Ruhlarınız şad olsun...
O alovlu dövrandan
yüz il, bir əsr keçir.
Müstəqil Azərbaycan
özü öz yolun seçir.
Azadlığı qazandıq
al qanlar bahasına,
qoymarıq bu yollarda
yeni ömürlər sına!
İstiqlal zühr elədi
millətimə inanıb,
beşiyinin başında
qüdrətlilər dayanıb.
Bu yol çətin və uzun,
qət edənlər - ərənlər,
ruhlarınız şad olsun -
Azadlığı becərib
barını görməyənlər…
22.05.2018
Yüz belə yüzlər yaşa...
Bir daha bu işıqlı
fürsəti itirmərik,
azadlıq məktəbini
yarımçıq bitirmərik.
Bir daha əlimizdən
bu İstiqlal alınmaz,
can sıxan boyunduruq
boynumuza salınmaz.
Nəhayət ki, yurdumda
istək qələbə çaldı,
endirilmiş Bayrağı
zühr eləyib ucaldı.
Ucaldı, çünki Bayraq
əbədi enməmişdi,
qəlblərdəki alovu,
atəşi sönməmişdi!
Yüz belə Yüzlər yaşa -
İstiqlalın mübarək,
Azərbaycan, həmişə
səni çıraqban görək…
26.05.2018
Sən Şərqin İstiqlal günəşi oldun...
İşığın, qüdrətin gözlərimdədir,
insan yollarınla inamla gedir.
Dünyanı gəzsəm də - fikrim səndədir,
var ol, Azərbaycan, sabahın xeyir!
Yerişdə təpərli, uçuşda qıvraq,
sabahlar nurundan yapışdı bərk-bərk.
Vətən göylərində üçrəngli bayraq
inamla çırpınır quş qanadıtək.
Sayqılı yerin var geniş cahanda,
taxtından endirdi "şərləri" - "xeyir".
Cavan da, qoca da, körpə fidan da,
gülür: Azərbaycan, sabahın xeyir!
Bəzən gözü səni götürməyənlər
böhtanlar çaldırar köhnə valında.
Vətən, mübarəkdir hər gələn səhər,
mübarək Yüz illik İstiqlalın da!
Daha bir döyüş var - qılınc sivrilib,
bizim olanları geri alarıq.
Hər kəsin qanında oda çevrilib
qanlar bahasına gələn azadlıq.
Atam - Azərbaycan, sabahın xeyir,
adını ucaldır hər qızın, oğlun.
Arxanca millətlər, ellər yeriyir -
sən Şərqin İstiqlal Günəşi oldun…
24.05.2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!