Gəl gedək darıxmağa
Daha səsimdən tanımır
Tanış adamlar.
Boynuna xaç asıb ölür
Cavabsız suallar..
Sındırıb geyirəm əynimə
Tapmaca qapıları.
Qovuram otağımdan
Yalançı tanrıları...
Boğazım sancı çəkir
Bir ahı da doğmağa!
Oğurlayaq özümüzü
Gəl gedək darıxmağa!
Mən
Özümü sevmədim ki...
vaxtımmı vardı buna?!.
Axıtdım göz yaşlarımı
vaxt adlı bir zamana...
Yığıb gətirdim köçümü,
Kim axtara, kim tapa...
Unuda-unuda məni,
Sevgi məktubu yaza...
Qapını çırpa üzümə,
biryolluq çıxıb gedə..
Gedə... nəsə xatırlayıb
geri qayıda bilə.
Yaxın, tanış bir gecədi.
Qoy bir etiraf edim.
Mən özümü sevmədim ki,
Bundan sonra da... çətin!
Məktub
Bu məktubu da yazım,
Bunu da deyim, gedim...
Oxu, sonra da yandır,
Tapılmasın bir tikəm..
Uçurummu qorxutdu,
Həsrətmi üzdü səni...
Yel əsdi, dolu yağdı,
Yaraladı kölgəni.
Sındı şümşad barmağı,
Kimsəsiz pianonun..
Dayan, bir çətir götür,
Sərt deyirlər havanı...
Bu gecə yenə təzyiq...
Nəbzim də ki, yüzəcən...
Bir yol gəlir birbaşa,
O arzudan sizəcən...
Yağış da yağdı, kəsdi,
Yaz da, yay da ötüşdü.
O vaxtdan bağlı qalıb,
Ev poçtumun qutusu…
Darıxdım, çıxdım çölə,
Gələn poçtalyondumu?..
Bu məktubu da yazım,
Sözümüz söz...
Oldumu?!.
Apar bu gecəni
Apar, sənin olsun, bu gecəni də,
Doğra Ayı da tök, bəzə üstünü.
Yarımcan arzular, yetim istəklər
Neynək, qoy dayansın mənim qəsdimə.
Silahlı gəlmişdi hava da bizə,
Əlində dolusu, qarı, yağışı.
Çətini çətinə öyrəşincədi,
Asandı ötürmək sonra bu qışı.
Bax, yenə deyəsən qapım döyülür,
Taybatay açıram üzü qibləyə.
Göylərin şah taxtı sökülüb gedir,
Ləli-cəvahirat tökülür yerə.
Apar sənin olsun bu gecəni də...
Ruhtək gey əyninə kağız qələmi.
Yenəmi ürəyin məni istəyir,
Ağlın başqa səmtə çəkir yenəmi?!
Payız təntənəsi
Həyətdəki balaca gölməçədə
can verir yay...
Buludlar çiynində mafə daşıyır.
Uduzur yenə də ayrılıqlara,
Ah, o sevgili qız...
sənin yaşıdın!..
Bəlkə sən duymadın eşq təntənəsi,
ayrılıq əzabı, can təlaşını...
Nə bilim, deyirlər lap uzaqlarda,
Kimsə qarışdırır sənin başını...
Mənsə...
Mənsə inanmıram...
Eh, ölüm olsun...
Məni diriltsə bu ölüm dirildər!
Sonra yenə köhnə dedi-qodular...
Soyuq əlvidalar... sərt etiraflar...
Bir dəli leysan da başlayar, bitər...
***
Payızı mənə haram edən biri var
Gələr... gəlməz... sevər... sevməz,
nə bilim!
Çiçək kimi solub gedir ürəyim.
Alar... almaz... bölər... bölməz,
nə bilim!
Gedirəm ki, bəlkə görüb qayıda,
İtirmişəm haqq-hesabda sayı da,
Yola verdik bax beləcə yayı da.
dönər... dönməz... bilər... bilməz,
nə bilim!
Qadam dəysin ürəyinə zalımın,
Yeksan qoydu əhvalımı, halımı...
Mən sevmişdim o haşimi xalını,
görər-görməz! ölər... ölməz,
o da mənsiz
nə bilim!
Məni sev...sev...adam!
Məni vaxtında ağla,
Məni vaxtında sev, adam.
Heyif, vaxtdan əvvəl tapıb,
Vaxtsız itirən div adam...
Saat da tərsə qurulub,
Sabah zəngi gecə çalır.
Onsuz da gedənlər gedir.
Qalanlar da ölü qalır...
Dillənmir budaqda yuva,
Hopmur su səsi torpağa.
Gecələr şeh gəlib düşmür.
Gündüz yad olan yarpağa...
Mənə vaxtında yuva qur,
Məni özündə sev, adam.
A "Şəbi-hicran" oxuyan,
Ay dəli-divanə adam!
Belə yara bağlanmaz
Keçim oturum başda,
sən də yanımda otur.
Bu gedən kimdi belə,
bir az sənə oxşayır...
Bir az da ayrılığa
üzünün cizgiləri.
Bax gör kimi göstərir
bəxtinin güzgüləri...
Ara-sıra səs gəlir
qəlbinin arasından.
Ləkələnir bəbəyi
bilən yox çarəsi nə!
Ağappaq gecələrin,
Rəsmini çəkmək olmaz.
Ay həkim, insaf elə
Belə dərd tikmək olmaz...
Belə yara bağlanmaz
Belə iş olmaz, həkim!
Bir az sevgi qoy bağla,
Dünya dağılmaz,həkim!
***
Yenə sükut, yenə ağrı,
Çətin keçdi bu gecə.
Təzə oyun oynadıq,
Yenə olduq heç-heçə!
Yenə xoşbəxt adamlar,
Çıxıb getdi sabaha..
Bir sel gəldi… sel e sel,
Mən qaldığım otağa..
Pəncərəmdə ahlarım,
Gözümdə yaş qurudu.
Yenə barama qurdu,
Yarımçıq sap sarıdı..
Zarıdı divarlarım,
Çat verdi ağrılardan..
Gecə qan kimi çıxdı,
Qoyduğum sarğılardan!
Yanımda kimsə yoxdu,
Yadıma heç nə düşmür.
Bir az səsim dəyişib,
Başqa heç nə dəyişmir!
Pozuldu sətir-sətir,
Alnımın möhür yeri.
Yuyub sərdim üstümə
Yepyekə dənizləri...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!