İçinə atılmış daşın üstünü örtən su kimi həyat qapayır ölümü... - Çağdaş rus poeziyası

Zahid Sarıtorpağın təqdimatında

 

Andrey Orlov (Orluşa)

Şair, ssenarist, jurnalist. 1957-ci ildə Perm vilayətində doğulub. "Moskovskiy komsomoles" qəzetində, "Stolitsa", "Krokodil" jurnallarında işləyib. Daha çox Orluşa təxəllüsü ilə tanınır. Çağdaş rus poeziyasının ən populyar nümayəndələrindəndir.

Salvador falçısına cavab

Əlli üç il öncə ölüb gedərəm,

Bir doğum evində ölləm Uralda.

Bürünər bədənim çəhrayı rəngə,

Əllərim yumular gülməli halda.

Həkim birləşdirər göbəkbağımı,

Ömrümə son qoyar qayçısı onda.

Məni maqnit kimi çəkər özünə,

Anamın isticə bətni bir anda.

Gedərəm həyatdan bir ayrı yolla,

Keçməyib o yolu bir kimsə hələ.

Öncə yumaq kimi yumularam mən,

Örtərəm başımı öz ciftim ilə.

Tunelin sonunda işıqlar sönər,

həkimin gözləri, qapı... qeyb olar.

Axmaq səfilliyin sonu yetişər,

Yenə qoşa ürək birlikdə vurar.

 

Mən saatbasaat kiçilərəm hey,

Çalışaram elə geri boy atım.

Necə yaşadığım çıxar yadımdan,

Çıxar işıq saçan miskin həyatım.

Şübhənin, mənanın məğzi bilinməz,

Bir az ölçü itər, bir az mahiyyət.

Qorxu hüceyrəsi verər yerini,

Qoşa hüceyrələr dirçələr, əlbət.

Budur, demək olar, onurğam itib,

Dönüb bir balığın fəqərəsinə.

Əlsiz-ayaqsızam artıq... Gülürəm

Doğma rüşeymin xırda üzünə!

Üzümün cizgisi bilinməz artıq,

Bilinməz monqolam, ya yəhudiyəm.

Atamın belində var-gəl edirəm,

Bütün toxumlara mən yadam, deyən.

Artıq bölünməzəm və çəkisizəm,

Atoma dönərəm bir an içində.

İksli, iqrekli xromosomam,

Anaya dönərəm ayrı biçimdə.

İynənin ucunda şux bir ölüməm,

Rəbbin kisəsində əsirəm bu gün.

Düşüb döşəməyə silinərəm də,

İlk canlı da ollam kainat üçün.

Sizlərin qorxduğu, dua etdiyi,

Həyatın başlanğıc boşluğu - evim.

Kətanı qaraldan bir kvadratam,

Dəhşət cədvəliyəm Mendeleyevin.

Mən - Neron, Misima, Kortes, Paskalam,

Mən - kağız gəmiyəm - atıblar çaya.

Mən - astek Tanrısı Ketsalın bütü,

Nyutonun başına düşən almayam.

Nə xilas dilərəm, nə də mükafat,

Ucalıq istəmir ruhum, görürəm.

Dəyişib ölümlə doğum qütbünü,

indi mən geriyə ömür sürürəm.

Bu miskin illəri yaşayanlara

Nə deyim mən axı vida çağında?

Bir də doğulacam otuz il sonra,

Hansısa kiçik kənd məzarlığında.

Vera Pavlova

Şairə. 1963-cü ildə Moskvada doğulub. Moskvada Qnesinlər adına Musiqi Akademiyasını bitirib. Onlarla şeir kitabının, bir çox opera və kantataların liberetto müəllifidir. Əsərləri dünyanın əksər dillərinə tərcümə edilib. İngiltərə, Almaniya, İtaliya, Fransa, Belçika, Ukrayna, Azərbaycan, Özbəkistan, Hollandiya, ABŞ, Yunanıstan və İsveçrədə keçirilmiş beynəlxalq poeziya festivallarında iştirak edib. Türkdilli xalqlardan tərcümələr üzrə keçirilən "Ak Torna" adlı beynəlxalq poeziya festivalında münsiflər heyətinə başçılıq edir. 2000-ci ildə Appalon Qriqoriyev mükafatına layiq görülüb.

***

Çıxartdım gözlərimi və hovxurdum onlara,

Sildim ətəyim ilə tərləmiş eynək kimi.

Yerişimlə uzatdım tuflimin dabanını,

Nəvazişli sözlərlə yaxaladım dilimi,

və üz tutdum dünyaya. İşıq məni kor etdi

ayaqlarım büdrədi, nitqim tutuldu mənim.

Bu kiçik və xoş dünya, elə bil ki, gənc idi,

Həm yad idi, həm qəddar,

                        sərt və hər şeyə qənim.

