C.Alfred Prufrokun məhəbbət nəğməsi - Tomas Sternz Eliot - Dünya ədəbiyyatına ən çox təsir edən üç şeir

2008-ci ildə Fransuaz Saqanın "Salam qüssə" romanını alıb oxumuşdum (H.Qocanın tərcüməsində). Romana yazılan ön sözdə Saqanın müxtəlif vaxtlarda verdiyi müsahibələrdən seçmə suallar da verilmişdi. Suallardan biri şeir haqda idi. Müsahibi Saqandan soruşurdu: "Siz bu romanı yazmamışdan qabaq şeir yazırdınız, sonralar da şeir yazdınız?" Saqanın cavabı maraqlıdır: "Çox yazmışam. Amma mənim şeirlərim yaxşı deyildi, yaxşı olmayan şeirlərsə, fikrimcə çap olunmamalıdır..." O gündən bu yana şeir yazmaqla poeziya yaratmaq arasındakı fərqi fikirləşirəm. Şeir yazmaq elə də çətin şey deyil, "qızdan, Aydan, ulduzdan" (Yesenin), cinaslardan, həmqafiyə sözlərdən, hisslərdən, duyğulardan, gördüklərimizdən xeyli şeir quraşdırmaq olar. Xüsusən, günümüzdə bu, adi işə çevrilib. Amma poeziya yaratmaq... Poeziya hisslər ağılla birləşəndə yaranır, "poeziya romantika olmayan yerlərdə yaranır" (Mayakovski). Adi şairlər şeir yazır, dahilər isə poeziya yaradır. "Seçilmişlərin sayı çox deyil. Hər böyük şairin yan-yörəsində minlərlə civildəşən balaca şair var..." (Kutzee) Çox az dahi şair olub. Və istisnasız, hamısı yol salıb, növbətilərə istiqamət verib. Beləliklə, dünya ədəbiyyatına, dünya şeirinə ən çox təsir edən üç şeiri öz tərcüməmdə təqdim edirəm.

Həmid Piriyev

 

Tomas Sternz Eliot

1948-ci ilin nobelçisi Eliot amerikan-ingilis şairi, dramaturqu, ədəbiyyatşünasıdır. Modernizmin görkəmli nümayəndəsidir. 1917-ci ildə çap olunan "C.Alfred Prufrokun məhəbbət nəğməsi" adlı birinci kitabındakı eyniadlı şeiri modernist şeirin manifesti hesab olunur. Prufrok - Eliotun birinci lirik qəhrəmanıdır. Çox güman, müəllif şeirdə qəhrəmanın intihardan qabaqkı vəziyyətini təsvir edir. Epiqraf, Hamletə və Lazara işarələr buna sübutdur. Bir çoxlarının fikrincə, "Bir qadının portreti" şeiri bu şeirin davamıdır ("Bir qadının portreti"ni dilimizə Qismət çevirib).

 

C.Alfred Prufrokun məhəbbət nəğməsi

"Bilsəydim ki, burada dinləyəcək səsimi,

Yenə nurlu aləmə qayıdacaq bir adam,

Titrətməzdi alovum nurunu, şöləsini.

Ancaq bunu bilirəm, buna qətidir inam,

O işıqlı dünyaya burdan olmaz bir dönən,

Mən eybdən qorxmayıb, cavab qaytarmalıyam."

                  Dante. "Cəhənnəm"XXVII, 61-66

                   (Əliağa Kürçaylının tərcüməsində)

 

Gəl gedək, sən və mən

Huşsuz xəstə həkimin stoluna yayıldığı kimi

Gecə göy üzünə yayılan vaxt;

Gedək, yarıboş, adamsız küçələrlə,

Birgecəlik otellərdəki narahat gecələrin

Balaca restoranlardakı ilbiz qabıqlarının

Tənhalığına.

Hiyləgər niyyətli küçələr yorğun arqumentlərlə

Sizi o suala gətirib çıxartsın...

