"Sırsıra - evlərin boyunbağısı, Durub qar altında...Yar çiçəkləyib..." - Şeirlər - Kəramət

Ana qucağı, gor qucağı

Çox, lap çox təşnəyəm sənə

...gəldikcə gəlmək...

uşaqlara qoşulub

...güldükcə gülmək...

(Mən heç zatən böyümədim ki)

Ana qucağı, yar qucağı, gor qucağı

...qaldıqca qalmaq...

heç istəmədim, canım-gözüm,

Görmürsənmi

başdaşlarında şəkillər

dünyaya necə də rişxəndlə gülür

...ah! necə də rahatdı

min ilin ölüsünə qoşulub

...öldükcə ölmək...

 

Birdəfəlik ömrümdə bir dəfə

Onda uşaqlar uşaqdılar,

böyütdü hamını

amansız həyat.

Mən də həyata, göylərə,

            Allaha meydan oxuyuram

Turan bir qolumda, Nuray bir qolumda.

Sinəmin üstdə Elnur

Anaya bax, anaya

Mənə yer qalmadı, kişi, ay kişi.

 

Eləcə

Eləcə zəng elədim

görüm səsin necədi,

sözün neçə hecadı.

Səsin qəbirdən gəlir,

ya da ki, lap səbirdən

biləsən ki, aparıb dəfn etmişəm

sən adlı bir sənimi

ürəyimin Fəxri xiyabanında

yoxluğumun yanında

Daha sözüm yox ki, yox

Daha işim ah ki, ah

Əgər bu həyat isə

bu zibilə tüpür get.

Bu zibilin əlindən

8 dəfə öpüb get.

 

eləcə zəng elədim

görüm səsin necədi,

Sən hardan biləsən ki,

mənim gorum necədi.

 

Keçmişdə bir adam vardı

- Alo, alo, cavab versənə,

Mənəm e, mənəm

40 ilin o tayından

keçmişdən gələn adam.

- Sən Kə-ra-mət-sən, Kəramət.

Səsinin nəfəsindən tanıram səni

susmağından belə.

Ömrümün elçi daşında oturub

səni gözləyirəm

harda qalmışdın, ay zalım,

- Gəldim, canım-gözüm, gəldim!

 

Qar çiçəkləri

Çiçəyə gül almaq ağlıma gəlməz.

Gətirdim Yer boyda qar çiçəkləri.

Sırsıra - evlərin boyunbağısı

Durub qar altında...Yar çiçəkləyib.

 

De, harda qalmısan? Gəlib çıxsana!..

Xaraba ömrümü bir də yıxsana.

Qaraya ağ düşüb, gözüm, baxsana

Ağ saça qar düşüb, qar çiçəkləyib.

 

Həyat öylə ağır, ölüm vız gəlir,

Yaza qış düşübdü, qışa yaz gəlir.

Böhtanda batmışam, sənə söz gəlir,

Söz də gülümsəmir, zor çiçəkləyir.

 

Səni sevmək

Qadağa zonasına girmək

"Tövbə" demədən

Allahın üzünü görmək

əllərini...

hə, hə, əllərini müqəddəs kitablar kimi

ələ almaqdı.

Sonra nədir? Bilirsənmi? -

uyurkən, soyuq olmasın deyə

üstünü ehmalca örtməkdi

qarşına çıxanları bağrına basıb öpməkdi

Səni sevmək.

Bu mənasız "Həyat"a

məna qatmaqdı.

 

Son tamaşaçı
Mövlud Mövluda

intihar mövsümü bitəcək, əlbət,

güllər də solacaq qəbrinin üstdə

göylərin sonuncu mərtəbəsindən

qorxma, at özünü səbrimin üstdə

 

misralar vərəqdə intihar edir

qızıl gül açıbdı asfalt...görürsən

cismi vətəndaşdı, ruhu mühacir

ağlaya-ağlaya nəyə gülürsən?

 

bircə sığınacaq göz tapammadın

yaxınlar-uzaqlar hüdülədilər.

tutub saxlamağa söz tapammadın

səni uçuruma itələdilər

 

baş rolda sənmiydin? "Olum, ya ölüm"

beləcə sonlanır yas tamaşası

səhnədə pərdə də ağ kəfəndimi

süpürgəçi qadın - son tamaşaçı.

 

Yaşasın bahar

Ağaclara yox, quşlara inan

şair sözündə

əsla yalan olmaz

Ağaclar aldanar

yalançı baharlara

Quşlar nəğmə oxumaz

aldanan çiçəklərə-

maygülü ağaclara.

