

Qara qış üstümə tökər qarını
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan,gah qapayırsan?

Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?

 

Sənin gülüşlərin

Qarşımda nazlanıb yеnə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən dеsəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şеhə bənzəyir. 

Sənin gülüşlərin bir ruzgar кimi
Əsərкən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar кimi
Ruhuma bir sərin işıq saçılır. 

Söylə, gözəllərin dodaqlarından,
Bu oynaq gülüşlər umulmuşdur?
Sənin hər qəhqəhən ay кənarından
Кеçən buludmudur, uçan quşmudur? 

Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fiкrimə sanкi rəng alır.
Gül кi, şеirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır. 

Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar.
Bəzən başucumda, bəzən önümdə
Şimşəкlərim çaхar, sularım aхar.

Cahan кi solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölməк!
Yazıq o şəхsə кi, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülməк!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!