"Hələ nə gedib ömürdən" - Nazim Əhmədlinin şeirləri

 

Yenə də bu gələn payız

Yenə də bu gələn payız,

saçlarımı qışa çəkir;

kirpiyimdən od götürüb,

gözlərimə maşa çəkir;

 

yaşıl yarpaq lələk-lələk,

könlüm bir dəlicə külək;

hardasa gizlənib fələk,

ömrümüzü boşa çəkir;

 

bu at qançır olub, bəyəm,

əlimdə səyriyir yüyən;

ruhum havalanıb, deyən

elə dağa-daşa çəkir;

 

toz olum, hara çəkilim,

bir daşda itər şəkilim;

bir yarpaq gətir, bükülüm,

buludlar yağışa çəkir;

 

nə baxırsan, qərib-qərib,

dərd bizi yarpağa sərib;

ayrılığa sinə gərib,

o dağlar, baş-başa çəkir;

 

bax, sinəmdəki əziyə,

ağrıları kim gözüyə;

Tanrı qoyub tərəziyə

bizi, dərdlə qoşa çəkir.

 

Bir qara yuxu içində

Bir qara yuxu içində,

yorğun gözlərim səyriyir;

qalxıb ayıla bilmirəm,

üstümə dağlar yeriyir;

 

deyən unutdum, adımı

çağır, ruhum oyaqdımı;

yağış islatmır adamı,

göydə buludlar çürüyür;

 

ağdı, ya qara, bilmirəm,

bir daşdı, qıra bilmirəm;

gedib çatdıra bilmirəm,

ordakı dağlar əriyir;

 

nə var ki alın yazımda,

fələklər kimin yasında;

boz dağların arasında,

küləklər məni sürüyür;

 

orda, bir ağsaçlı mələk,

göz yaşı ağappaq çiçək;

əlində bir taxta kürək,

ötən dərdləri kürüyür.

 

 Baxıram gündüzün qürub çağına

Baxıram gündüzün qürub çağına,

Günəş aşırımda yarıcan qalıb;

qırmızıya çalır sarı buludlar

yarı ilik qalıb, yarı qan qalıb;

 

ötən yaddaşımı dərib göy üzü,

ruhumu üstünə sərib göy üzü;

o uzaq göy üzü, qərib göy üzü

yarı gecə qalıb, yarı dan qalıb;

 

dərdi sıxcalasan suyu da çıxmaz,

çağır, Məlikməmməd quyudan çıxmaz;

dünyanın qışı da, yayı da çıxmaz,

ömür yarı gedib, yarı can qalıb;

 

nə tez payız gəldi, nə tez qış oldu,

illər qanadlanıb nə tez quş oldu;

bütün sevgilərin kökü yaşıldı,

bütün ayrılıqlar sarıdan qalıb;

 

yağıb sellənib də axıb getmişik,

dərdi, intizarı yığıb getmişik;

hansı cəhənnəmə çıxıb getmişik,

dağlar arxamızca pərişan qalıb.

 

Bulud gəldi, yağmadı heç

Bulud gəldi, yağmadı heç,

qalxım buludu əliyim;

başımda bulud papağım,

əlimdə gümüş çəliyim;

 

çağırma, üzüm səyriyir,

külək ələyimi əyir;

qanadıma nəsə dəyir,

qopub tökülür lələyim;

 

and olsun axşam çağına,

bir səs gəlir qulağıma;

düşüm yolların ağına,

üzü dağlara ləliyim;

 

elə bumu, alın yazım,

kür ruhumu hardan asım;

göy üzünə dua yazım,

bircə ağız da məliyim;

 

nə var, nə var səndən doğma,

dərd çeynədim loxma-loxma;

gəl, üzümə soyuq baxma,

yenə tutar dəliliyim.

 

Könül, çox da ah eyləmə

Könül, çox da ah eyləmə,

o buludun qarı keçər;

ürəyimə səda düşər,

gəlib ahu-zarı keçər;

 

gedər ağıl-huş addıyar,

gözümüzdən yaş addıyar;

payız gedər, qış addıyar,

dolanar baharı keçər;

 

yaman yuxaldır ney məni,

didərgin ruhum eymənir;

gətir, saplıyım iynəni,

ildızından darı keçər;

 

ötən günlər nə saydadı,

dərdim o tay, bu taydadı;

dünya bir gözüm boydadı,

ortasından barı keçər;

 

çıxdım daşın arasınnan,

göznən qaşın arasınnan;

yaynan qışın arasınnan

bir dəlisov sarı keçər;

nədir, dünyadan itiyim,

hansı cığırda itdiyim;

bir ömür yoldu, getdiyim,

yarı qalar, yarı keçər.

