Qayıq
Geridə buraxıb suları,
dalğalanmış sualları,
mübarək duaları-
gedirəm dənizlərin sonuna qədər.
Arxamca susan əşyalara,
ağlayan uşaqlara
baxa bilmirəm.
Baxmıram
"əlvida" yerinə
göz vuran işıqlara.
Sahildə ayağa durub yollar
görənlər deyir "dəlidir".
Amma həyat
qum üstündə qoyduğum
izlər kimi
qəmlidir...
qəmlidir…
Gedirəm
suların sonuna qədər,
sualların sonuna qədər…
Hüznlü sular
Günlər hüzn daşıyır sabaha,
saatlar ölümü göstərir yenə...
Sonuncu qatara gecikmiş kimiyəm...
perronda durmuşam,
əlimdə çemodan...
Ya da limandayam,
qucağımda bəyaz çiçəklər...
Gözlədiyim gəminin
gəlməyəcəyini bilirəm indidən.
Günlər hüzn daşıyır sabaha ,
saatlar ölümü göstərir.
Sabah qəzetlər
yeni faciəni yazacaq.
Kimsə terrora yozacaq bunu,
kimsə uduzacaq həyata
neçəncisə dəfə.
Orda - uzaqlarda isə
batan gəminin geridə buraxdığı
hüznlü suları
yoxsullar paltarlarıyla bəzəyəcək,
qağayılar səsiylə.
Günlər hüzn daşıyır,
saatlar ölüm...
Bahar sindromu
Bir az darıxmaq var,
bir az yuxu yoxdu.
bir az ağlamaq var,
bir az ümid yoxdu.
Bir az sükut var.
Sükut var.
Pəncərəyə gözünü dikib,
səhəri gözləyən baxışlar da var,
yağış yoxdu.
Qaranlıqda küçədən keçən,
harasa uzanıb gedən yol da var,
məsafə yoxdu.
Qapımızı çöl tərəfdən pişik cırmaqlayır,
qonaq gəlir yuxusuzluğuma.
Həyatımda pişik də var,
sən yoxsan.
Zəncirotu çiçəkləri
Fərqinə belə varmadan
günlərin başlamağının,
yoxluğun,
yoxsulluğun
yaşayırdın ömrünü.
Hər dəqiqə aldadırdı səni
evlərin,
adamların,
yolların görüntüsü.
Sonra da qaçıb səssiz bir məkana,
açaraq gözlərini göylərə
unudurdun özünü də…
Onda yaşın on altıydı,
onda zəncirotu çiçəkləriylə
bəzəyirdin saçlarını.
Onda həyatı sevirdin...
Unutmağa gedən qatar
Qatarın pəncərəsindən əl edən
qadının baxışları
unudulduğumu xatırlatdı mənə...
Unutmağa gedirdi qadın...
unutmağa gedirdi dünənini,
bu gününü,
sabah haqqındakı arzularını,
xərçəngli təbəssümləri,
avtomobil qəzalarını,
daha nələri,
daha kimləri...
Amansız həkimləri,
ümidsiz baxışları,
soyuq torpaqları,
tökülən yarpaqları...
"Gərgin kədərlərin fonunda
unutmaq ən ali hissdir"
deyə düşünürdü o qadın.
Yaşamaq ən çoxu nəfəsdi,
ən azı ürək...
Seyrək saçlarını barmaqlarıyla darayıb
əl etdi qatarın pəncərəsindən,
əl etdi uzaqlara.
Üz tutub getdi onu tanımayan yerlərə,
getdi azadlıqlara...
Tərcümeyi-hal
Sən heç aşiq oldunmu, dostum?
Dəqiqələrlə eyni nöqtəyə baxıb,
eyni adamı düşündünmü?
Ağladınmı, güldünmü onun yerinə?
Üşüdünmü?
Əllərini ciblərinə saldıqda
onun əllərini aradınmı dostum,
bəlkə əlləri ciblərində gizlənib deyə?
Heç susdunmu dostum,
bəlkə gəlib "darıxıram"
deyəcəyini gözləyə-gözləyə?
Uzaqlara gedən qatarların
toplaşdığı vağzallarda uyudunmu dostum,
bəlkə o, qatara gecikər deyə?
Dayandınmı perronda saatlarla
gedər deyə, gələr deyə....
Sən heç unutdunmu dostum,
onu unutdunmu?
Bir çay daşına yazıb adını,
tulladınmı uzaqlara?
Geri qayıtdınmı dostum?
Qayıtdınmı?
Melanxoliya
Ağaclar ölümə inandırdı bizi,
yarpaqlarının arasından əl edən adamın
asılmış silueti qədər inanmadıq heç kimə...
Bir də gördük ki, kitab yazmışıq -
insan var olmuşların ən tənhasıdır,
o qədər tənha ki, yoldaş olur torpağa da,
ağaca da,
daşa da.
O qədər ki, günlərin birində
torpağa tapşırır özünü
belində ağacla,
başında daşla.
Biz şeytanla savaşda uduzduq
dünyanı dostum,
çarpaz dirəklərə mismarlayıb özümüzü
yumduq gözlərimizi,
susduq dünyanın sonuna kimi.
Yenə inandırdı ağaclar...
Tək inandığımız ağaclar oldu yenə.
Yarpaqların arasındakı adamın
asılmış silueti gülümsəyir bayaqdan,
istəyirəm yaxınlaşıb soruşum "ey, oyaqsan?"
Geriyə say fəlsəfəsi
Onda ömrün sonu idi,
hamı ağaclara yazdı adını son dəfə.
Son ağaca qıymayıb
havaya yazdım adımı mən,
silindi adım baxışlarımı çəkəndə…
Bir neçə il geri atdı həyat bizi
daraldıb səbrimizi.
Onda ki, anlamağa başlayırdıq
ümidin də ömür kimi qısaldığını…
Saçlarıma təzə qarışırdı rənglərin ağlığı,
hərdən ağlamağım da tuturdu
yadıma salanda uşaqlığı.
Daha neçə on il geri
artıq unutdum illəri…
Yenicə atılmışam həyata-
önümdə bir ömürlük gələcək
"gənclik heç zaman bitməz ki"…
İndi azadam…
Divar kağızlarına
istədiyim qədər rəsm çəkirəm - quş rəsmi
hələ bilmirəm sözlərin anlamını.
Quş qədər azadam…
Lüdviq van Bethovenə
Zəng səsi ilə bildirəsən
var olduğunu.
Barmaqlarınla güləsən ,
saçlarınla ağlayasan.
Tərsinə düzəsən günləri ,
ölümün rəsmini çəkəsən
evinin kandarına .
Aldadasan
fikirlərini belə.
Lal olasan
və demək istəyəsən ki sevirəm...
Gecə qaralaması
Gecə, saat 3:50,
yenə yuxusuz şair.
Hüznlü dodaqlarım
sükuta şeir deyir...
Gecə, saat da keçmir,
qar da yağır bayaqdan...
Üşüyən pəncərələr
uğuldayır bayaqdan.
Tənhalığın əlindən
yalnız üzülmək olar.
Bu fevral gecəsinə
qoşulub ölmək olar.
Ya da ki, kölgə kimi
səhərə yox olasan.
Xırda-xırda bölünüb,
havaya dağılasan.
Hər kəs də elə bilsin
gizlənmisən hardasa.
Çağırsınlar astadan
"Nurgül, Nurgül hardasan?"
İllüstrasiya: Vinsent Van Qoq "Sent-Mari yaxınlığında dəniz"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!