Ən adi ömürdü ömrüm,
Dəfinə aradıq, azdıq.
Köhnə ləpirləri pozduq,
Getdik, bir də gəlmədik.
Bir yerdə çox oynamışdıq,
Uduzmağı qanmasaq da.
Axıracan donmasaq da,
İsinməyə gecikdik.
Gəl yenə bir söz deyim,
Geri götürmək olmasın.
Heç vaxt yadında qalmasın:
- Biz düşmən deyildik...
Qopuq 4 söz üzərinə: yapışqan, iynə, qəhvə, asılqan
İynə-iynə, ucu düymə
Oyun-moyun qurdu mənə.
Kimsə bilmədi biz kimik,
Düşdük üzsüzlər elinə…
Ağlar bəyənmədi bizi,
Qaralar dedi, qorxuruq!
Təmiz yapışqan istədik,
O da tutmadı, can qopuq.
Qəhvə qoxulu paltarın
Asılqanımı sevmədi.
Necə ki sevmədi ruhun,
Məni sevmədi, sevmədi...
Dilimdən də, ruhumdan da
Qırıq-qırıq qopdu adın…
Üzsüzlər elində belə,
Mənim olmadın, olmadın…
Yamaq-yumaq söz ver mənə,
Gələn həyata saxlayım.
Bir də bu dünyaya gəlsək,
Qopuluğuna baxmayım…
Gülnara
Keşik çəkdim qoxuna,
Yudum yaralarını.
Günəşindən çox sevdik
Buraların qarını.
Sən tanıdın kiməm mən,
Duymadı başqaları.
Dedim gəl buralım ol,
Qoymadı başqaları.
Maraqlıdı bu günah
Ustamın andı kimi.
Çiynindəki yaralar
Anamın qəndi kimi...
Daddığın qədər sənəm,
Yavanınam, həminəm.
Burda qapılar bizik,
Qıfıllar da, əminəm!
Uzunömürlü dünya
Ölümünü gözləyir.
Gözləmək də savabdı
Bir ümid əvəzləyir.
Qaldır qanadlarını,
Əsam olsun, noolar.
Bəlkə bu yalqızlığım
Azadlıqdan qovula...
***
Yaşıl-yaşıl qurbağalar girmişdi yuxuma
Meşələri basmışdılar
Arxları tutmuşdular
Nə Quşlar dinirdi, nə də Balıqlar.
Danışdım yuxumu tanışlara
Dedilər, "Şahzadələr diyarına" düşmüsən ki
Dedilər, barı birini öpəydin,
Nə sən dindin, nə də dostlar.
Nəsə
Telefon qeydlərinin udduğu şeirlər,
mesajların itirdiyi səslər,
yalanların "status" ömrü,
sevgilərin "inbox" mərhələsi,
vərəqlənməyən səhifələr,
kitabları qorxudan P, D ve F hərfləri,
gercəkliyin profildən çəkilmiş fotosu,
uydurulmuş işarələr,
mötərizələrə bəzən möhtac,
bəzən məhkum olan iki nöqtə
hər gün nəsə alır məndən.
Nəsə...
***
Yol-riz tanımırıq, hara gedək biz?
Piyadalar kordu, atlılar əlsiz.
Səhərlər təzədi, axşamlar aciz,
Heç nə yoxdu, can, heç nə.
İstəyim nə artmır, nə də azalmır,
Üzüm qızarardı, daha qızarmır.
Bircə yuxulara qara çən damır:
"Heç nə yoxdu, can, heç nə."
İtirdiyim candı, tapdığım qəbir,
Dediyim tapdayır, susduğum əzir.
Ay adam, gözlərin məndə nə gəzir?
Məndə heç nə yoxdu,
heç nə, heç nə, can.
Şükrümə sevinmə, tövbəmə yanma
Yolun rast düşməsin bir də yanıma?
İşığım acıdı, uyu, oyanma,
Heç nə yoxdu, can, heç nə...
Akairo
Üç filmə baxmışam bu gün...
Üçündə də uşaqlığımı,
Səni,
axırımı görmüşəm.
Üç adamla yazışmışam bu gün,
Üçündən də qorxmağı,
susmağı,
yazmağı öyrənmişəm.
Üç dəfə sənə əl açmışam bu gün,
Üç dəfə uğursuzluqlarımı
saymışam başdan-sona.
Üç dəfə cəhd eləmişəm ömrüm boyu
Alınmayıb…
Üç arzu var ürəyimdə;
Üç yol var
Üç bəhanəm var.
Kömək elə
"J" hərfinin böcəyə oxşadığı vaxtları,
Kiril əminin hərflərini,
Ayaqlı evləri
unutmaq istəyirəm.
Ac
Demə nə var, nə yox,
Necəsən, ay balam?
Baxma mənə sarı
Acam, anam, acam.
Səndən olan acgöz
Sənə oxşamadı.
Dili, əli uzun
Üzü axşamadı...
Nə yedimsə qusdum,
Yaşdı dodaqlarım.
Şəhərdə yad yoxdu,
Hanı doyduqlarım?
Heç vaxt öz yemini
Dadmadı ki, balan.
Yedi öz içini
Acam, anam, acam.
Qartalıma
Yum ağzını, qanadlım,
Mən bundan utanmıram...
Bu dağ məskənim oldu,
Uzaqda yatammaram.
Atana de, doymadım
ondan oğurlamaqdan.
Sən də mənimsən artıq,
İstidi ağzında qan...
Gəl, qanadlım, bu zəncir
Yenə sənsiz incitmir.
Uç başımın üstündə
Sızıldasın canım bir.
Olanım elə budu:
Gözlərimdə isti nəm.
Boynumda sarı zəncir,
Əllərimdə cəhənnəm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!