Otuzuncu illərin Bakısı
...on beşinci ilin
qətliamından gələn,
on səkkizdə
müstəqillik bayrağı yüksələn,
iyirminci ildən
Kremlin diktəsiylə ağlayan, gülən
küçələri yoxsul,
cahil, nadan, qudurğan
yazıq insanlarla dolan şəhər...
düşmənin gizli fitnəsi,
aşkar təbəssümü,
yüksəliş şüarları,
savadsızlıq kursları...
qızğın bir yarış...
tale ilə barış...
proletariat hökmü,
komsomol marşı...
...üçrəngli, Ay-ulduzlu bayraq altında
"Vətən", "Müstəqillik", "Ədalət" yolunda
ölümə gedənlərin
qırılıb, öləziyib səsi...
xaraba küçələr, gizlənməyə yer axtaran
dindarlar,
bolluq ümidi, çörək müjdəsi...
otuzuncu illər...
...otuzuncu illərin əvvəlində
diziüstə çökdürülmüş,
igidləri öldürülmüş elin
bir gənc şairiydi Rəsul...
qəlbində qanlar, ağrılar içində
dan üzü sökülürdü,
mavi səmalar dillənirdi...
mələklər haqq dünyasının
tellərinə bağlayırdı
qəlbinin tellərini...
...ümidlə qalxırdı
proletar gənclərin
yıxmaq, dağıtmaq
yaratmaq coşqusu.
yetişir, yetişdirilirdi
yeni yazarlar ordusu...
Vətən ikiyə bölünmüşdü -
bir üzü qara,
bir üzü qırmızı geyinmişdi...
otuzuncu illərdə Bakı
qaynayan qazan idi...
vay o adamın halına ki,
duyduğunu, inandığını
yazan idi...
...öz çarını arvad-uşaqlı
bıçaqdan keçirən, doğrayan,
diri-diri yandıran
kilsələri uçurub,
keçmişi yamanlayan,
min-min işıqlı zəkanı
məhv eyləyən, damlayan bolşeviklər
dərs verirdi, dərs deyirdi
Rusiyaya, Azərbaycana, cahana...
otuzuncu illərin cavanları,
beyni qanları
qəlbləri yaratmaq,
yüksəlmək eşqiylə dolu -
"bu aşın harda bişdiyini" bilmirdi,
çoxusu
"mənəm-mənəm" deyirdi.
"Lenin" , "Stalin", "Kreml",
"Oktyabr", "oraq-çəkic",
"proletar", "bolşevik",
"komsomol" sözü olan
hər cürə cızma-qara
müharibə açmışdı
taledən, zəmanədən,
sevgidən yazan
bayatı, qəzəl, qoşmalara...
bir andaca,
bir andaca çox çevik
Adəmdən Həvvaya qədər tarixin
üstündən xətt çəkirdi
nadan bolşevik.
sərsəm bir dünyadaydı
hələ gənc Rəsul...
bu oyundan baş çıxarammazdı
hər oğul.
otuza, otuza getdikcə yaş
sinəsində yer eləyirdi
yeni-yeni suallar
yavaş-yavaş.
Rəsulun bu uğultu içində yaranırdı
kövrək, ürkək misraları,
hər birində
vətənin, anası Məryəmin,
Natəvanın, Sabirin ruhunun
parıltıları...
qəlblə, qanla, beyinlə
təbliğat maşınının çarpışmaları.
belə bir çarpışmada yarandı Rəsula
ilk şöhrət gətirən
vətən məhəbbəti ilə,
dövrün uğultusu qarışıq
uğurlu yazı -
"Bolşevik yazı".
Neispravimıy
...gəlib Moskvadan
SSRİ-nin ünlü yazarları...
bəzilərinin Siyasi Büroyla, Stalinlə
var dostluğu, salamları...
adları sovetlər ölkəsində məşhur.
əyalət bildikləri şəhərdə
hamısı qürurlu, hamısı məğrur...
onları razı salmaq üçün
əldən gedir xeyli
dövlət məmurları.
bir "molodes" almaqdı onlardan
hamısının arzuları.
yeri gəldi-gəlmədi irişirlər,
o yazarlarla kəlmə kəsməyə girişirlər.
onlarsa hərdən ədayla
özlərini çəkərək
atmaca atırlar məmurlara.
məmurlarsa məmnun-məmnun
yenə də irişirlər, gülüşürlər.
hamısının az qala
təzimlə gedir, gəlir nəfəsi,
yada düşür burda
"xan məni danışdırdı" lətifəsi...
