Haqqı haqq görürəm yuxularımda
Baxma çən-dumandı, mən bu həyatı
Çilçıraq görürəm yuxularımda.
Sığallı, tumarlı şəhərdə yatıb,
Dərə, dağ görürəm yuxularımda.
Həmindi aşikar, sirr də o həmin,
Həmindi o ocaq, pir də o həmin.
O əski dam-daşdı, bir də o həmin,
Bağça-bağ…Görürəm yuxularımda.
Özgə nəyim qalıb belə salamat,
Keçirəm onu da ələ salamat.
Atamı, anamı hələ salamat,
Hələ sağ görürəm yuxularımda.
Nəyi sayırmışam heçə, olurmuş,
Nəyi almırammış vecə, olurmuş.
Həyat necə olur? Necə olurmuş
Yaşamaq…Görürəm yuxularımda.
Karıma gələcək bir gün, karıma,
Bir gün son verəcəm həyat-darıma.
Köçüb gedəcəyəm yuxularıma,
Haqqı haqq görürəm yuxularımda.
Mənsizliyin şeiri
Götür, kitablarımı
Ələ götür, vərəqlə.
Bir az özünə, bir az
Mənə xətir vərəqlə.
Dönsün fələyin üzü,
Nə darıx, nə də üzül.
Bir gözəl günümüzü
Yada gətir, vərəqlə.
Çox qaytartdım gerimi,
Tap ağlayan yerimi;
İslanma, bir şeirimi
Eylə çətir, vərəqlə.
Nə torpaqda, daşdayam,
Söz-söz, qoşma-qoşmayam.
Ya sonda, ya başdayam,
Sətir-sətir vərəqlə...
Söylə, külək gətirsin
Qəribsə məndən yana,
Göynə, külək gətirsin.
Bax, necəsən bu saat
Öylə külək gətirsin.
Güvənilən yer külək,
Söylə, şaxlar sirr külək.
Dilimi bilir külək,
Söylə külək gətirsin.
Dərdini yüklə göndər,
Bürmələ, bük də göndər.
Bir öpücük də göndər,
Göylə külək gətirsin.
Yetər zəhri Məcnuna,
Qəmi, qəhri Məcnuna.
Nolar, səhra Məcnuna
Leyla külək gətirsin...
Sən mənə tutduğun toyda
Bilirsənmi nələr oldu
Gülüm, unutduğun toyda?
Mənim son kəs uduzduğum,
Səninsə udduğun toyda...
Topladım baxışlarımı,
Görəydin alqışlarımı...
Dindirib göz yaşlarımı,
Elə qurutduğun toyda...
Yeriydi, süzməyin yeri,
Yol da qalmamışdı geri.
Bir az da qol-qanad verib
Dərdi qudurtduğun toyda...
İlk kəs o gecə oynadım,
Almadım vecə, oynadım.
Biləydin necə oynadım
Sən mənə tutduğun toyda...
Allah bilir
Öz nurundan yaradıb,
Üzünü Allah bilir.
Necə cızıb qaşını,
Gözünü Allah bilir.
Gülmüsən, çiçəkmisən,
Kimə, nəyə çəkmisən?
Hurimi, mələkmisən,
Düzünü Allah bilir.
Əsdir, üstündə əsdir,
Sal da dalınca gəzdir.
Çəkilməsə verməzdi,
Nazını Allah bilir.
Dürr işi, ləl işisən,
Gör nə gözəl işisən.
Allahın əl işisən,
Yazını Allah bilir.
Bilsən də, bilməsən də;
Belə sevilməz bəndə.
Necə gizlədir səndə
Özünü Allah bilir...
Yerimiz olmayan yerdə
Yaşamadıq heç dərdimiz,
Sərimiz olmayan yerdə.
Olmadıq birimiz barı
Birimiz olmayan yerdə.
Qutluydu, il ildən qutlu,
Sən umudlu, mən umudlu.
Olurmu ölümüz mutlu
Dirimiz olmayan yerdə?..
Doğmayıqmı, yadıqmı de,
Ya quruca adıqmı, de?
Aşikar olmadıqmı de
Sirrimiz olmayan yerdə?
Bu da ki yer, göy işimiz,
Yerlə, göylə döyüşümüz.
Çıxaq gedək, nə işimiz
Yerimiz olmayan yerdə?..
Salam, sağ ol
Bu irəli, bu geri,
Bu sağ, bu sol, əzizim.
Bax bu da yolçuluqdu,
Bu da ki yol, əzizim.
