Məsələn, mən gəlməyəcəm... - Özdəmir Asəfin şeirləri... - DİLSUZ

DİLSUZ

MÜƏMMA

Mən bir şey anladacaqdım,
                   kimə anladacaqdım?
Mən bir yerə gedəcəkdim,
                       hara gedəcəkdim?
Biri vardı,
       yanımdaydı bir az əvvəl,
                                  kim idi o?
Mənə bir şey söyləmişdi,
                              nə demişdi?

UYDURMUŞLAR
Türkü oxuyurmuşam
küçələrdə,
görmüşlər.
Yerə baxırmışam, yerə,
yeriyərkən,
duymuşlar.
Sonrasını
    uydurmuşlar,
        uydurmuşlar,
            uydurmuşlar...

EŞQ

Sən ucsuz-bucaqsız yerlərdə
                      qələbəlik kimisən,
Sən sahilləri bilinməyən okeanlarda
ələ gəlməyən,
sürüşkən
balıq kimisən.
Gah isidir,
               gah üşüdür,
                       gah güldürür,
                                  gah ağladırsan,
Sən
həm xəstəlik,
həm də sağlıq kimisən...

MƏN DEYİLDİM
Bir axşamüstü pəncərəndən
yola ağır-ağır enən
             qaranlığa baxırdın,
Mənə bənzəyən biri keçdi
              evinizin önündən,
qəlbin başladı
       bərk-bərk döyünməyə.

Amma o keçən mən deyildim.
Bir gecə
        yatağında yatırdın,
səksəndin,
           mən deyildim...
Mən
    çox-çox uzaqdaydım
                         o zaman,
özündən
   asılı olmayaraq
       yaş axdı gözlərindən -
məni düşünməyə başladın,
illər sonra olsa da,
eşqin
    hökm etdiyi
                   kimi yaşadın.
Amma
     göz yaşlarını
             silən mən deyildim...
Bir kitab oxuyurdun,
                   dalğın-dalğın,
içində insanlar
sevişirdilər, ölürdülər...
Bir gün
      bir gənc dəliqanlını
                   qətlə yetirdilər,
nitqin tutuldu -
nə edəcəyini bilmədin.
Amma
     qətlə yetirilən
               o dəliqanlı
                  mən deyildim...

DÜŞÜNCƏ
Hamının
    gələcəyini zənn etmə, -
məsələn,
      mən gəlməyəcəyəm...
Məsələn,
         mən gəlməyəcəyəm,
həyatı anlayasan deyə,
çaşmayasan deyə,
qorxmayasan deyə…
Məsələn,
        mən gəlməyəcəyəm,
bilmədiyin nə varsa,
öyrənəsən deyə,
özünə güvənəsən deyə…
Məsələn,
                      mən gəlməyəcəyəm,
           yarıyolda
                           qalmayasan deyə,
           mənzil başına -
           özünə yetişəsən deyə…
Məsələn,
                  mən gəlməyəcəyəm,
           milyonlarla insanın arasında
           tək qalasan deyə,
           tək qalasan deyə,
           tək qalasan deyə…

ŞEİR DÜNYAM
           Köks qəfəsimin içində,
                                           bir yerdə,
           bir şeir dünyam var mənim -
           doğruları yalanlarla
                                           anladan.
           Dünyadan çıxıb,
                            orda yaşayaram,
           orda üşüyər,
           orda isinər,
orda dadaram
                 sevginin dadını.
Acıları,
           kədəri orda unudar,
orda unudaram
                       çəkdiklərimi.
Bir şeir dünyam var mənim,
köks qəfəsimin içində,
                                bir yerdə,
qapısı
       və pəncərəsi
   insanla açıq,
           divarları pəmbə,
işıqları aydınlıq-aydınlıq…
Özümü həbs etdiyim
      gözətçisiz bir zindan…
Heç çıxmayım deyə
           hər gün dua etdiyim
bir şeir dünyam var mənim,
köks qəfəsimin içində,
                             bir yerdə…


YALNIZLIQ
Bir zamanlar
güldüyünüzü
           xatırlaya-xatırlaya
hüzn
  palçığını yoğurursunuz
                       ovuclarınızda,
Bilirəm,
      yalnız qaldığınızı
                    düşünürsünüz,
Bilirəm,
   tənhalıq məngənə kimi
                       sıxır ürəyinizi.
Unudulmusunuz…
Bunun başqa adı yoxdu.
Amma,
        əfv edərsiniz, var,
bunun başqa adı var:
yalnızlıq -
musiqinin səni dinləməsidir,
yalnızlıq -
insanın özü özünə
 məktub yazıb göndərməsidir

           və alanda açıb,
           sirr kimi
           maraqla oxumasıdır…
Bir zamanlar
güldüyünüzü
           xatırlaya-xatırlaya
hüzn
  palçığını yoğurursunuz
                       ovuclarınızda,
Bilirəm,
      yalnız qaldığınızı
                    düşünürsünüz,
Bilirəm,
   tənhalıq məngənə kimi
                       sıxır ürəyinizi.
Unudulmusunuz…
Bunun başqa adı yoxdu.
Amma,
        əfv edərsiniz, var,
bunun başqa adı var…  

