Bir təsadüfdən şeirlərilə ilk dəfə 1982-ci ildə tanış olub, dilimizə çevirməyə başladığım Lev Kvitko 1890-cı ildə Ukraynada doğulmuş və erkən yaşlarından yetim qalıb, nənəsinin himayəsində böyümüşdür. Uşaqlığın qayğısız illərini yaşamaq əvəzinə ehtiyac üzündən işləməyə məcbur olan, 12 yaşından şeir yazmağa başlayıb (ilk şeiri 1917-ci ildə çap olunub, ilk kitabı 1917-ci ildə yəhudi dilində (idiş) Kiyevdə nəşr edilib), xoşbəxt uşaqların obrazını yaratmaqla onları özünə həmsöbət edən şairin sonrakı həyatı da çətinliklər və sıxıntılar içində keçmişdir. 1921-ci ildə Berlin və Hamburq şəhərlərində Sovet nümayəndəliyində işləyən şairin şeirləri Qərb mətbuatına da ayaq açmışdır. 1939-cu ildə Sovet dövlətinin Qırmızı Əmək Bayrağı Ordeniylə təltif etdiyi, 11 ilə (1937-1948) 37 kitabı nəşr olunmuş, müharibə vaxtı YAK-ın (Yəhudi Antifaşist Komitəsi) fəal üzvi olmuş böyük şair Lev Kvitko məhz sovetlərin əliylə "vətən xaini" damğasıyla 1949-cu ildə həbs edilib, 1952-ci ildə Moskvada güllələnmişdir. 3 il sonra isə -1955-ci ildə ona bəraət verilmişdir.
Yaradıcılığı nəinki oxucularımız, hətta ədəbi-ictimaiyyətimiz tərəfindən tanınmayan Lev Kvitkonun şeirlərini rus dilinə A.Axmatova, S.Marşak, S.Mixalkov və M.Svetlov kimi nəhənk simaların tərcümə etməsinin özü onun böyük istedadından xəbər verir. Azərbaycan yazıçı və oxucularının fərqli poetik nümunələrlə tanışlığını nəzərə alıb öz tərcümələrimi onların mühakiməsinə verməyi qərara aldım.
Bacarıqlı oğlan
Lemyela qaçıb gəlib,
Evlərinə girəntək.
- Oy! - Qışqırdı anası. -
Neyləmisən, de görək?!
Kiminlə dalaşmısan,
Alnın çapıq-çapıqdı?
Bu işdəklərin məni
Qəbrə aparacaqdır!
Lemyela dilləndi tez -
Qırpa-qırpa gözünü:
- Heç özüm də bilmədən
Dişləmişəm özümü!
- Səndə belə bacarıq?! -
Təəccüb etdi ana. -
Necə ağzın uzanıb,
Çata bilər alnına?!
- Lap asanca... - Lemyela
Cavab verdi gülərək. -
Bundan ötrü stulun
Üstə çıxasan gərək!
Lemyelanın ev işləri
Çağırdı ana:
- Gedirəm, oğlum,
Tək qalacaqsan,
Qurbanın olum.
Ev işlərimə
Kömək et barı.
Yatır bacını,
Yu boşqabları.
Pis olmaz üç-dörd
Odun da yarsan.
Sonra xoruzu
Dama salarsan.
Odun... və... bacı...
Xoruz... qab-qaşıq...
Lemyelanınsa
Bircədir başı.
Cəld tutub saldı
Bacını dama:
-Sən otur burda,
Bacı, ağlama!
Sonra odunu
Yudu, ayırdı,
Sonra çəkiclə
Boşqabı qırdı.
Xeyli çarpışdı,
Didişdi qoçaq -
Yatırammadı
Xoruzu ancaq.
Anna-Vanna
- Anna-Vanna, göstər görək
Neylir donuz balaları?
Tumarlayıb oynadarıq,
İncitmərik onları.
- Çıxın görüm həyətdən,
Xahiş eyləməyin siz.
Çimmək vaxtıdı onların,
Sonra, sonra gələrsiniz!
- Anna-Vanna, göstər görək
Neylir donuz balaları?
Belindəki tüklərini
Sığallayaq bir az barı!
- Çıxın görüm həyətdən,
Xahiş eyləməyin siz.
Yemək vaxtıdı onların,
Sonra, sonra gələrsiniz!
- Anna-Vanna, göstər görək
Neylir donuz balaları?
Çil basmış üz-gözlərinə,
Quyruğuna baxaq barı!
- Çıxın, görüm həyətdən,
Xahiş eyləməyin siz.
Dinclik vaxtıdı onların,
Sonra, sonra gələrsiniz!
- Anna-Vanna, göstər barı,
Neylir donuz balaları...
- Gecdi artıq, çıxın gedin,
Gözləyin səhərəcən.
Yatır donuz balaları,
Xor-xor salıb, gör necə!
Bembadan Drembaya
(zarafat)
Tişka yır-yığış etdi -
Qoy bilməsin bir adam.
Bir axşam yola düşdü
Drembaya Bembadan.
Şorqoğalı bişirir
Nənəsi Drembada.
Ətrindən, ləzzətindən
Adam doyur Bembada.
Keçir gedir kölgədən,
Gündən, ağac dalından.
Şorqoğalıdı ancaq
Fikrində, xəyalında.
Gün batır, hər tərəfi
Qaranlıqlar bürüyür.
Tişka ayaqlarını
Zorla-güclə sürüyür.
- Bəlkə yatım... meşədə
Qoy açım səhəri mən.
Sabah şorqoğalıyla
Qayıdaram geri mən.
Gecə rahat yatmıram,
İtirərəm sağ-solu.
Səhər tezdən duranda
Tapa bilmərəm yolu.
Başmağımı qoyum qoy
Mən ağzı Drembaya.
Sübh səhər oyananda,
Qayıtmayım Bembaya.
Baş atdı yatdı Tişka
Yol ağzında - açıxda...
Çoban keçirdi burdan
Səhər gün çıxa-çıxda.
Gördü başmaq tayları
Tuşlanıb Drembaya.
Tez götürüb onları
Qoydu üzü Bembaya.
Tişka durdu sevincək:
- Budur dostlarım - varım.
Yoxsa azıb qalardım,
Sağ olsun başmaqlarım!
Necə olsa taparam
İndi yolu asanca.
Geyinib başmaqları,
Getmək gərəkdi ancaq.
Tişka keçir kölgədən,
Gündən, ağac dalından.
Şorqoğalıdır ancaq
Fikrində, xəyalında.
Budur, evlər görünür -
Tüstü tutub bacanı.
Bu nədir, Drembadır,
Bembadır... nədir, canım?!
Dremba, yoxsa Bemba,
Bemsə... Dremba hanı?!
Vay səni, bu Dremba
Lap eynidir Bembanın!
Həyət-baca, dəhnə, yol,
Evlər Bembasayağı...
Bemba uşaqlarıdır
Uşaqları da axı!
Baxır başmaqlarına
Tişka sonra doyunca.
Elə özüdür ki, var,
Toza bulaşıb ancaq!
Bu nə deməkdi, dostlar,
Siz deyin, deyin, biləm...
Ola bilər bəlkə mən
Heç mən özüm deyiləm!
Ruscadan tərcümə edən: Qəşəm İSABƏYLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!