Ha istə, əl aç, olmur,
Dərd olur, əlac olmur.
Böyüyüb ağac olmur,
Kol elə kol, əzizim.
Huri, mələk donunda,
Birin buldum sonunda;
Neyləyim ki, onun da
Əzabı bol, əzizim.
Yerdə-quruda ölüm,
Dəryada-suda ölüm.
Bu həyat, bu da ölüm;
"Salam-sağ ol" əzizim...
Adam azalmaz
Eşq ilə doludu içim, dopdolu,
Tanrıdan verilib butam, azalmaz.
Qərib yolçusuyam bir bitməz yolun,
Elə, hey gedərəm, atam, azalmaz...
Kimim-kimsənəm yox haqdan xətirli,
Cənnət müjdəlidi, behişt ətirli.
Ağzımda ləzzəti, tamı da sirli,
Bu ləzzət azalmaz, bu tam azalmaz.
Canı can bilirəm, gödən bilmirəm,
Çəkən ruhmu, ya bədən, bilmirəm.
Hələ nədən belə, nədən, bilmirəm,
Günahım tükənməz, xətam azalmaz?..
Çoxalıb görünməz, artıb görünməz,
Nə də ki özünü dartıb görünməz.
Boy atar, ucalar, artıq görünməz,
Enər, adam qalar, adam azalmaz...
Nə uzaq imiş...
Daldalar nə yaxınmış,
Önlər nə uzaq imiş...
Qeybdən gələn səslər,
Ünlər nə uzaq imiş...
Bir yol tapıb girsələr,
İman nədi bilsələr...
Bu görünən kilsələr,
Dinlər nə uzaq imiş...
Tanrım, nədi bu səflər;
Bu "qaydalar", "tələblər"?
Sən olduğun tərəflər,
Yönlər nə uzaq imiş...
Zirvəsi çən istəyən,
Sərçəsi dən istəyən.
Mən uman, mən istəyən
Günlər nə uzaq imiş...
Başımın söykənən yeri
Özüməm elə bərkimin,
Boşumun söykənən yeri.
Açıq alnımdı gözümün,
Qaşımın söykənən yeri.
Gümanmış, nə xoş gümanmış,
Qoş ardınca, qoş, gümanmış.
Boş ümidmiş, boş gümanmış
Yaşımın söykənən yeri.
Düzə meydan dardı hələ,
Düzə qəlblər kardı hələ.
Naşı adamlardı hələ
Naşımın söykənən yeri.
Sonumdu, neynim, sonumda,
Açılmır eynim sonumda.
Çiynimdi, çiynim sonunda
Başımın söykənən yeri...
Əllərin qoynunda qalar
Ha boş ver, alma eyninə,
Bu dünya eynində qalar.
Boyuna biçilər dərdi,
Geyərsən, əynində qalar.
Yoldan daşın ayazımaz,
Gözdən yaşın ayazımaz.
Bir gün başın ayazımaz,
Fələyin oynunda qalar.
Nədən dinməz ağrın, sızın,
Düşünərsən uzun-uzun.
Sevib almadığın qızın
Günahı boynunda qalar.
Qanunu var yazılmayan,
Ölümü var qaçılmayan.
Allahına açılmayan
Əllərin qoynunda qalar...
Bu günün əlindən düşüb qalırsan
Bu gün də beləcə çıxır əlindən,
Dalınca ha boylan, ha bax, xatirə...
Elə bugünkünün eynidi, eyni
Elə bugünkündən qabaq xatirə...
Bir quru cəsədsən ürəyi bitmiş,
Arzusu tükənmiş, diləyi bitmiş
Elə bil içində çörəyi bitmiş
Təknə xatirəsən, tabaq xatirə...
Ha aç qollarını hər təzə günə,
Xeyir təzə günə, şər təzə günə.
Gözün görə-görə tər-təzə günə
Yamanır gör neçə yamaq xatirə...
Özündən qisası alıb nə vaxtdı
Qalib qalib olub, qalib, nə vaxtdı?
İt ilə dostluqdan qalıb nə vaxtdı
Əldən qoyulmayan çomaq xatirə...
Dərd üstdə dərd gəlir, canda tutar yox,
Bundan o yana yox, bundan betər yox.
Adəmdən, Həvvadan xəbər-ətər yox,
Adəmdən, Həvvadan günah xatirə...
Dinirsən, dilindən düşüb qalırsan,
Enirsən, zilindən düşüb qalırsan.
Bu günün əlindən düşüb qalırsan,
Sabah xatirəsən, sabah xatirə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!