SÖYLƏ
Bu gözlər səni görmək üçündür,
Səndən başqa bir şey varmı ki?
Dənizlərə baxıram, dənizlərə…Dənizlər bu qədərmi ki?
Baxıram, başqa şeylər görüm deyə,
Güllər əzilib-büzülürlər qarşımda.
Çiçəklərin ömrü üç-beş saniyə,
Bir eşq havası dolanır başımda.
Ulduzlara baxıram, ulduzlara,
Təkcə sənsən mənimlə baxan,
Nə oldu, görəsən, bu biri insanlara,
Mənə bir söz söylə, həyatı aydınladan…
Bu gözlər səni görmək üçündür,
Səndən başqa bir şey varmı ki?
Dənizlərə baxıram, dənizlərə…
Dənizlər bu qədərmi ki?


SƏNİ GİZLİ SAXLAYACAĞAM
Səni
gizli saxlayacağam, inan,
yazdığım şeirlərdə,
çəkdiyim rəsmlərdə,
oxuduğum türkülərdə…
gülsəm - gülüşümdə,
ağlasam - göz yaşımda…
Səni
gizli saxlayacağam, inan,
varsan, yoxsan -
              kimsə bilməyəcək.
Yaşayacaqsan gözlərimdə!
Təkcə sən duyacaqsan
      sevgimin yaz hənirini,
xəyallarımda uyuyacaqsan,
xəyallarımda oyanacaqsan…
Görəcəksən,
gələn günlər bənzəməyəcək
ötən günlərə -
daha məsud olacaqsan.
Bir sevgini
   anlamaq üçün
       bir həyat xərcləməlisən.
Xərcləyəcəksən!
Gözlərimi qapada bilmirəm,
gözlərimdəsən.
Qorxma, səni
gizli saxlayacağam, inan,
yazdığım şeirlərdə,
çəkdiyim rəsmlərdə,
oxuduğum türkülərdə...
 

HƏR NƏYSƏ...
Türkiyədə İstanbul nədisə,
İstanhulda gecə nədisə,
Gecədə gəzmək nədisə,
Gəzərkən düşünmək nədisə,
Həm də
   səni unudamamaqcasına
                   düşünmək nədisə,
Səni sevmək nədisə,
Deməyim,
       yox, deyim deyərkən

Birdən eşqə düşmək nədisə…
Eh, uzun söhbətdir,
Hər nəysə...

AĞLAMA 
Ağlama.
Ağlamaq -
hüznlə barışmaq,
yaşla qucaqlaşmaqdır.
Ağlama.
Ağlamaq -
ağrıya sığınmaq,
acıya əl açmaqdır.
Ağlama.
Ağlamaq -
çarəsizliyi,
        ümidsizliyi               yola verməkdir.

Ən çətini
       susmaqdır, susmaq...
Susmaq -
elə bir ağacdır ki,
budaqlarında
iri-iri
gözyaşları yetişir.
Ağlama.
İSTƏK
Rüzgarmı dedim...
İstərəm ki, saçların dağılsın,
Gecəmi dedim...
İstərəm ki,
   həmən düşüncələrə dalasan,
Eşqmi dedim...
İstərəm ki,
  ürəyin bərk-bərk döyünsün.
Gecənin bir vaxtı
           sabahmı dedim...
İstərəm ki,
       oyanasan,
              oyanasan,
                   oyanasan...


XOŞCA QAL
Pianonun
       ağ-qara dillərində
sənə dair
         bir türkü çalıram -
çoxalırsan,
       çoxalırsan otağımda,

sən çoxaldıqca,
     mən qeyb oluram,
                 qeyb oluram...
Gecə
    sancı çəkə-çəkə
                 doğur səni,
Aya baxıb -
            adını qoyuram.
Hər şey sən olur:
bulud - sən,
dəniz - sən...
Və mən qeyb oluram...
Ölürəm,
    ölürəm,
           ölürəm...
Səsini duyuram yuxularımda,
gözlərimi qamaşdırır
                               Ay camalın,
rüzgar
           sənin kimi
                    toxunur mənə -
dirilirəm,
           dirilirəm,
                       dirilirəm...
Eşitmək istədiklərimi
                  söyləmirsən heç,
əllərin toxunmur əllərimə,
sənin kimi bir şimşək çaxır,
düz qəlbimə düşür ildırım -
və mən yenidən ölürəm,
                                ölürəm,
                                    ölürəm...
Xoşca qal,
Xoşca qal,
Xoşca qal...
 

