Yohan Volfqanq Höte - Oxucularımıza Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının tərcüməsində dahi alman şairi J.V.Hötenin "Şərq-Qərb divanı"ndan bəzi nümunələri təqdim edirik. Şeirlər alman dilindən sətri tərcümələr əsasında çevrilmişdir.
"Muğamnamə"dən
Hicrət
Şərqdən-Qərbə, Şimala dünya başdan-başa qan,
Tac düşür, ölkə çökür...
Neçə səltənət viran!
Bu zülmətdən yorulsan, Cənnət çəksə canını
Hafizin vətəninə sür ömür karvanını!
Eyş-işrət dünyasının çılğın çal-çağırları,
Ruhuna qida verər ölməz həyat suları...
Orda düşüncə azad, ruhun istəkləri hür,
Hər insanın köksündə canlı tarix döyünür.
Orda axtar kökünü, qulaq yetir hər səsə.
Qutsaldır Tanrı eşqi göydən necə gəldisə.
Dön ilkin təmizliyə, sevgiylə coşsun qanın.
Gör necə bağlıdılar, əmrinə Yaradanın?
Böyüklərə ehtiram keçmişlərə aparsın,
Gör yadlar arasında nə doğmalıq tapırsan!
Yenə sevgi mühiti, xalqların gənclik çağı.
Hər kəs öz imanında, hər ürək eşq ocağı.
Orda ruhlar qanadlı, insan mələyə bənzər.
Üfüq bağında Günəş açan çiçəyə bənzər.
Çöldə sürü otaran çobanlara qarış gəz,
Gündüz günəşə vurul, axşam Ayla barış gəz.
Ədviyyat sat, şərbət iç, qəhvə istə fincanla.
Keç susuz səhraları,hikmət yüklü karvanla.
Qəmlən qərib axşama , gül gələn səhərlərə.
Yollarla yoldaşlıq et, çöllərdən şəhərlərə.
Karvan gedib qayalı gədikləri aşanda,
Sarvan üstünə gələn qorxuyla savaşanda
Sıxılıb hürküclərə nicat umanda göydən
Qovala əşkiyanı qorxusuz səsinlə sən.
Zınqırovu dinləyib ulduzlar da mürgülər,
Karvanı xilas edər söylədiyin türkülər.
Ya meyxana odası, ya isti hamam olsun,
Ancaq bahar rüzgarı əssin, içəri dolsun.
Müşk-ənbərin qoxusu yayılsın yavaş-yavaş,
Hafiz öz divanıyla olsun hər kəsə sirdaş.
Hər yerdə gəlsın dilə sehrli misraları
Bələdçitək aparsın bizi mənzilə sarı.
Orda ki, şair sözü ucadır taci-taxtdan,
Şeytan yoxa çıxacaq, şər keçəcək uzaqdan.
Cənnətin qapıları taybatay açılacaq,
Qısqanc ürəklərə də mərhəmət saçılacaq.
Müdriklik hökmlərdən tutulsa, sözsüz,
Olarıq sözümüztək özümüz də ölümsüz...
Azad fikir
Siz təpilin çadırlara, siz qapanın hücrələrə
Mən yəhərdə hakim olum, uçum uzaq ölkələrə.
Ulduz yansın başım üstdə,
sübh nurunu içib gedim,
Mən atımın qanadında,
yad ellərdən keçib gedim.
Öz işıqlı şamlarıyla, yol göstərsin bizə göylər,
Dağları aş, çölləri keç, qarşılasın göy dənizlər.
Üz çevirib səmalara, Tanrının taxt- tacına bax,
Ondan işıq umursansa üzünə günəş doğacaq!..
Gerçək şeir
Hansı qaynaqlardan güc alır şeir,
Nədən ilham atı yoldadır yenə?
Nədən bu nəğmədən ürək titrəyir
Köçüncə insanın hafizəsinə?..
Aç öz ürəyini, dayanma bekar,
Həyatın sevgiylə yoğrulmalıdır.
