"Mən hələ də uşağam..." - Şeirlər - Gülsadə İBRAHİMLİ

Sənsizliyin yadından

Getmək istəyir insan uzaqlara,

Daha gecənin üzü ağarmamış,

Günəşin saçları tökülməmiş dağların döşünə.

Oyanmamış küçə itləri,

Gecədən qalma yorğunluğunu almamış

Şəhər fahişələri

Getmək istəyir adam.

Toplayıb qəribliyini, təkliyini

Oyuncaqlaşmış arzularını qızlıq paltosunun cibinə

Qaranquşlar qayıtmamış,

məzarlarda ölülər soyumamış getmək...

İçimizdəki uzaqların adamıyıq.

Bu şəhərdən xəbərsiz

Küçələrin yaddaşından silib izlərini.

Qapayıb pəncərəsinin gözlərini yoxluqlara,

Çəkib qapıları ardından

Çıxıb heç olmamış kimi sənsizliyin yadından...

                                     getmək istəyir insan.

 

Bir qadın təkliyində

Bir qadın təkliyində neçə kişi üşüyür,

Neçə kişi uduzur

Sevgisini,

Özünü.

Baxışında son bahar gəzdirən hər qadının

Saçlarında kim bilir

Neçə tənha gecənin

Sığalsız, cod əli var.

Azğın küçə ititək təkliyinə alışmış

Tənha qadın bəxtinin

Danışmayan,

Dinməyən,

Hayqıran baxışları,buz kəsilmiş dili var.

Bir qadın təkliyində neçə körpə üşüyür

Divarlar üşüyür,

açılmayan qapılar

Pəncərələr üşüyür.

Günəşini dəfn edib gecənin yatağına

Saatı cəllad olub ömrünü qılınclayır.

Bir qadının təkliyi

Baxışından,

Saçından

Üsyankar gülüşündən

Və bətnindən başlayır.

 

Bakım

Bakım,

Çılğın gəncliyimin mütəvazı şəhəri!

Mənim şeirlərimin sevgilisisən.

Dəli küləklərin üçün darıxıb saçlarım,

Öpsəm Xəzərin göz yaşlarından

Sahilində intihar etsəm özləyişlərimi,

Gözləyişlərimi.

Oğurlasam qağayılarının azadlığını.

Bakısızlamışam,

Heç bilmirəm

Nə vaxt,

Haçan biz bu qədər doğmalaşdıq.

Nə vaxt sevdim səni?

Nə vaxt danışdıq?

Hansı təkliyin tanışlarıyıq?

Yosun qoxulu sevgilərin,

Dalğa çırpınışlı ayrılıqların,

yalın ayaqlı,

Çılpaq təkliklərin əl dəyməmiş məsumluğu...

Hürriyyətim,

Hədsizliyimin dəli şəhəri

Hərlənir başımda buludu darıxmaqlarım...

                                  ipə yatmaz və sərsəri.

Bir gəlsəm,

Nəfəsimə çəksəm qoxunu.

Yuxuya getməyən gecələrinin sərxoşu olsam.

Öpsə sinəmi Xəzrinin nəmli dodaqları

Sevişsəm küçələrinin erotik sükutsuzluğuyla.

Bakım mənim,

İçimdəki fırtınaların,

Təkliklərin,

Özündən yoxa çıxmışlıqların sevgili yatağısan.

Bax, bu qədər darıxmışam,

Bax, bu qədər sənsizəm

Sən özünə sığmayan bir qadının sirr ortağısan.

 Nə deyim əllərini isitsin

Bəzən doğru kəlməni tapmaq üçün,

Yüzlərlə sözü yazıb-silirəm mesaj qutumdan.

Ne deyim əllərini isitsin

Nə deyim gözlərindən öpsün deyə

                        oynayıram sevgi lüğətləriylə.

Etinasız keçə bilmirəm

                        sənə aid olanların solundan,

Xəritənin bir ucunda sən

Ölkənin bir qütbündə mən

Və bu məsafələrə rəğmən

Mən hələ də sənə yaxın olmaq istərkən,

Nə yazım?

Eyni yerdən ağrıyır ruhumuz

Eyni şəhərdən keçir səadətimizin yalın ayağı,

Sən bir otağı bezdirirsən təkliyinlə

Mən bir şəhərin sənsizliyin söyürəm.

Ayrılıq nədir soruşsan, dəyərlim,

Ağlından keçənin küçəndən keçməməsidir,

Susmasıdır gülüşlərin

Öpüşünə həsrət dodaqların yaşlanmasıdır

Və bir qadının makyajla

                        özünü hamıdan gizləməsidir.

 

Malefiz

Mən inandığım nağıllar nağıllarımda qaldı

Gözlərimiz böyümədi,

Gözlərimizdəkiləri böyütdük.

Əllərimiz böyümədi

Bir ələ sığınacaq qədər anlamsızlaşdı,

Pişik yuxularımdan oğurlandı xumarlı xəyallarım.

Oxuduğum kitablara bənzəmir həyat,

Bildiyim məsumiyyətlər şeirlərdə qalıb.

Ruhuma gömdüyüm

            xəyalqırıqlarımdan öfkə cücərir.

Mən, qanadını sevdiyi oğurlamış "Malefiz",

Haqsızlıq dişi əcinnə

Səsi daha ürküdücü,

Daha tiz...

Məni hər tikədə "böyüməklə" aldadan qadın,

Sənə bənzəmir

Indi bildiyim qadınlar.

Atama oxşamadı inandığım insanlar.

Nağılım oğurlanıb, anam,

Böyüyürəm,

Böyüdükcə qorxuram.

Sarıl mənə,

Sarıl ana,

Mən hələ də uşağam... içimdəki qorxularımla.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!