...zəhmətkeşlərlə neçə-neçə
ideoloji tərtəmiz,
doğma, mehriban, əziz
qayğılı görüşdən sonra
rəsmi məclis düzəlir
qonaqların şərəfinə...
Azərbaycanın ağası
"yoldaş Bağırov"
təbii ki, keçib
süfrənin baş tərəfinə...
baxır süfrə başında oturanlara
amiranə,
Moskvadan gələnlərə təbəssümlə,
yerli yazarlara hökmlə, biganə.
Azərbaycan yazarları sanki
əlləri qapı arasında qalmış
uşaq kimi,
qorxa-qorxa danışırdılar,
söhbətə qarışırdılar...
məclis bir az məst idi,
Rəsulsa sərbəst idi...
çəkinmədən nə intellekt,
nə ədəbiyyat yarışından,
nə də ağanın
zəhmli oturuşundan.
bir az da ağayana danışırdı,
hətta
moskvalı yazarlara hərdən
dost təki sataşırdı...
Rəsul da, hamı kimi
bilirdi məclisin nizamını, qaydasını,
hörmətlə, nəzakətlə
dinləyirdi ölkənin ağasını...
təsdiq edirdi çoxu
onun hər sözünü,
vergülünü, nöqtəsini, nidasını...
Amma xoş gəlmirdi ağaya
Rəsulun dilli-dilavərliyi,
o olduğu məclisdə
belə sərbəstliyi,
hərdən moskvalı yazarlara qoşulub,
ürəkdən gülməyi...
tez-tez söz atırdı Rəsula,
sanki: - mən olan yerdə sən,
heç kimsən!
müti görünməlisən deyirdi...
duran-duran moskvalı yazarlarsa
tərslikdən
Rəsulu tərifləyirdi...
ağa saxlaya bilməyib özünü,
heç özü də bilmədən mızıldadı:
- sənin bunların yanında
hörmətin varımış ki!
Rəsulsa pərt, gizli qəzəblə:
- qoyursan ki, dedi...
bu cavabı gözləməyən ağa,
baxıb sola, sağa,
əsəbindən qaralıb,
qəzəblə: - "ax tı!
kakoy nespravimıy", - dedi...
çoxları elə bildi,
Rəsulun qanı getdi...
sonu yetdi...
Rəsulsa, qırmadan
vüqarını, təmkinini
sakitcə dönüb getdi...
o zaman bu hərəkət
qanla qurtarırdı mütləq...
Rəsulun qəlbindəki nur
təpər verirdi ona,
hünər verirdi ona...
onun tərəfindəydisə ədalət,
qorxmazdı, susmazdı
qəlbindəki nura
etməzdi xəyanət...
ölümdən şərəfliydi
ləyaqət.
o vaxt ağa onu
zindanlara atmadı, amma
yada salıb başqa belə işlərini,
düzəlməz tərs olduğunu da
hiddətlə unutmadı...
gözəgörünməz, zəhərli
çəpərlər düzdü
dörd tərəfinə...
ona görə tez-tez
"təsadüfi" əngəllər çıxdı
Rəsulun can atdığı,
layiq olduğu zəfərlərinə...
bütün ömrü boyu
Rəsul hər vaxt
məmurlarla danışanda,
nəsə tələb edəndə
sözlərinə diqqət verdi,
özlərinə yox...
haqq söz eşidən vədə
üzü gülərdi,
o sözün yerinə yetməsi üçün
əlindən gələni edərdi.
nahaq sözə, tələbəsə
çəkinmədən
qəzəbini göstərərdi...
Ensiklopediya
Rəsulun qəlbində bir ağrı vardı,
Azərbaycan adını, Azərbaycan odunu
bütün yer üzünə
yaymaq yolunda mübarizəyə
çağrı vardı.
Azərbaycan haqqında
ortada olan, dünyaya yayılan
bilgilər...
gizlədib doğma tarixi,
bələnmişdi boş hay-küyə
dolaşıq, bulaşıq yalanlar
sığmırdı yerə, göyə...