Soruşmayın ki: "O nədir?"

Qonaq gedək.

 

Otaqda qadınlar gəlir və gedir,

Mikelancelodan söhbət edir.

 

Kürəyini pəncərə şüşəsinə sürtən sarı duman,

Üzünü pəncərə şüşəsinə sürtən sarı tüstü,

Gecənin künc-bucağını diliylə yalayıb,

Lağımlardakı gölməçələrin üstündə dayanıb,

Fikir vermir bacalardan dudanın kürəyinə düşməyinə,

Birdən-birə ayağı sürüşdü, gözlənilmədən sıçrayış etdi

Və görəndə ki, yumşaq oktyabr gecəsidir,

Evin ətrafına dolanıb yatdı.

 

Doğrudan da elə vaxt gələcək

Küçələrdə sürünən sarı tüstü üçün

Kürəyini pəncərə şüşələrinə silə-silə;

Vaxt gələcək, vaxt gələcək

Küçədə rastlaşdığın üzlərə

Həyəcansız baxa biləcəksən;

Öldürməyə və yaratmağa  vaxt olacaq,

Və bütün işlərin vaxtı gələcək, o əl

Sualı götürüb nimçənizə atacaq;

Sizin vaxtınız və mənim vaxtım,

Və vaxt gələcək

Gözəgörünmələr, düşüncələr üçün,

Bir dilim çörəklə çay götürməmişdən qabaq.

 

Otaqda qadınlar gəlir və gedir,

Mikelancelodan söhbət edir.

 

Doğrudan da, hələ vaxt olacaq

Sual verməyə ki: "Görəsən bacaracağam?"

                                   və ya "Cəsarətim çatacaq?"

Qayıdıb pilləkəndən düşmək vaxtıdır,

Saçları seyrəlmiş kəlləmlə bir yerdə -

(Onlar deyəcək: "Onun saçları necə tökülüb!")

Mənim səhər pencəyim, buxağımda düyünlənən yaxalıq,

Qalstukum sadə, həm də zəngin, amma adi sancaqla bağlı -

(Onlar deyəcək: "Qolları və ayaqları necə də nazikdir!")

Cəsarətim çatacaqmı

Dünyanı yerindən tərpətməyə?

Bir dəqiqə sonra vaxt var

Qərar verib dəyişiklik etmək üçün,

Bir dəqiqəlik vaxt.

 

Çünki mən artıq hamısını bilirdim, onlar hamısı bilirdi:

Gecələri bilirdim, səhərləri, axşamüstüləri,

Həyatımı çay qaşıqlarıyla ölçmüşəm;

Bilirəm, səslər ölür qonşu otaqdan gələn

Musiqi səsinin ölüşkün əks-sədasında.

İndi mən necə fikirləşməliyəm?

 

Gözləri də tanıyıram, tanıyıram hamısını,

Sizi qəlibə salıb formalaşdıran gözləri,

Qəlibə salınıb formalaşdırılsam və divara mıxlansam

İynələrin ucunda qıvrılmağa başlasam,

Onda necə başlaya bilərəm

Günlərimin və yollarımın qırıntılarını tüpürməyə?

Mən nə ehtimal etməliyəm?

 

Əlləri də tanıyıram, tanıyıram hamısını -

Qolbaqlı, ağ və çılpaq əlləri

(Amma lampa işığında açıq qəhvəyi

                                   tüklərlə örtüldüyü görünür!)

Paltardan gələn ətir

Görəsən fikrimi yayındıran bu ətirdir?

Stolun üstündə uzanan və ya şalı oynadan əllər.

Və mən nə ehtimal etməliyəm?

Və mən necə başlamalıyam?

 

Görəsən deməliyəmmi,

                        alaqaranlıqda dar küçələrdən getdiyimi

Pəncərələrdən boylanan tənha kişilərin

Qəlyanlarından çıxan tüstüyə baxdığımı?..