Nədən oxuyursan , oxu, nəğməkar,
Nəğmənin ilk sözü eşq olmalıdır.
Saqi, dayanmadan bizə mey gətir
Boğaq şərabında öz nəfsimizi.
Köhnə meyxananın köhnə həsrəti
Dünya dərdlərindən ayırsın bizi.
Şeirin bir gücü də qılınca bağlı...
Əlində şimşəktək parlayan zaman
Yenə də cəng səsi , savaş sorağı...
Yenə də öndədi şair-qəhrəman.
Bir də nifrət ilə körüklənir söz,
Şair pisliklərin düşmənidir, bil.
O bir orduyla da gəlsə üzbəüz
Gözəli çirkinə dəyişən deyil.
Dörd hikmət söylədi o qoca ozan,
Elə ki, su içdin bu dörd çeşmədən.
Onda görərsən ki qoşa durursan,
Şeir meydanında Hafiz ilə sən.
"Hafiznamə"dən
Fitva
Hafizin şeirinə qulp qoyan kəsin
Gərək başı çıxsın sözün sehrindən.
Şairin ilhamı sərhəd tanımaz,
Aşar üfüqləri dünya qəhrindən.
Şəriət dəllalı elə bilər ki
Şair uzaq düşüb dinin bəhrindən,
Olumu ölümə təslim edənlər
Tiryəki seçməzlər ilan zəhrindən.
Bu gizli savaşın qalibi kimdir?-
Nəfsinə uymadan düz yolu gedən.
Ruhumu əzabdan qorumaq üçün
Hafizin yoluyla gedəcəyəm mən.
"Allah bağışlasın günahımızı!"
Dedi Əbusüud, o fitva verən...
Sınırlanmamaq
Əbədisən, bitməzsən, ondandı böyüklüyün,
Başlaya da bilməzsən- alın yazında düyün.
Şeirin - dönən, fırlanan, ulduzlu göy qubbəsi
Sonun da başlanğıcdır - həyat verir nəfəsin.
Bütün yollar yarımçıq- nə enir , nə ucalır
Başlanğıclar əbədi, təkcə son sona qalır.
Sən sevgi bulağısan, sevgini duyanlara,
Suyun fışqırıb axar, nəşə ilhamın çağlar,
O suları öpməyə can atmada dodaqlar.
Sən könül nəğməsisən - yaranmadan quş olan.
Sevgi dolu ürəksən - hər an dolub-boşalan.
Dünya fırlanıb getsin! Uçub olsun bir xəyal
Bu yarış meydanında, Hafiz, təkcə özün qal!
Səninlə, ekiz qardaş - mən yarışmaq istərəm
Çünki ikimizə də bir verilmiş nəşə, qəm
Yenə sənin qismətin eşq olsun, işrət olsun
Qürurum və həyatım sənə məhəbbət olsun
İndi alış, ey şeir, öz odunda yenə sən
Çünki köhnədən-köhnə, ən yenidən-yenisən!
"Eşqnamə"dən
Oxu kitabı
Sevgi səlnaməsi ən ali kitab,
Orda hər suala taparsan cavab.
Onu ömür kimi vərəqləyərsən
Özünü güzgüdə görmək istəsən.
Beşcə səhifəyə sığmış səadət
Sonra fəsil-fəsil ayrılıq, həsrət
Görüş beş-üç cümlə, ya da ki bir an
Xoşbəxtlik yazarın çıxmış yadından.
Bir cild başdan-başa gözüyaşlı qəm,
Oxuyub sonuna çata bilmirsən.
Ey, böyük Nizami! Sözü sirr dolu
Şeirindən başlayır həqiqət yolu.
Çözə bilərdinmi bu naxışı sən
Özün sevilməsən, sevə bilməsən.
***
Şübhəli
Baxmaq deyildir asan
Zümrüd bəzəklərinə.
Susum, yoxsa yaraşan
Sözlər axtarım sənə?
Həm çağıran, həm qovan
Daşların şəfəqi sirr.
Ürəkləri buzladan
Yandırmağa tələsir.
