Nazim HİKMƏT - İnsan mənzərələri
Pirayə xanıma
Əvvəli ötən saylarımızda
Gecə
saat on birə
iyirmi dörd
dəqiqə qalırdı.
Anadolu sürət qatarındakı
kupelərin birində
iki qadın söhbət edirdi.
Əlli yaşlarındaydılar.
Və
bu əlli yaş
boylarına biçilmişdi
sanki -
baxan kimi bəlli olurdu...
Soldakı professor
arvadı idi,
uzunsov üzü
ağlamaqdan qızarmışdı.
Bretini çıxarmışdı,
bürüşmüş əlləri ilə
almacıq sümüyünün üstündəki
batığı ovuşdururdu.
Fasiləsiz danışırdı
sağdakı qadın:
- Hərifin bu qədər
qəhrini çəkdin,
bacım,
iki uşaq doğdun ona,
boya-başa çatdırdın,
maşallah,
indi özü boydadılar.
Nə deyib boşanacaq,
sənə baxmağa borcludur.
Zəhmət çəksin baxsın.
Lap gedib
ikisini bir yerdə tutsan da,
boşanıram demə,
qəti.
Boşanmaq onun Allahındandı.
Hərifi rəzil et,
rəzil...
Gecə
saat on birə
iyirmi dörd
dəqiqə qalırdı.
Həmin vaqondaydı Nimət xanım.
Gəncdi,
bir idarədə məmurdu.
İstiqanlıdır.
Qəribə şeydi:
gözəl olmadığı üçün gözəldir.
Yaxınları
hər zaman "xanım" deyə
müraciət edirlər ona.
Bir məktub vardı əlində -
çox uzaqdakı
bir adama yazmışdı,
Ankarada
poçt qutusuna atacaqdı,
bəlkə də atmayacaqdı,
amma,
yox, atacaqdı,
mütləq atacaqdı.
Belə başlayırdı məktub:
"Orxan,
dünən sənə
təhqiramiz bir məktub
yazırdım,
nədənsə,
fikrimi dəyişdim.
Dəyişdim
dəyişdim də,
indi bunu niyə deyirəm sənə,
Allah bilir...
Yəqin qancıqlığım tutub.
Amma
mən onu
yaza bilsəydim
axıra qədər,
sən bir xeyli
əsəbiləşəcəkdin,
kim bilir,
bəlkə də,
sevinəcəkdin,
iştahlanacaqdın,
filan-filan olacaqdın.
Bir azını deyim:
dünən
ürəyim dəhşətli dərəcədə
istədi səni,
həm də,
elə-belə yox,
xoruz kimi!
baxmayaraq ki,
aramızda
belə şey olmayıb heç vaxt.
Əslində,
bir cismani aclıq
yoxdu məndə.
Böhrana bənzər
bir haldı -
gəldi, keçdi.
Amma
mən
əminəm ki, artıq
sən yanımda olmadıqca,
bu
böhrana bənzər hallar
baş qaldıracaq...
Yenə deyirəm:
bir cismani aclıq
yoxdu məndə.
Və
dözə bilmərəm
belə bir şeyin
özünü büruzə verməsinə -
bu olmamalıdı, sevdiyim!
Ağlım
ruhumu
məğlub etməlidir
bu qovğada.
Amma
həyatda
elə məhrəm
bir an olur ki,
ağlı ilə deyil,
yalnız ruhu ilə
tək qalır insan
və
yalnız bir arzusu olur
o zaman -
lakin
sanma ki, hər kişiylə -
yox,
o günə düşmədim,
şükür...
Mən,
sadəcə,
səni sevdim,
amma necə sevdim -
qorxaq,
aciz,
yapyalnız -
amma mərhəmətə layiq.
Gülməlidirmi?
Bax,
mənim bütün qorxularım
bundan başlayır.
Mənim üçün
dua et, sevdiyim,
madam ki, yanımda yoxsan.
Dünən
hirsimdən
bir fincanı
qırdım əlimdə -
isterik bir hal...
Niyə
bu qədər uzaqdasan?
Fəqət gəlmə,
sakın,
zatən, gələ də bilməzsən,
istəmirəm,
getdiyin yerdə
lap yüz il qal...
Məktubu
zərfin içinə qoydu
Nimət xanım.
Başını
pəncərənin şüşəsinə
söykədi,
başladı
bayırı seyr eləməyə.
Bir kəndin
yanından keçirdi
Anadolu sürət qatarı.
Və
gecə
saat on birə
iyirmi dörd dəqiqə
qalırdı...
Bir qadın
uzanmışdı kənddə
kərpic bir evin
üst qatındakı
qaranlıq otaqda,
yorğan-döşəkdə.
Sanki
evin düz içindən
gəlib keçdi qatar.
Dinlədi
təkərlərin taqqıltısını
Xədicə xanım.
Abraş öküz
aşağıda - tövlədə böyürdü,
yəqin qorxdu.
