"Dünyanın ən gözəl yeri - Bizi eşqdən yarıdandı..." - Əlirza HƏSRƏT

Şeirlər

Qərib ayaq izləri

Yolların göz yaşıdır

Qərib ayaq izləri.

Bu yolun harasında -

Durub sayaq izləri?!

 

Ah, bu mizrab-sim belə,

Görməyib tilsim belə.

Bu yollara kim belə -

Vurub dayaq, izləri?

 

Şam tutub dərd-sərimdən,

Ruhum çıxır tərindən.

Bu yumruq əllərimdən -

Getməz bayraq izləri.

 

Səni sevib bağışladım

Ruhumla qol-boyun olub,

Bu can bu bədənə görə.

Mənə hamı qərib deyir

Bölünmüş Vətənə görə.

 

Ümidlərdir qol-qanadım,

Dillərdə dolaşır adım.

Səni sevib bağışladım

Saçımdakı dənə görə.

 

Götürməz ki, bu ahı eşq,

Sevənlərin günahı eşq.

Dünyada hər ilahi eşq -

Ayrılıqdır mənə görə.

 

Dar ağacı pöhrəsiyəm

Tanıyınca bu elçini

Zirvələr çəkdi içini.

Yubatmazlar əkinçini

Tarlada xış olan yerdə.

 

Yaxasını açıb dağlar

Gülümsəyir quzeydə qar.

Bir ayrılıq heykəli var

Yerimiz boş olan yerdə.

 

Bir qılıncdım, yoxdu tiyəm,

Atıb getdi məni yiyəm.

Dar ağacı pöhrəsiyəm

Bədənsiz baş olan yerdə.

 

Büdrəyəndə dağlar belə

Məni də çək işığına,

Qoy gəlim tək, işığına.

Düşüb şimşək işığına, -

Gözüm yağışa yıxılır.

 

Bir az nəfəs al dərindən,

Görək nə xəbər pərindən?

O divanə yurd yerindən

Qırılıb Şuşa yıxılır.

 

Kim kimə bel bağlar belə,

Ayrılanda ağlar belə?

Büdrəyəndə dağlar belə -

Üzü yoxuşa yıxılır.

 

Gözəl yeri

(Təcnis)

Zirvələri duman basıb,

Sanki dağlar yarıdandı.

O gur çeşmə baxışların -

Yarı zülmət, yarı dandı.

 

Hər çiçək bir tər sinədir,

Üstündə şeh tərsinədir.

Demə eşqin tərsi nədir?! -

Desən, deyər yarı dandı.

 

Qız, eləmə göz, əl, yeri,

Yeridinsə, gözəl yeri.

Dünyanın ən gözəl yeri -

Bizi eşqdən yarıdandı.

 

Əllərimin üstə gəldim

Çağır məni hüzuruna,

Durum xəstə-xəstə gəlim.

Ürəyimdə ayrı nəğmə, -

Dilimdə bir bəstə, gəlim.

 

Verib ömrü-günü yelə,

Çəkdirərik şəkil selə.

Düşürsə o mizrab telə, -

Oxu bir "şikəstə", gəlim.

 

Eşq bağında tər çiçəksən,

Öz şehindən içəcəksən.

Ayağımdan dara çək sən,

Əllərimin üstə gəlim...

 

Uşaqlıq etmişik

Adımıza bir gül əkib, -

Bağçalıq, bağlıq etmişik.

Şam tutub quzey qarını,

Əcəb qonaqlıq etmişik.

 

Eşq-lalə bağrında ləkə,

Kim könül verər bu təkə?

Sinəmə dağ çəkə-çəkə

Hər yanı dağlıq etmişik.

 

Ətirləndi o çiçək də,

Şehində şəklimi çək də.

Biz belə tez böyüməkdə -

Yaman uşaqlıq etmişik.

 

İllüstrasiya: Mark Şaqal "Venesiyalı sevgililər"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!