Qoşadır can ilə qan
Yer axşamlı, səhərli
Uzaqdan göz oxşayan
Toxunanda zəhərli.
Ah sevgilim, o qalın
Kitabda şeirin əsir.
Azad quşam xəyalım
Öz göyünə tələsir.
Zaman qəddar, namərddir,
Şeirinsə ucalmalı.
Hər misrası əbədi
Sevgi kimi qalmalı.
Nəğmə yerlərə sığmaz,
Ona dardır göylər də.
Onu tora salmağa
Endirməyin göylərdən.
Nə məhəbbət susandır,
Nə bitəndir bu dastan.
Zaman qəbir qazanda
Sözlə çıxarsan yasdan!
"Təfkirnamə"dən
Beş nəsihət
O öyüd verirdi bir ehtisasla
Bu beş şey beş şeydən doğulmaz əsla.
Lovğa könüllülər- dostluq bacarmaz,
Pislərə -nəzakət heç yaxın durmaz.
Kal olan insandan- umma böyüklük,
Özü xəsis olan- hamıya bir yük.
Yalançı - yalandan sədaqət umar,
Unutma sözümü, gərəyin olar.
Tanımadığın insanın
salamına sayğı göstər
Salam al, salam verən tanış oldu-olmadı,
Sanki köhnə dostundur, dilində Tanrı adı.
Sonra ayrılan zaman "xoşca qal!" söylə ona,
Onun yolu Gündoğan, sən tələs Günbatana.
İllər sonra bu yollar kəsişər bəklənmədən,
Qışqırıb deyərsiniz: "Tanımadın, mənəm, mən!"
Sanki ötən zamanlar heç nə almamış sizdən
Nə dağlar aşmısınız, nə keçmisiz dənizdən.
Sanki saysız günəşlər doğulub batmamışdır.
Ruhunuzu heç yerdə təklik qanatmamışdır.
İndi malları sayın, paylaşın qazancları,
Yeni bir güvənc ilə kəsin əhdi-peymanı.
Salam sənə xəzinə verəcək, yüz qatına!
Salam de gördüyünə, salam al dostcasına.
Cəlaləddin Rumi deyir ki
Dünya dedikləri bir yuxudur, bil,
Yolçusan, getdiyin yer sənin deyil.
İstini-soyuğu tale seçəcək
Göz açıb yumunca ömür keçəcək.
Züleyxa deyir ki
Əlbəttə ki, gözələm aynanın nəzərində
Qocalıq söhbətləri əsla xətrimə dəyməz.
Hər şey əbədidirsə Tanrının hüzurunda
Onu sevməkdən başqa bizlərə nə qalır bəs?
"Rəncnamə"dən
Heç bir qafiyəsi yoxdur
Söz tapa bilməyən qafiyəbazın
İçində dahilik hikkəsi varkən
Çoxdan kökdən düşmüş kamançasının
Səsini göylərin dili sanırkən
Ayaqlar altında yüz zərif fidan
Ağıllar möhtacmış xam qoşqusuna
"Yaşadım" söyləyə bilərmi insan
Verəndə haqqını bir başqasına.
Rütbəli, paralı... Ruhları çürük...
O qədər insan var, əməlləri şər.
Canında bir qətrə insanlığı yox,
Ömrü siçovul tək zülmətdə keçər.
Yeni süpürgələr süpürən zaman
"Nə təmiz süpürür" söyləyən alçaq,
Köhnənin dəyəri itirmi bundan?
Axı köhnələr də yeniydi bir vaxt.
Xalqlar ayrılmağa qalxırsa birdən
Nifrətdir, savaşdır bu yolun sonu.
Hər kəsin bir niyyət keçir könlündən,
Bilmirlər sonunun bir olduğunu...
Görəsən pisliyin neçə üzü var,
Hər üz də zəhərtək işləyib qana
Bu yolda kimdənsə imdad umanlar
Dözmür başqasının uğurlarına.
Kütlənin gücü
Kütlənin gücündən qorxmaq gərəkir,
Gah çəkilib gedər, gah coşub parlar.
