İspandilli poeziyanın ən görkəmli nümayəndələrindən biri hesab edilən Xuan Ramon Himenes 24 dekabr 1881-ci ildə İspaniyanın Moher şəhərində anadan olub. Sevilya universitetinin hüquq fakültəsində təhsil alıb. Ruben Darionun şeirləri ilə tanışlıqdan sonra poeziyaya bağlanıb və 1900-cü ildə bir-birinin ardınca iki şeir kitabı çap olunub. Atasının vəfatından son dərəcə kədərlənən şair bir müddət Fransadakı, daha sonra isə Madriddəki əsəb dispanserində depressiyadan müalicə alıb.
Fransaya səfəri zamanı Robindranat Taqorun tərcüməçisi Zenobi Kamprubiylə tanış olub və az sonra gələcək nobelçinin yaxın köməkçisinə çevriləcək bu qadınla ailə qurub. Vətəndaş müharibəsi başlanan kimi xanımı ilə birlikdə Kubaya mühacirət ediblər. Daha sonra ABŞ-da və Puerto-Rikoda yaşayıblar. Universitetdə dərs deyib. 1956-cı ildə xanımını itirən Himenes bu itki ilə barışa bilməyib və iki il sonra bir vaxtlar həyat yoldaşının vəfat etdiyi klinikada dünyasını dəyişib.
"İspan poeziyasına bəxş etdiyi bədii saflığa və yeni ruha görə" Xuan Himenes 1956-cı ildə ədəbiyyat üzrə novbəti Nobel mükafatına layiq görülüb.
SÜBH
Gecə
yoruldu
dolaşmaqdan...
Yasəmən rəngli mələklər
söndürdü yaşıl rəngli ulduzların işığını.
Bənövşə sərili yamaclar
qaranlıq çölün içindən sıyrılıb
qaldırdı başını.
Və çiçəklər köks ötürüb açdı gözlərini,
və çəmən şeh qoxusundan sərxoş oldu.
Və çəhrayı kollar -
o bəyaz sabahın nuruyla qucaqlaşdı!
yarıyuxulu qollarını açdı sabaha sarı, -
qoşa mirvari dənəsi kimi,
qoşa gəncliyimiz döndü geriyə,
əbədi yolçuluqdan qayıdan
ruhların kölgəsi kimi.
VİDA
Hərarətlə öpürəm
əllərini bayaqdan!
(Ürəyimin qapısı
Yenə qalıb kiliddə.
Meydanda tək qalmışıq
Səninlə ikilikdə.)
Dodaqlarım dartınır
Röyamda əllərinə!
Təkcə yuxularımda
Qovuşuram mən sənə!
GƏNCLİK
Yenə qaldıq baş-başa -
sənlə mən - sakit eyvan.
Bu mürgülü səhərdə
Nişanlım oldun, oyan.
...Təbiət xoş duyğuda,
qarışıb göy qurşağı.
boz-çəhrayı səmada,
sönük payız işığı.
Gözümü qaldırmadan
dodağımı uzatdım,
yanağına toxundum,
sanki xəzinə tapdım.
...Bağ cığırları üstə
tökülüb qalıb xəzan,
günçiçəyi ətrindən
bihuş olur lap adam...
Sənə sevgilim dedim;
sükutla mənə baxdın.
o qəmli gözlərindən
iki damla yaş axdı.
***
Qayıtmaram geriyə.
Gecənin mürgüsündə
Uyuyan torpağa da.
Qəfil zülmət çökəcək
Tənha Ay işığında.
Kimsəsiz evimdəsə kölgəm də qalmayacaq,
at oynadacaq külək,
axtaracaq ruhumu
viranə qalmış ürək.
Kimin xatirəsində, qəlbində qalacağam,
xəbərim olmayacaq,
görən kim kövrələcək
məni xatırlayaraq.
Amma güllər, çiçəklər, kəhkəşanlar olacaq,
sevinc, kədər yerində,
yenə çılğın görüşlər
bir ağac kölgəsində...
Bir də köhnə piano, gecənin qucağında
səslənəcək bir kərə,
boylanacaq üzümə
bağlı qalan pəncərən.
YORULMADAN GEDİRƏM
Yorulmadan gedirəm
və düzəngahda ayaqlarım altda qalan
qum dənlərinin soyuq xışıltısını dinləyirəm.
Yorulmadan gedirəm;
kəhər atı yəhərləmək fikrim yox,
qoy dəstədən geri qalım, nə olar, -
yorulmadan gedirəm, -
ruhuma hakim olsun,
düzəngahda ayaqlarım altda qalan
soyuq xışıltılar.
Yorulmadan gedirəm.
Uzaq - yaxın talanın sinəsinə çöküb
nəhəng gecə okeanı.
Yorulmadan gedirəm.
Ürəyimdə sevinc də var, qəribəlik də;
yol boyu qəfil qarşıma çıxan hər şeyin
içindən keçib gedirəm,
və... yorulmadan gedirəm! -
və ayaqlarım dumanlı gecənin
şehli otlarında çimir,
və mən başdan-başa
gecənin ətrinə bürünürəm.
Yorulmadan gedirəm,
geridə qoyduğum göz yaşlarını,
yaraları qarşılamağa gedirəm,
həsrətimi oxşamağa gedirəm.
Tərcümə etdi:
Əyyub QİYAS
Şeirlər Ayan Səfərlinin ispan dilindən sətri tərcüməsi əsasında işlənib
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!