Qriqori Vieru
(1935-2009)
2010-cu ildə Moldovanın paytaxtı, özlərinin diliylə desək - Kişinau şəhərində keçirilən beynəlxalq kitab sərgisinin iştirakçısı oldum. Hələ 80-ci illərdən SSRİ-də məşhur olan şair Qriqori Vieru ilə görüşmək üçün stol qonşum moldovan qadını sorğu-suala çəkdim. Onu da deyim ki, Q.Vieru iki mövzunu - ana və uşaqlar haqqında yazdığı şeirləri az qala folklor səviyyəsinə qaldıra bilmişdi. Mən də onun "Quş balaları" şeirini ha çalışmışdım ki, Azərbaycan türkcəsinə çevirim, yalançılar sözü, 2-3 il olardı, qafiyə tapırdım, məzmuna bədii don geydirirdim, misralarım şeirə çevrilmirdi. Birdən Abbas Səhhətin uşaq əruzu yadıma düşdü - "Quşlar... quşlar... a quşlar...". Beş-on dəqiqənin içində "Quş balaları" ana dilimizdə danışdı...
Sözüm yarımçıq qaldı. Bayaq moldovan qadından danışırdım - məni məyus etdi - 1 il əvvəl dar axşam çağı 3 km. aralıdakı kənddən, ha desələr də "getmə, dumandı" təklifinə baxmayan Q.Vieru yola çıxır və şəhərə az qalmış maşını dirəyə çırpılır...
Bu acının təəssüratı altında bir dəstə gül alıb, gedib qəbrini ziyarət etdim.
Böyük Moldov şairinin yaradıcılığıyla 40 ilə yaxındır ki, tanışam. 20-25 il əvvəl tərcümə edib, çapa vermədiyim "Quş balaları"nı axır ki, bu yaxınlarda təklikdən qurtardım. Ədibin bir sıra şeirlərini də gözünə qatıb, sevimli qəzetimizə verməyi özümə borc bildim. Moldovanlar Qriqori Vierunu çox sevdiklərindən bu tərcümələr haqqında eşidəndə, inanıram ki, xalqımıza olan hüsn-rəğbətləri bir az da artacaq.
Unutmaq olmaz ki, biz, F.B.Köçərli adına Respublika Kitabxanasının şəxsində dünyanın ən məşhur uşaq yazıçılarına verilən mötəbər Andersen mükafatının münsifi IBBY-yə - Dünya Uşaq və Gənclər Ədəbiyyatı Şurasına da (İsveçrə) məhz Moldovanın xeyir-duasıyla üzv olmuşuq.
Quş balaları
- A quşcuğazlar, üşümürsüz məgər
Siz yuvanızda beləcə lüt-üryan?!
- Eh, bizə neylər bu əsən küləklər,
Lap tufan olsun, anamız var - həyan!
- Yaxşı tutaq ki, ananız gəlmədi,
Yağdı yağışlar, nə olar çarəniz?!
- Bəs başımız üstə budaqlar nədi,
Yarpağına sığınarıq onun biz?!
- Birdən iş oldu, ananız gəlmədi,
Tökdü ağaclar da ki, yarpağını?!
- Eh, olan işmi anamız gəlməsin,
Töksün ağaclar da ki, yarpağını?!
Ulduz
Oy, kömək eylə, Ulduz,
Yırğala qız balamı! -
Ulduz balamı!
Lay-lay...
Lay-lay...
Yır-yığış etməliyəm,
Hər işə yetməliyəm.
Əlim çatmır balama!
Lay-lay...
Lay-lay...
Sığalla üz-gözünü,
Elə bilsin anasıdı,
Yoxsa oyanasıdı!
Lay-lay...
Lay-lay...
Novruzgülü
Bir novruzgülü tapdım -
Qönçəydi - açmamışdı.
Anama verim deyə,
Tezcə yanına qaçdım.
Novruzgülüylə məni
Qucaqlayantək anam.
Köksünün istisindən
Gül də açıldı o an!
Anam poçtalyondur
Çantasını eşib-tökürəm,
Məktub varmı görən mənə?!
Ah... dəymiş bir armud tapdım,
Kim yollayıb, görəsən... hə?!
Payız
- Cırıldama, cırcırama,
Bəsdi, oxudun daha!
Görmürsən anam yatır,
Birdən oyadarsan, ha?!
- Bağışla, bilməmişəm,
Susuram... sən də çalış -
Qoy yarpaqlar tökülüb,
Salmasın yerdə xış... xış...
Xoruz
Şeir demək həvəsinə
Düşdü xoruz,
Atılıb damın belinə
Düşdü xoruz:
- Bir... iki... üç... -
Ağzını açanda çaşdı,
Fikrindən sözləri qaçdı.
Bircə yadında qaldı bu -
Quq... qu... lu... quuu.
