Əlbəttə,
səndən gözəl olacaq
çəkdiyin rəsm,
səndən ucaboy,
səndən yaraşıqlı olacaq
yonduğun heykəl.
Əlbəttə,
nə desə, səndən doğru deyəcək
yazdığın şeir.
Və
səndən daha tez
yol tapacaq ürəklərə
oxuduğun nəğmə,
sehr-sehr,
əfsun-əfsun...
Sən olduğundan böyüksən,
Sən olduğundan yaxşısan,
Sən olduğundan gözəlsən.
Əl-ələ böyütdük sevgini
Birlikdə öyrəndik səninlə
ovcumuzda
ürəyi gup-gup döyünən
quşu sevməyi.
Əl-ələ, qumluqda duyduq
dənizin milyon ildə
yonduğu
sərt qayalara olan sevgisini.
Tırtılları tanıdıq
səninlə baharda,
hələ tırtıl ikən sevdik
sevgidən törəyən kəpənəyi.
Torpağı
evimiz kimi sevdik səninlə,
sevdik, birlikdə sevdik
quru torpağı kürüyə-kürüyə
ev quran köstəbəyi.
Köstəbəyindən torpağına, daşına,
tırtılından kəpənəyinə, quşuna
əl-ələ sevdik bu dünyanı.
Kədəriylə, sevinciylə sevdik
yazıyla, qışıyla sevdik,
ölkə-ölkə,
şəhər-şəhər,
kənd-kənd,
ev-ev sevdik.
Əl-ələ bəsləyib, əl-ələ dərdik,
əl-ələ dərib, insanlara verdik
verdikcə artan sevgimizi.
Sebestian Baxın sonatası
Nə mən soruşum səni,
nə sən məni sor.
Bədəndən çıxmış ruhumuz
fəzada bir eşq məbədi hörür.
Səs olmuş duyğularımız
gəlir
vaxt-bivaxt, dalğa-dalğa,
qırıq-qırıq,
Qovuşsa da səslərimiz bir-birinə,
biz qovuşmuruq.
Nə qollarımız var,
bir-birimizi saracaq.
Nə dodaqlarımız var,
bir-birimizi öpəcək.
Nə görən gözümüz var,
Nə görünən üzümüz var...
Biz eşq məbədi hörürük fəzada -
ən mücərrəd rəsmdən daha mücərrəd,
ən saf zərrədən daha saf...
Azərbaycan türkcəsinə uyğunlaşdırdı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!