Sol böyrü üstündən
sağ böyrü üstə
çevrildi
Xədicə xanımın əri.
Xədicə xanım
həm bicdi,
həm bəxtiyar,
düşündü:
"Ərim
bu xırmanın sonunda
Çopur Əkrəmin
qızını alacaq,
imam nikahı kəsəcək,
qız
qoca olmağına qocadı,
aman varlıdı,
oktyabra qədər
gəlinlik edər,
sonra
işə-gücə başlayar,
hələ
bir gəlsin,
görək nə gətirir…
Xədicə xanım
ağrıyan ayaqlarını
ovuşdurdu yorğanın altında,
halsız
olmasına rəğmən
xoşbəxtdi
və
sevincindən çatlayacaqmış kimi
çarpdı qəlbi,
bir diş ağrısından
əbədiyyən qurtulmuş kimi…
Gecə
saat on birə
iyirmi dörd
dəqiqə qalırdı.
Xədicə xanımın kəndindən
on kilometrlərlə uzaqda
qəhvəxanaları
hələ bağlanmamışdı
qəsəbənin.
Qəhvəxanalardan birindən
qramofon səsi gəlirdi,
birindən isə radio.
Və
sobayabaxan Haqqı usta
bir az əvvəl
bağladığı qapının
arxasında
yumşaq
aliminiumdan düzəldilmiş
bir borunu cilalayırdı,
sanki
almas cilalayırmış kimi -
həm çox diqqətlə,
həm çox ehtiyatla…
Və
Haqqı usta,
eyni zamanda,
aliminium borunu
cilalaya-cilalaya
ağlından keçənlərin
arxasınca düşüb gedirdi…
Ağlından keçənlər
yumyumşaq üzündə
gah özünü büruzə
verirdi,
gah qeyb olurdu -
dörd il əvvəl
boşamışdı arvadını
Haqqı usta,
arvad
naəlac qalıb,
çəkməçi Rifətə
ərə getmişdi.
Fəqət
indi Haqqı usta
təzədən istəyirdi
köhnə arvadını -
bir ay
bundan əvvəl
yuxusuna girmişdi
və
Haqqı usta dəli-divanə olmuşdu…
Nəhayət,
sözləşdilər.
Bir gecə
yatağında kəndirlə boğub,
quyuya atacaqdılar
çəkməçi Rifəti
və
çıxıb gedəcəkdilər
Balıkəsir tərəflərə.
Haqqı usta
baxdı
qəhvəxananın rəflərinə,
orda,
kəndirin yanında
bir zəngli saatda
vardı
və
artıq
gecə on birə
iyirmi dörd dəqiqə qalırdı.
Və
eynən
gecə on birə
iyirmi dörd dəqiqə qalırdı
əlli kilometr uzaqda
Fərid bəyin qol saatında.
Yaşılçamın
nahiyə müdiri
Fərid bəy
Jandarma Seyfi çavuş ilə
Şəriflər kəndinin
həndəvərinə gəlmişdilər.
Çöməlmişdilər
və
gizlətmişdilər siqaretlərini
ovuclarının içində.
Qaranlıqda
kənddən gələn
iyləri ayırd etmək istəyirdilər -
nə yanmış odun,
nə yaş torpaq
qoxusu duyulurdu -
halbuki
yağış yağmışdı
yarım saat əvvəl
və
su içindəydi torpaq…
Nə işıqlı
bir pəncərə,
nə hərəkət edən -
qımıldayan bir şey vardı,
insanlar
və
heyvanlar
kəndi tərk etmişdilər
sanki.
Küləkdən başqa
heç nəyin səsi gəlmirdi.
Seyfi çavuş
sol əlinin
şəhadət barmağını
palçığa soxdu
dibinə qədər.
Nəhayət,
Fərid bəy
pıçıltıyla dedi:
- Boş yerə gözləyirik,
gəlməyəcək…
- Gələcək,
gözləyir
uşaqları uyusun,
sonra…
- Necə uşağı var?
- Üç.
Susdular.
Aradan yarım saat keçdi.
Barmağı
hələ də
palçığın içindəydi
Seyfi çavuşun.
Seyfi çavuş
əslən - dədə-baba kəndlidi,
çöməlib,
səbr etməyi bacaran
bir nəsildəndi,
gözlə desən,
günlərlə,
beləcə, dinib-danışmadan
gözləyəcək.
Nəhayət,
Fərid bəy dözmədi:
- Daha gözləməyəcəyəm,
mən gedirəm, çavuş.
- Özün bilərsən.
- Bəs sən?
- Mən gözləyəcəyəm,
madam ki, gəldim…
Susdular.
Bu sözdən sonra
Fərid bəy də getmədi,
amma qorxdu:
- Demək,
sənin qərərgahına
nə vaxt istəsə,
necə istəsə,
gəlir?
- Hə.
Məndən əvvəlki çavuş
onu belə öyrədib…
Bir dəfə
bir gecədə
bütün qərargah
keçdi üstündən,
durun demədi.