Sən dondan-dona girən

ağaca baxma

bir bax, yazıq,

evində qaranquş yuva qururmu,

Əllərin göyə uçurmu?

Həyat küpəgirən qarıdı

Ağaclar aldadammaz

quşları...

əsla

Quşların nəğməsində

yaşayır bahar

yaşasın bahar!..

 

Yaz tənhalığı

beləmi olur tənhalıq

"Tənhalar nazirliyi" nədi, ay İngiltərə?

Mən tənhalar fəslində yaşadım

kimsəni

tənha qalmağa qoymadım, amma

minilllik şərablardan içdim

tənhalar şərabından doymadım, amma

sən, səni deyirəm

"Tək"lə "Tənha"nın nə olduğunu

bilirsənmi, təklənib döyüldünmü

heç bilmədin ki!

"Tək" nədi

"Tənha" nədi

o qədər təklər yanıında yaşadım ki

Məni "Fəxri xiyaban"da yox

Tənhalar məzarlığında

dəfn edərsiniz.

 

Ayrılırsan...

qəlpə-qəlpə, misqal-misqal, badə-badə

Siqaretin son qullabı kimi

sinədən qalxan "ah" kimi.

çıxıb gedirsən

"ya 13, ya 14, ya 15 yaşında"

            bunu Vaqif (Molla Pənah) deyib

sənin yaşın yox ki, canım,

O həsrət yaşında

Sən də sevgi yaşındasan.

 

Bu gediş o gediş deyil

O ev daha ev deyildi

Xatirə muzeyiydi.

Muzey bələdçisi - Kişi

yaşanan ömrün səsiydi

səsini unudub getmişdi Qadın

 

bir də ki kölgəsini unutmuşdu zalımcasına.

Kölgə param-parça

Qadın səsi ayağı yalın, payi-piyada

- Mənim yerimdə

başqa Qadınla yatma,

E-şi-dir-sən-mi?

(Bu səsi eşitməkmi olar, zalımın qızı).

 

İnsan təkcə gözləriylə ağlamır

Qarabağ qaçqını, 15 yaşlı fahişə və sən

80 yaşı vardı

            bunu fısıldayanda (85-ində öldü)

qırışlarında baxışların batardı

- Bilirsənmi, dəhşətli nədir,- sordu

dəxli olmadan

Mən də ilk ağlıma gələni dedim

hamının dediyi yalanı dedim

- Qaçqınlıq, köçkünlük.

 

...gülmək istədi

dodaqlarından göz yaşı töküldü

mən onda bildim ki, insan

təkcə gözləriylə ağlamır

dodaqlarıyla, sözləriylə, çiyinləriylə də

ağlayır, ağlayır, ağlayır.

 

(və dedi) yox, bala, aclıq, aclıq

sən heç ac adamı demirəm

ac pişiyin gözlərinə baxdınmı

mən ac itimi, pişiyimi, ağacımı

Qarabağda qoyub gəldim.

 

və o qəlyan çəkən

tüstüsünü havaya "ah" kimi buraxan

həsəd apardığım sonuncu

İpək-köpək qarışığı qarıydı

(indicə yaddaşım hayqırır

varıydı, belə bir qarı varıydı)

"Passaj" bazarı.

lap məscidin yanında

 

vardı bir fahişəxana

ya da

bir fahişə evi vardı (oxuyun)

vitrində canlı çeşidlər -

mini geyimlisindən başıbağlıya qədər

Nə işdisə, daha çox örtüləni

bir azcana bahaydı

bir dəfə yoxladım

ən çirkini də elə o başıbağlıydı.

- neçə yaşın var, - sordum orda birinə

-15 - dedi, (amma çox olardı bir az)

Dünyanın ən axmaq sualını verdim sonra

- Burada nə gəzirsən

 

sən indi cavaba bax, cavaba

günahdısa, günaha yaz

savabdısa, savaba.

- Acam, acam, acam

(gözündə aclıq yoxdu, amma)

məni "vor zakon" saxlayırdı

bir ildi türmədədi.

ilk dəfədi burdayam.

(Mən o "vor"u tanıyırdım)

 

Düşündüm, üşündüm

nə yaxşı əlim dəymədi əlinə

- Al bu pulu və çıx get

bir də hər ay

pulunu verəcəklər

qarnın ac qalmayacaq

 

Hə, siz indi bu köpəyin qızının

sualına bax:

-Bəs bu ürəyimi kim doyuracaq?

