İndicə burada -
Gülxanə parkında,
şabalıd ağaclarının altında idilər:
Nazim Hikmət,
Abidin Dino,
bir də İbrahim Balaban...
Ya mənə belə gəldi?
Gül səbətlərinin,
uşaq arabalarının
və göy qübbəsindən sallanan
yelləncək iplərinin arasında
heyrətlə baxırdılar İstanbula...
İstanbul da İstanbuldu ha! -
köksündə - ürək yerinə mavi dəniz,
boynunda - şərf yerinə
allı-güllü yaz mövsümü...
Ya mənə belə gəldi?
İndicə burada -
Gülxanə parkında,
şabalıd ağaclarının altında idilər:
birinin əlində
infarktdan dəlik-deşik olmuş ürək,
birinin əlində
qaranlığı dəlmək üçün
günəşdən düzəltdiyi külüng,
birinin də əlində
boyası qurumuş fırça...
Torpaq çanaqlarda
günəşin şəfəqlərini içə-içə
türkü oxuyurdular:
“Sən yanmasan,
mən yanmasam,
biz yanmasaq -
Necə çıxar qaranlıqlar aydınlığa...”
Ya mənə belə gəldi?
İndicə burada -
Gülxanə parkında,
şabalıd ağaclarının altında idilər...
Yox oldular...
Deyəsən, ömrün o üzünə keçdilər...
Ya mənə belə gəldi?..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!