AYNA OYUNU

Bir çocuk doğuldu -
                               mən idim,
Növbəyə durdum
                          insanlar içində.
Oynaya-oynaya böyüdüm
    odalar, meydanlar içində...
Bir ayna doğuldu - gördüm,
Növbəyə durdu
                          aynalar içində,
Xoşuma gəldi, aldım,
        çarşılar, bazarlar içində.
İllər boyu
           üzünə baxdım,
Sifəti heç dəyişmədi
                          olanlar içində,
Bir səhər
           yuxudan ayıldım,
Qarşımda dayanmışdı,
     adi bir şüşə kimi, -
           üzü-gözü çat-çat...
           Mənmi aldanmışdım,
           Yoxsa,
                       omu özünü
                               ayna zənn etmişdi,
           Yoxsa,
                aradan, sadəcə,
                   uzun bir zamanmı keçmişdi?
           Bilmədim,
           Bilmədim,
           Bilmədim...


SƏNDƏN QALAN
           Bir şey qaldı
                       gecələrin birində
                                  səndən,
Əvvəllər
heç hiss etmədiyimiz bir şey;
Məsələn,
     qaranlığın düz ortasında
                       qıpqırmızı bir xal...
Kəlmələrin içində
           kəlmələrdən böyük
                   bir şey qaldı səndən,
həyat qovğasında
                         çırpına-çırpına...      
Bir şey qaldı
           bir dənizin sahilində
                                           səndən,
Baxış-baxış, söz-söz,
amma səssiz-səmirsiz;
səninlə dolu,
                  amma sənsiz bir şey -
axtardıqca bulunmayan,
bulunduqca axtarılan...

İÇİMDƏKİ ŞEYTAN
Sənin yanına gəlirəm, sənin,
                                  içimdəki mələk,
yalnız sənsən
                       həqiqəti söyləyən,
yalnız sənsən
lazım olanda
                       uçub gedən,
lazım olanda
                       uçub gələn...
Sənin yanına gəlirəm, sənin,
                                  içimdəki mələk,
Susmamaq üçün...
Çünki sənsən
      dinlədikcə dinləyən,
                 baxdıqca baxan,
                     gördükcə görən...
Sevməyi yaxşı bilirəm,
                       düşünməyi öyrəndim,
Duydum
nədir can vermədən ölmək.
Artıq bütün qapıları
                       açıb-örtə bilirəm,
Yalnız
    sən anlayarsan
           bunlar nə demək?
Sənin yanına gəlirəm, sənin,
                         yalansız-filansız,
Olduğu kimi
                danışacağam hər şeyi;
bil və bilsinlər -
sən
   güldürdükcə güldürən,
           öldürdükcə öldürən
və ölməyənsən!
 

HƏSRƏT

Bir gecə...
Gecənin içində
                    bir yuxu...
Yuxunun içində mən...
Uyuyuram,
Yuxudayam,
Yanımda sən.
Yuxumun içində
           bir röya,
Röyanın içində
           bir gecə,
Gecədə mən...
Harasa gedirəm,
Dəlilər kimi,
Ağlımda sən.
Səni sevirəm,
Gizlicə-gizlicə...
Hüzurunda
əl əl üstə dururam,
Üzünə baxıram,
Söyləmədən tək kəlmə.
Səni itirirəm
Qaranlıq bir anda,
Birdən oyanıram,
Baxıram,

           hər yan işıqdı,
Uyursan yanımda,
Gözəlcə-gözəlcə...
 

MƏNZƏRƏ
Buram-buram işıq saçan,
Rəng-rəng dənizlərdən keçən.
Solğun bir gəmidir yalnızlıq,
Gözlərdə dumanı qalır.
Ağır-ağır çökür gedir,
Ümidləri uçur gedir.
Ardında bir qaranlıq,
Bir də limanı qalır.
Nədi xatirələrdə çaxan,
Məni sahillərə çəkən,
Mayakmı? Yandı, söndü
                              bir anlıq,
Sönəni gedir, yananı qalır.
Quşmu, buludmu uçan,
Ömürmü, gözdən qaçan...
Bir dünyadı - bağrı yanıq,
Gedəni gedir, qalanı qalır...

Hazırladı:
DİLSUZ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!