 

Qovdum, elə bil ki, özümü xilas etdim

bu sualın əlindən

-Bəs mənim ürəyimi

kim doyuracaq, müəllim?

 

Pis

Böyüklər üçün uşaq şeiri

Pisəm, pisəm, pisəm mən

dodağımı büzmüşəm

adamdan küsmüşəm mən.

atılıb-tutulmaqdan

sökülüb qurulmaqdan

Vallahi, bezmişəm mən.

 

Adəm oğlu adamdan

Əlimi üzmüşəm mən.

gedib itə-pişiyə

lap yapon ağacına

meylimi salmışam mən.

 

Pisəm, pisəm, pisəm mən

qığıltılı səsəm mən.

Heç özüm də bilmirəm

belə olan belədən

axı, niyə küsəm mən.

 

Sağlıqla qal

Sən heç badəyə

göz yaşını süzüb içdinmi

sən heç göz yaşından dəmləndinmi

ömrünü tapdalayıb

o yana-bu yana keçdinmi

bu dünyadan köçdünmü

yenə də qayıtdınmı

Onda, canım-qardaşım,

bizim söhbətimiz alınmayacaq.

Sevgi, ümumi vaqon,

şəxsi təyyarə

 

- "Sevirəm!" deyəcəkdim

sənə zəng çatmadı.

Əlindən tutub dənizin üstüylə

qağayı olunca qaçacaq, uçacaqdıq

Sənsə... sən... sən isə

Əhatə dairəsi xaricindəydin.

Bil ki, bunu da bilirəm,

doğulmadan ölənim,

"Sevgi" deyilən də

ümumi vaqonda getmək istəməz

Şəxsi təyyarəm var, heç bilmədin ki...

ammma

əl-ələ tutub

dənizin üstüylə qaçmaq

qağayı olub uçmaqdı eşq!

 

Yaddaşım xəcalət çəkir,

sən elə düşün ki

 

sinsiyib dayanmadın

yataqxana dəhlizində

sənə yemək, yatacaq verən mən deyildim ki

O mən deyildim ki

Gəncə Dram teatrının yanında tutduğum

həyət-həyat evində

qorxundan arxanı etibar etdiyin

...mən deyildim ki

Sənə çox,

...çççççççççççççççooooooooooooox

saymaqla qurtarmaz,

(yaddaşım belə xəcalət çəkir)

- adam fahişəyə özünü satmaz

(özünü satdın, O, səndən dəyərli)

Fərq etməz sən nəsən, nəyin nəsisən...

 

Hörmətli, Həyat xanım

yaşımın bu yaşında

Özünü yorma, sən sənin canın.

Ağlatmaq-sındırmaq qədim peşəndi

bu da sənin işindi.

mən, mən, mən...

Ağlamağa-sızlamağa doğulmadım

öləndə də misgin-misgin ölmərəm.

(Burda bir yalanım var - ağladım

çiynimdəki mələklərin yanlışıyla

keçəl başımla, ağaran saçımla

rişxəndlə gülən üzümlə ağladım

Bu başqa ağlamaqdı)

Mənim yazığım gəlib həyata

ömrümdən çalanlara.

Hörmətli, Həyat xanım,

İtimlə-pişiyimlə, həyətimdəki

ərik ağacını qucaqlayıb ağladım

İnsana güldüm, ancaq

İnsan ağlayacaq qədər gülməlidi.

hələ çəkdiklərimin dörddə biri deyil bu

40 il əvvəl yazmışdım

-Rüzgarlar əymək dilər

əyilməz başdaşım da.

 

Ucalıqdan yıxılanlar

45 ilin dostu, Respublikanın Əməkdar mühəndisi Xudayar Rəhimova ünvanlanır

Ağaclar yıxıldı ucalığından

Quşlar qanadından vurulan yerdə

Göylərin qanı axır

Kişilər dərədə dayananda da

Bu dünyanın get-gəlinə

Dağlar başından baxır

Kişilər yıxıldı kişiliyindən

Ağaclar yıxıldı ucalığından.

Səhrada qalsaq da, əziz qardaşım,

Suyumuz gələcək o Qaf dağından,

Gülümüz gələcək İrəm bağından.

Ağaclar yıxılır ucalığından,

Kişilər yıxılır kişiliyindən.

 

İllüstrasiya: Claude Monet "Snow in Argenteuil"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!