Səhər açılanda
corablarımızı belə yamadı.
Adambaşına beş quruş verdik.
Qaraşındı Seyfi çavuş.
Qaraşındı Fərid bəy də,
kül rəngində
bir əlbisə geyinib.
Bir köpək hürdü
kəndin içində.
Seyfi çavuş
çıxartdı barmağını
palçığın içindən.
Və
nə etdiyini düşünmədən
düzəltdi qalstukunu.
Əminə idi gələn,
dolu
və
uzun boylu Əminə.
Qorxmadan,
çəkinmədən gəlirdi
qaranlığı yara-yara.
Yaxınlaşmasını
gözlədi Seyfi çavuş,
sonra dikəldi, qalxdı.
Fərid bəy
sıxıla-sıxıla
baxdı qadına -
gözləri çılpaqdı,
çılpaqdı,
hər halda, ayaqları da.
Fəqət
Fərid bəy bilirdi ki,
kənd qadınlarında
ayağın çılpaq olmasının
bir
əlaqəsi yoxdur
çılpaqlıqla.
Bir keçə vardı
qoltuğunda Əminənin.
Fərid bəy kəkələdi:
- Mən çəkilirəm,
mən heç bir şey istəmirəm.
Güldü Seyfi çavuş:
- Keçədənmi iyrəndin,
ipək döşəkmi keçir könlündən?
Elə isə,
geri dur…
Fərid bəy
qaranlıqda qeyb oldu.
Əl elədi Seyfi çavuş,
bir az da
yaxına gəldi Əminə,
əyildi
və
çocuğuna döşək
sərirmiş kimi
qoltuğundakı keçəni
islaq torpağa sərdi,
uzandı üstünə,
kirimişcə baxdı
başıüstə dayanan
Seyfi çavuşa…
Sonra
ağaclıqdan çıxdılar
öndə
Seyfi çavuşla Fərid bəy,
arxalarınca Əminə…
Bir döngədə
sola buruldu Əminə
və
tutdu Şəriflər kəndinin
yolunu,
qoltuğunda keçəsi…
Bir qatar
səsi gəldi
uzaqdan.
- Sürət qatarıdır, -
dedi Fərid bəy,
indi
vaqon-restoranda
otursaydıq rahat-rahat…
Mızıldandı Seyfi çavuş:
- Sürət qatarıdırsa,
deməli,
on ikini keçir saat…
Anadolu
sürət qatarında
saat birə on dəqiqə
işləmişdi.
İçəridə üç kişiydilər:
Baş qarson,
qarson Mustafa,
və
Baş aşpaz Mahmud Aşər.
Birinci masada əyləşmişdilər,
orda
böyük adam
əyləşmişdi
bir saat əvvəl.
Masaların
ağ örtükləri
yığışdırılmışdı.
Qırmızı
abajurlu lampalar
söndürülmüşdü
və
qarson Mustafa
əlindəki dastanı oxuyurdu:
- 1922-ci ilin avqust ayı
və
"Hekayəti-qadınlarımız"
və
"Altı avqust əmri"
və
"Hekayəti-bir alətlə
bir insan…"
Soruşdu
Baş aşpaz Mahmud Aşər:
- Burdamı
qalmışdıq, yavrum?
- Bəli.
"Hekayəti-Mustafa Sübhi
və arkadaşları"nı oxuduq
ən sonda,
arxasınca da bu gəlir.
- Nə deyirəm,
elədirsə,
onda oxu.
- Oxuyuram:
"Ay işığında arabalar gedirdi -
Akşəhər üstündən
Afyona doğru.
Torpaq elə ucsuz-bucaqsız,
dağlar elə uzaqdı ki,
sanki
gedənlər heç bir zaman
mənzilə yetişməyəcəkdilər…
Arabaların təkərləri ağacdandı,
öküzlər
başqa və çox kiçik
bir dünyadan gəliblərmiş kimi
balaca və arıqdılar -
məşum parıltılar vardı
qırıq buynuzlarında
və
hər yan -
ayaqlarının altından qaçan
torpaq,
torpaq,
torpaqdı…
Gecə
həm aydınlıq,
həm istidi
və
arabalarda
taxta yataqlarında
tünd
mavi humbaralar
çırılçılpaqdı.
Və
qadınlar
Ay işığında
oğrun-oğrun baxırdılar
keçmiş
qafilələrdən qalmış
qırıq təkərlərə
və
öküz cəsədlərinə.
Və
qadınlar
bizim qadınlarımız:
qorxunc
və mübarək əlləri,
incə,
kiçik çənələri,
iri gözlərilə
anamız,
bacımız,
sevgilimiz
və
sanki heç yaşamamış
kimi ölən,
və
süfrəmizdəki yeri
öküzümüzdən sonra gələn
və
dağlara qaçırıb,
uğrunda həbsxanalarda
yatdığımız
bu qadınlar
bizim qadınlarımız…
Ardı var...
Hazırladı:
Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!