 

Ballada

Gecənin yaxasını

bir bəyaz ulduz sökür;

bir səhər də açılır,

elə buna da şükür;

 

buludlar lələk-lələk,

göy üzündə bir mələk;

dodağında çiyələk,

məni çarmıxa çəkir;

 

mən nə bilim suçumu,

üzüm-gözüm acımı;

payız qara saçımı,

ağca yarpağa bükür;

 

bilmirəm, nədi bu səs,

içim boşca bir qəfəs;

min ildi nəfəs-nəfəs

canımı bir dərd sökür;

 

göyün düz qırağında,

Tanrının çırağında;

bir kağız varağında,

fələyin evi çökür;

 

payızın yağışları,

yuyur yor-yoxuşları;

göy üzünün quşları,

buludda bostan əkir;

 

yazım qışımın üstə,

üzüm daşımın üstə;

süzür başımın üstə,

ruhum hayana səkir;

 

hərə bir dərd hayında,

mələklər bal ayında;

Tanrı öz sarayında,

ağlayır hönkür-hönkür.

 

Ürəyimdə bir söz qalıb

Ürəyimdə bir söz qalıb, 

gəl, səni agah eyliyim;

tellərini sər üzümə,

öpüm, qibləgah eyliyim;

 

yolu keçirdim, yarıdan,

pörşüləndim, sən sarıdan;

gəldim ki, səni yarıdam,

gəlmədim, günah eyliyim;

 

ocağın közün döndərim,

könlümün gözün döndərim;

fələyin üzün döndərim,

dərgahına ah eyliyim;

             

ötən dərdi kim araya,

ağ saçı büküm qaraya;

gedim çıxım, bir saraya,

özümü padşah eyliyim;

 

kür ruhumdan qopum yenə,

gəlim, çalım-çapım yenə;

səni hardan tapım yenə,

özümə ürcah eyliyim.

 

Könül qapılarım açıq qalıbdı

Könül qapılarım açıq qalıbdı,

hara çınqı düşür qoru mənimdi;

qapını kəsdirən qara qışın da

çovğunu, boranı, qarı mənimdi

 

bir xəyal quşuyam çağların üstə,

alışıb yanıram ahların üstə;

ruhum veyillənir dağların üstə,

həsrətin, qubarın barı mənimdi;

 

bilmirəm nədəndi dərdim, azarım,

harda tüstülənir qara məzarım;

elə hey payıza düşür güzarım,

payız bağlarının sarı mənimdi;

 

bir az ərköyünəm, bir az da bədəm,

bir qaynar ürəyəm, bir cılız bədən;

hər sözün-söhbətin bilmirəm nədən

zəhrimarı mənim, çoru mənimdi;

 

min illər öncəki günah yadımda,

yanıb əriyirəm bir ah odunda;

dünyada nə varsa günah adında,

yarı fələyindi, yarı mənimdi.

 

Yenə nəsə olmalıdı

Yenə yay gedər payıza,

yenə quşlar köç eliyər;

yenə yazın yaratdığın

payız gəlib heç eliyər;

 

yenə nəsə olmalıdı,

yenə ürəyim doludu;

yenə o payız buludu

göy üzündə kəkəliyər;

 

yenə gələr tozanağı,

süpürər dağdan aşağı;

payızın dəli sazağı

yenə məni gic eliyər;

 

göy üzü hərdən deyinər,

qara buludlar öyünər:

yenə ürəyim döyünər,

yenə həsrət beçəliyər;

 

durum hansı yana baxım,

yenə qaynıyır günahım;

heç bilmirəm dəli ruhum

haralarda gecəliyər.

 

Hələ nə gedib ömürdən

Hələ nə gedib ömürdən,

nə ağıl, nə huş qalıbdı;

başımı atıb yatmışam,

payız gedib, qış qalıbdı;

 

bilmədim, bu yer haradı,

gəl, bu cığırda sür atı;

Həmzə apardı, Qıratı,

yerində bayquş qalıbdı;

 

boz qayada qurdum hanı,

yerim hanı, yurdum hanı;

içimdəki dərdim hanı,

kipriyimdə yaş qalıbdı;

 

daş atır hər yoldan ötən,

dərd bükülür, çətən-çətən,

min ildi sökülür vətən,

nə torpaq, nə daş qalıbdı;

 

nə gedibsə, haqdan gedib,

vardan gedib, yoxdan gedib;

lələ köçüb, çoxdan gedib,

yurd-yuvası boş qalıbdı;

 

yay lalıyır, qış lalıyır,

dağ lalıyır, daş lalıyır;

göy üzündə quş lalıyır,

dərd içib, sərxoş qalıbdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!