Zooparkda
Meymun ki, dişləyib-didmir,
Ziyan verməyir bir kəsə.
Niyə, görəsən, yazığı
Tutub salıblar qəfəsə?!
Uşaqlar da yamsılayır,
Əyir ağzını meymunun.
Onlar kimi davranmağa
Məcbur eyləyirlər onu.
Ay qalxıb göyün üzünə,
Sallanırdı banan kimi.
Meymun yumub gözlərini,
Ağlayırdı insan kimi.
Mənim karandaşım
Oynaqlayır, qaçır, gedir,
Tək ayaq üstə rəqs edir.
Gəzir, dolanır, salır iz -
Ağzından düşür evimiz.
Çəmən bitir ətrafında,
Güllər açır dörd yanında.
Hər iş bilir karandaşım,
Əl - onun, baş - mənim başım.
Yon
Atam çıxantək eyvana,
Çığırdı: - Yon, hardasan, ha?!
Qışqırığından bilirəm
Nəsə pis iş tutmuşam mən.
Yoxsa "Yonacan, hardasan?"
Deyərdi çağıran zaman.
Çömçəquyruqlar
- Biz də gedirik məktəbə -
Qur... qur... qur...
Hesabı bilmirik hələ -
Qur... qur... qur...
Necə öyrənək bu sayaq?!-
Qur... qur... qur...
Əl altda nə var ki, sayaq?! -
Qur... qur... qur...
Alma yox, qoz yoxdu belə! -
Qur... qur... qur...
Piroq yox, konfet də hələ! -
Qur... qur... qur...
Nəyi sayaq bir deyin siz?! -
Qur... qur... qur...
Qışqırmağı bilirik biz! -
Qur... qur... qur...
Kirpi bala
Ana kirpi girdi bağa,
Kirpi balanı yumağa.
Səhər şehiylə burnunu,
Gözlərini yudu onun.
Amma beli... ah, bu nədi,
Başdan-başacan iynədi!
Odur ki, bala kirpinin
Kir içində qalır beli.
Rəhm edib yağış ki, yağır,
Kirdən təmizlənir fağır.
Uşaqlar, sevinin ki, siz,
Bala kirpi deyilsiniz!
Yağış
- Şap... şap... şap... -
Şappadan çətiri vurur:
- Mən də gəlim?
- O yana dur!
- Şap... şap... şap... -
Şappadan asfaltı döyür:
- Mən də gəlim?
- Gəlmə, xeyr!
- Şap... şap... şap... -
Tarlaya gedir əlbəəl:
- Mən də gəlim?
- Tez elə, gəl!
Əllərim
Bir cüt əlim var mənim,
Bir yerdəyik hər zaman.
Üşüsə birdən onlar,
Üşüyərəm mən o an.
Ağrısalar, canımı
Ağrı bürüyər həmən.
Yuyarlar üz-gözümü,
Əvəzində onlara
Əlcək geydirərəm mən.
Saat neçədir?
Yetişmiş moruq kimi
Üfüq alışıb-yanır.
Bir qoca sübh səhərdən
Süpürür xiyabanı.
- Ehey, babacan,
Babacan, ehey!
Saat neçədi,
Neçədi, bir de?
Saat bağladığı qolu
Dövr eləyir sağı-solu:
- Ay oğul, vaxtı
Soruşurmusan?
Al qırmızıdı!
Al qırmızıdı!
Odur mavi suları, bax,
Yarıb keçir mavi qayıq.
Var gücüylə avar çəkir
Bir balıqçı ayıq-sayıq.
- Ehey, balıqçı,
Balıqçı, ehey!
Saat neçədi,
Neçədi, bir de?
Avar çəkir dayanmadan,
Yorulmayır da bircə an:
- Söylə, sən vaxtı
Soruşurmusan?
Mavidi, mavi!
Mavidi, mavi!
Meşə - yaşıl, tala - yaşıl,
Yaşıllıqlar aşıb-daşır.
Yaşıl otlar arasında
Dəryaz xırta-xırt dolaşır.
- Ehey, biçinçi,
Biçinçi, ehey!
Saat neçədi,
Neçədi, bir de?
Qolunda saatı vardır,
Baxa bilmir, vaxtı dardır:
- Dostum, sən vaxtı
Soruşurmusan?
Yaşıldı, yaşıl!
Yaşıldı, yaşıl!
Bir tənbəllə rastlaşırıq
Ağac kölgəsində yatır.
Daş dövründən qalıb sanki -
Keçirir ayı həyatı.
- Ehey, bir eşit,
Eşit bizi, ey!
Saat neçədi,
Neçədi, bir de?
Tənbəl gərnəşir, əsnəyir,
Gözünü açmadan deyir:
- Nə qışqırırsan:
"Saat neçədi?"
Yarıgecədi!
Yarıgecədi!
Ruscadan tərcümə edən: Qəşəm İsabəyli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!