Məni müdriklərin məclisi çəkir,
Sonra da zalımlar və ağıllılar.
Sabaha səsləyər min bir ümidlə
Neçə mənzil ara, igidlik göstər.
Yenə parabeyin, yarımçıq kütlə
Səni öz zoruna bağlamaq istər.
Mənim azadlığım sərhəd tanımaz,
Özgür düşüncəmlə xoşbəxtəm, düzü.
Qoy məni rahatca buraxsın bir az
Dəlinin bilgisi, alimin sözü...
Sevgidir, bilgidir Tanrı əsəri
Ürək qalaları qorxmaz zamandan.
Günümü qaraltmaq istəyir biri
Birisi kölgəmi qılınclayanda.
Hafiz də, Hütten də tale ilə tərs,
Eyni cəhaləti gördülər hərdən.
Eyni zülmü çəkir İslam, Xaçpərəst,
Qəhvəyi, ya mavi cübbələrində.
Mənə düşmənləri söylə birbəbir,
Mənimlə bir yerdə bu bəladan keç.
Zira camaatın içində hələ
Bir zərrə rahatlıq tapmamışam heç.
Mülkünlə məğrursan
Dövlətin çoxdursa batmaram yasa,
Əksinə, sevinər çevrəndəkilər.
Üstəlik qonşuya əl tutursansa
Yaxşılıq üstünə yaxşılıq gələr.
Ancaq baş qaldırıb saymazlıq ilə
Sədd çəkib gizləsən öz sərvətini
Daha adını da almaram dilə
Yaddaş kitabımdan silərəm səni.
Hər insan-möcüzə, Tanrı əsəri
Gözəllik qalmazdı heç vaxt yarıda.
Birinin etdiyi bəd əməlləri
Təkrar etməsəydi başqaları da.
Bir hikmətli kəlam gəlir qədimdən
Onu ibrət üçün yada salırlar
"Çatmaq istəyirsən mənzilə əgər,
O zaman bir yerdə getməyə dəyər".
Həyat sınaqlarla , hikmətlə dolu
Yoluna yüz cürə sınaqlar çıxar.
Bələdçi istəməz məhəbbət yolu,
Nə də köməkçiyə ehtiyyacım var!
Sərvət insanları salmasın bəndə
Xoşbəxtlik yerinə daha çox gəlir
Gözəl şərablar da çox içiləndə
İnsanı özündən çıxara bilir.
Hafiz də zülmətin içində bir şam
Yol aşdı, düz yola gəlməyənlərə
Söylədi sözünü hər səhər-axşam
Sözün dəyərini bilməyənlərə.
Kin-küdurət içində gül tək solsam da
Qırılmasın ümid, yorulmasın təb.
Tanrıya nə qədər yaxın olsaq da
Tərki-dünyalığa görmürəm səbəb.
Ad
Burda bir anlamı qalırmı adın
Canlanır körpəyə qoyulan anda.
Mən gözəl olanı sevirəm, lakin
Tanrının əl izi vardırsa onda.
Kinini yox edər rəhm diləmək
Mən düzlük yoluyla gedərəm əlan.
Mənim peşəm deyil nifrət eləmək.
Eləsəm nifrətdən göyərəcək qan.
Yaxşını, yamanı ayır sözümdən
İnsan doğru yolda əyilir nədən.
Ali dedikləri - elin gözündə
Hələ çox uzaqdı bu mərtəbədən.
Haqqa qovuşmağın bircə yolu var
O da haqq söyləyən qanunlardadı.
Görən necə bitir bunca alaqlar
Görən bu pisliyin kökü hardadır?
Sərhədlər itibdir illərdən bəri
Ağıllı - zillətdə, ağılsız- harın
Heyif cəmiyyətin ən iyrəncləri
Tutubdur yerini ən yaxşılarını.
Xalqın istiqbalı deyil uzaqda
Di gəl, başsız toplum sürüdür, heyif
Zehni dağılmışlar belə bir çağda
Hər kəsi içindən çürüdür, heyif.