...bu zaman ortaya gəldi
yeni bir ideya
bütün respublikalarda,
Azərbaycanda
yaradılırdı
Milli Ensiklopediya.
amma nə qədər gözəl,
mühüm olsaydı da
Milli Ensiklopediyanın yaranması,
bu işin var idi həm də
bir qorxulu əmması.
Baş İdarənin başında,
daşnakların ilham verən,
1915-də Bakını
qanına qəltan edən
Stepan Şaumyanın
Lev adlı
doğma oğlu dururdu...
Lev türkə nifrət ilə
Ensiklopediya qururdu...
...ümidini bağlayıb Allaha,
dostuna, sirdaşına,
Rəsulun özü keçdi
bu işin başına...
toplayıb millətini sevən
savadlı cavanları...
gecəni qatdılar gündüzə,
düşdülər tarixdəki
ən doğma, doğru izə
yaratmaq istədilər
bu bulaşıq zamanda
nur dolu bir möcüzə...
...bərk nigaran idi Lev Şaumyan...
Bakıda
planı pozulmuşdu,
ensiklopediyanın başında
türk ruhuna köklənən,
Levin dədəsinin, özünün
murdarlığını bilən
qorxmaz insan durmuşdu...
Lev vuruşdu,
hay-küy saldı ki,
mane olsun, pozsun bu işi...
amma Rəsul da Rəsul idi...
Levin sındı dişi...
fasiləsiz qalsa da
neçə nəhsin əlində yaxası...
xalqının qanı, ruhu, qəlbi təmiz
bütün övladlarıydı
Rəsulun arxası...
Yeni nəfəslə, böyük həvəslə
Rəsulun komandası
qəlbləri arzularla dola-dola
çıxdı müqəddəs yola...
dağıdıldı ideoloji qəfəslər,
araşdırıldı tarixdə olan, bugünkü
millətin fəxri olan
olmuşlar, hadisələr...
ortaya çıxarılırdı
yeni-yeni mənbələr
yoxlanılırdı
şübhələr...
kənara qoyuldu
yalanlar bulaşığı,
hər yazıdan boylandı
vətənin doğma işığı...
***
...dözmədi Lev
danışıb Moskvada
neçəsi ilə alovlu-alovlu,
durub Bakıya gəldi başılovlu.
...elə hava limanından
duydu Şaumyan
Rəsulun nəfəsini, hikkəsini,
aldı dərsini.
Sovetlərin qaydasına görə Rəsul
hava limanına gəlməliydi,
Levə "xoş gəldin!" - deməliydi,
onu qucaqlayıb öpməliydi,
fırlanmalıydı başına.
qonaqlıq verməliydi,
onunla birlikdə
mehmanxanaya getməliydi,
xərcini çəkməliydi...
yüz cürə
nəvaziş göstərməliydi...
amma Rəsul
Levi vəzifəsinə yox,
qəlbinə layiq qarşıladı -
pişvazına getmədi,
gəlişi, niyyəti xoş olmayana
"xoş gəlmisən!" - demədi...
Lev Bakıda ətrafına fırlanan
məmurlarla qəzəblə
danışa-danışa Rəsulun qarasına,
gəldi Bakıdakı
ensiklopediya binasına.
gözləyirdi ki, məsul
onun qabağına qaçacaq Rəsul...
... Rəsulsa otağında
toplantı keçirirdi,
növbəti gündə növbəti işin
nizamını verirdi.
katibəyə dedi ki:
de, Levə, qoy gözləsin,
toplantı bitsin, sonra gəlsin.
bu, zərbəydi Şaumyana,
gözlədi qəzəbə, hikkəyə, ağrıya
boyana-boyana.
belə oldu söhbətin
mənası, nəticəsi:
- qarışmayın hər addım
müqəddəs işimizə,
ağıl verməyin bizə!
Moskvaya döndü Lev,
xeyli kinli, pəjmürdə...
döndü daha yırtıcı
bir düşmənə, namərdə...
min oyun düzdü-qoşdu
aşkarda, gizlidə
xain-xain vuruşdu...
...ona yardım eylədi
orda havadarları,
Bakıda ensiklopediyada işlər
qaldı yarımçıq, yarı...
nalə çəkdi Rəsulun
vətənini dünyaya
doğru, dürüst
tanıtmaq arzuları...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!