Mənim ixlasım
Əlhəmdu lillahi rəbbil aləmin
dənizlərin uzağında gözdən itən gəmilərin
günəşlərin, küləklərin, bihudə keçən günlərin
peşimanlığından sığındım sənə.
Dalğalar da sahilə danışar sirrini dənizlərin
yosunlar necə rəqs edər balıqların nəğməsinə...
İhdinəs-sirat əl müstəqim
Yanlışım yox, məhzun gözlüm,
mən hərdaim səni sevdim.
And olsun yeddi səmaya
yeddi rəngə
yeddi yerə
getdi ömür birdən-birə
birdən otuza, otuzdan əlliyə
bölündü aylara, günlərə, təqvimlərə
bölündü qayğılara, havaya, suya və sairəyə...
İyyəkə nə budu və iyyəkən əstəin...
Bax, necə də tələsirsən yanımdan getməyə
gözümdən itməyə.
Bilirəm, əvvəl-axır unutmalısan məni
unutmalısan bu oyuncaq ev-eşiyi
qollarımdan getməlisən əvvəlcə
atmalısan bu beşiyi.
Böyüməlisən, tərk etməlisən hamını.
Mən də çıxmalıyam axı burdan əvvəl-axır,
daha qorxum da yox adamlardan.
Məni öldürmək üçün bu quyuya atanlar
qorudular canavarlardan.
İnnəl insanə ləfi xusr...
Mən səni bir yol qazandım, hər gün itirdim
mən özümü səndə gördüm, səndən sevdim
mən özümü səndə tanıdım, səndə tapdım
qorxuram bir gün olmasan
dostlarım, doğmalarım
nə atam, nə bacılarım
heç kimsə məni xatırlamasın.
... Əlləzi yuvasvisu fi sudurinnas
Setara...
Sabahlar gözləyənə,
qapılar döyənə açılar.
Arzular istəyənə,
itənlər axtarana tapılar.
Balıqlar dənizlərin,
quşlar göylərin,
atlar da çöllərin duasıdı.
Gəlmiş isə ömrünə
bir qadın könlüyalın,
göz yaşı sevginin sərmayəsidi.
Xatirələr səfində
muhtemelen
səadətli günü vardır
yetimçə bir tifilin də.
Bu gecənin qəfilində
səni düşündüm, Setara...
Evinizin qarşısında
pəncərinizin altında dayandım və ağladım.
Demək ki,
bir kişi
evinizin qarşısında, pəncərənizin altında
dayanarmış və ağlaya bilər imiş.
Günlər böylə keçər imiş, Setara,
nə fərq edər
ya bir qadın bədənində, ya bir kişi bədənində?
Bir də gördün ömür dar gəlir əyninə...
Çiçəklərin açışını
çayların axışını,
buludların yağışını sən dəyişdin, ya Rəbb.
Ömür uzandı-uzandı,
bacım yuxuyozandı.
Bu sevgili gecə içrə
qarğa səsi də azandı, ya Rəbb.
Görəsən çəkdirdiyim
bunca əzablar içində
getmək həvəsim də nəydi?
Sənə bir etiraf borcum qaldı, Setara:
Günahlarımı güllə kimi sıxdım ömrümə,
məndən başqa hamıya dəydi.
Yollar uzandı-uzandı,
bacım yuxuyozandı.
məni özümdən qoru, ya Rəbb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!