Yad adamla tanışlıq mümkün deyildir qəti,

Özü də ki, küçədə. Həm də ki, kişi ilə.

İndi yüyür, get evə. Tuflini yeşiyə qoy,

Və gözlərini də qoy duzlu suya, tez elə...

***

Ağzımda bir misra - yatdım.

Ayıldım ki, yoxdu - udmuşam.

Sonra bütün günü sancıdan doğrandım...

***

Boğulurdum.

Özgənin gözündə

saman çöpündən yapışdım -

İkilikdə batmaq da

bir cür təsəllidi.

Amma öz gözümdə tiri görsəydim,

O zaman

İkimiz də üstünə çıxar,

üzüb xilas olardıq...

   Vadim Stepantsov

Şair. 1960-cı ildə Tula vilayətinin Uzlovaya şəhərində doğulub. Tula Mədən Sənayesi İnstitutunu bitirib. Rusiya Yazıçılar Birliyinin üzvüdür. Əsasən nəğməkar şair kimi tanınır. "Bedlam kapella", "Tatu", "Na-na" kimi bir sıra tanınmış musiqi qrupları üçün bəstələnmiş əksər mahnıların sözlərinin müəllifidir.

1988-ci ildə yaradılmış "Kurtuaz ədiblər cəmiyyəti"nin təsisçisidir.

Ölüm xanım

...İncik bir səfeh kimi otluqda kim öskürür?

Şehlikdə uzanmağa heç kimdə həvəs olmaz...

Ay soluxmuş-soluxmuş baxır gölün üstündən,

Sahildə bir xanım var, çiynində iti dəryaz...

 

Ağzında metal dişlər parıldayır sırayla,

Kəlləsində bir topa ağ saçı var hörük tək. 

Kimi gəzirsiz, xanım, kimdi o bədbəxt axı,

O iti dəryazınız, deyin, kimi biçəcək?

 

Sizlə görüş diləyən bir səfehdi o yəqin,

Sinəsi vərəmləyib şehli otlar içində.

Vurun siz onu, xanım, biçin dəryazınızla,

Bezdirir gecə boyu, vurun, dincəlim mən də!

 

Amma niyə siz mənə o cür pis baxırsınız,

Otluqdakı dostuma, nə oldu, de, bu saat?

De, niyə göy üzündən ötüşdü qanlı çiskin,

Və hər yeri bürüdü bu cür dəhşətli fəryad?..

Polina Barskova

Şairə, yazıçı. 1976-cı ildə Sankt-Peterburqda doğulub. Sank-Peterburq Universitetinin filologiya fakültəsini bitirib. Şeirləri ona bir sıra ədəbi mükafatlar qazandırıb. İlk nəsr kitabı olan "Canlı səslər" 2015-ci   ildə Andrey Belıy mükafatına layiq görülüb. 1998-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır, Berkli universitetində çalışır, həm də Amherstdəki Hemşpir-kollecdə rus ədəbiyyatını tədris edir...

***

İçinə atılmış daşın

üstünü örtən su kimi

Həyat qapayır ölümü.

Və mənasızcasına "yox" bağıran mən

yaxşılıqların ağuşuna huşsuzcasına yıxılaraq

"hə" deyə zarıyıram.

Açıq-saçıq uçub gedir

Pəncərəsi şehli təyyarəm.

Qonşuluğumdakı qadın

Mənə lazım olan sərbəstliyi bəxş eləyib

Tərpənmədən yatır.

Gərəksiz üzlərə mənzərəyə baxırmış kimi

Baxıram:

Kandara çıxan əlil də olsa

Ordan uzaq çimərliyə baxır

Və ilan kimi qıvrılan bədənləri görür,

Parıldayır, sürüşür,

qadınlar uçuşur arılar kimi,

və daşlar xışıldayır.

Nə qibtə hissim var, nə də qəzəbim,

Nə də başqa bir küfr fikrim var.

Bir dəfə

səni ölüm gətirmişdi mənə -

qucağında küçük gətirən qız kimi...

İndisə alıb gedir

Başqalarının yanında öyünsün deyə...

Qara, qızılı, çılpaq,

dəhşət saçan şikəstləri

sənə heyran etməkdən bezib o artıq.

O sənin yazılarınla

Dostlarını əyləndirmək istəyir.

Amma mənim

Çaşıb qaldığım bir məsələ var:

Yoxluqlar aləmi

Sənə ehtiyac duyur, deməli, həm də mənə.

Cənubdakı həmin ev kimi o çox gözəldi.

O evin kandarından bir şikəst

Süzür gözəl çimərliyi

Və o dişsiz adam

Ev sahibəsini kandara çıxmağa çağırır...

Tərcümə edən: Zahid Sarıtorpaq

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!