 

Mən gərək xərçəng olaydım

Dənizin durğun sularına baş vuraydım.

 

Günortadan sonra, axşam rahat yatır!

Uzun barmaqlarla hamarlanmış,

Yuxulu... yorğun... ya da elə təsəvvür yaradan,

Yerdə, səninlə mənim yanımda.

Çaydan, tortdan və dondurmadan sonra,

Anı ram etməyə gücüm çatacaqmı?

Ağladım, dua etdim, tövbə etdim, ağladım,

Azca keçəlləşən kəlləmin sinidə gətirildiyini gördüm,

Mən peyğəmbər deyiləm, möcüzə də olmayacaq,

Gördüm böyüklüyümün itib getdiyini,

Və gördüm, paltomu uzadan

                        əbədi lakeyin pıqqıldayıb güldüyünü,

Qısası, mən qorxdum.

 

Və mənası varmı, heç nəyə baxmayaraq,

Fincanlardan, çaydan, marmeladdan sonra,

Çay dəstgahı və bizim haqda gedən söhbətlərin arasında,

Mənası varmı,

Məsələni təbəssümlə kəsməyin,

Dünyanı şar kimi sıxışdırmağın,

Onu ağır sualların içinə atmağın,

"Mən Lazaram1, o dünyadan qayıtmışam,

Hər şeyi danışmaq üçün, qayıdın,

                        hər şeyi danışacağam," - deməyin.

Onda bir nəfər, başının altındakı balışı rahatlayıb

Deyəcək: "Bu o deyil, bu mənim dediyim deyil,

Qətiyyən o deyil."

 

Və mənası varmı, dəyərmi,

Heç nəyə baxmayaraq,

Gün batımından,

            saraylardan və səpələnmiş küçələrdən sonra,

Romanlardan, çaylardan,

                        döşəmədə sürünən ətəklərdən sonra,

Bu və daha artığı.

Nəzərdə tutduğumu demək mümkün deyil!

Amma sehrli fənər əsəbləri ekrana vurur:

Mənası varmı, dəyərmi,

Əgər kimsə balışı rahatlayıb ya da şala bürünüb,

Pəncərəyə baxaraq deyəcək:

"Bu o deyil, mənim dediyim deyil,

Qətiyyən o deyil."

 

Yox! Mən şahzadə Hamlet deyiləm, ola bilmərəm də,

Mən onun yanında gəzirəm, işim,

Bir məsələni şişirtmək, bir-iki səhnə uydurmaq,

Və şahzadəyə danışmaqdır.

Hörmətliyəm, işə yarayıram,

Hiyləgərəm, ehtiyatlıyam,

Bir az da yekəbaşam,

Hərdən gülməli oluram,

Hərdən də lap axmaq.

 

Qocalıram... Qocalıram...

Gərək şalvarı çırmalayıb geyinim.

 

Saçlarımı daramağa cəsarətim çatacaqmı?

                                   Şaftalı yeyə biləcəyəmmi?

Ağ şalvar geyinib sahildə gəzəcəyəm.

Su pərilərinin bir-birinə mahnı oxuduğunu eşitmişəm.

 

Amma mənə də mahnı oxuyacaqlarına inanmıram.

 

Onların sularda necə üzdüyünü gördüm

Ağ saçlarını dalğalarla darayaraq

Ağ-qara küləklər əsəndə.

Biz dənizin altında ilişib qalmışıq

Yosun duvaqlar salan su pərilərinin yanında

İnsan səsləri bizi oyadana qədər,

Və biz batmışıq.

1 - Vifaniyalı Lazar (Lazarın ivrit dilindən hərfi tərcüməsi - Tanrı (məni) xilas etdi). Marfa və Mariyanın qardaşı. İsa peyğəmbər onu öləndən dörd gün sonra dirildib.

 

   Tərcümə: Həmid Piriyev


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!