İstər alman söylə, ya Alaman de,
Şər hörümçək öz torunu toxuyur.
Bir nəğməkar əsə-əsə küçədə
"Belə gəlib, belə gedir" oxuyur.
***
Qan sizi savaşa tələsdirən an
Mən də uğurlayıb gedin dedimmi?
Yorğunlar barışa can atan zaman
Bunu ayıblayan söz söylədimmi?
Torunu dənizə atır balıqçı
Durub sormuşammı bu peşə nədir?
Oymaçı ağacda yüz naxış açır
Seyr etmək maraqlı bir əyləncədir.
Bəs mənə Tanrıdan ərməğan gələn
Ağlı, istedadı sorqulamaq nə
Mən özüm-özümə cəza verirkən
Yer qalmır kiminsə söz-söhbətinə.
Varmı bir gücünüz , gücümə bənzər,
Yoxdursa- paxıllıq, həsəd, qəm sizin
Görün nə söyləyir yazdığım əsər
Gedin o yol sizin, cəhənnəm sizin.
Yolçunun dincliyi
Yolçu, sapma öz yolundan
Şikayətin yox mənası.
Güclü olmuş suçlu olan
Belə yazılıbmış yazı.
Sərvət oğruları sevir
Axıb-axıb pisə gedər
Nağılları evir-çevir
İşinə yarayan qədər.
Yolçu! Belə səfalətə
Gücün varmı qarşı dursun?
Boş ver! Yenə tufan ötər
Çör-çöp qursun, yel uçursun.
Kim nə gözləyir dünyadan
Kim nə gözlər bu dünyadan
Min xəyal qur, birdir sonu
Sağa, sola burulmaqdan
İtirərsən öz yolunu.
Həyat xızla axıb gedir
Topal insan, di gülsənə!
İllər öncə möhtac idin
Əvəzini verir sənə.
Özünü mədh etmək
Bir günah olsa da özünü öymək
İş görən günahdan çəkinməz ancaq.
Sirrini faş edən olmasa, demək
Yaxşılar yenə də yaxşı qalacaq.
Səfehlər! Gəldimi, nəğmənin dəmi?
Yol verin özünü alim sayana!
Sizin tayınızdır! Heç fərq eləmir
Aləmə təşəkkür, tərif yayana.
Fransızlıq, ingilislik yapanlar
Kim fransızlıq yapır, kim ingilislik
Satışda almanlıq, italyanlıq var.
Zərrəcə fərqi yox bu gəvəzəlik
Boş şeydir? Söyləsin lovğalananlar!
Nə ürəyə yatır, nə də təsvirə
Boşboğaz kəslərin bu ucuz malı
Niyə vaxt itirir insan boş yerə?
O, öncə özünü tanıtdırmalı!
Bu gün yarımçıqlar məqam tutaraq
Yüksələ bilsə də yalqız başına
Sabah güc toplayıb ədalətlə haqq
Dostların ağzıyla güləcək yenə.
Üç min il! Keçilən yolun işığı
Cahili zülmətdən qoparmadısa.
Axıdın siz onu sular aşağı
Ardınca boylanıb batmadan yasa.
Quranın iqtibası
Müqəddəs Quranın hər kəlməsi haqq
Dilindən düşmürsə sənin heç zaman.
Sehrli sözləri təkrarlayaraq
Rahatlıq arayır hər bir müsəlman.
Dərvişlər boşuna gəzib-dolaşır,
Adətə xilafdır indiki gənclik.
Beləcə cəmiyyət imansızlaşır...
Ey müqəddəs Quran! Əbədi dinclik.
Peyğəmbər deyir ki
Məhəmməd qorundu haqq tərəfindən,
Buna qızırsansa, ey şübhəkar, sən
Özünü çürütmə belə boş yerə...
Möhkəm bir ip bağla evində tirə,
Keçir boğazına, tez özünü as
Onda ürəyində qəzəb də qalmaz.
Timur deyir ki
Yalançı mollalar! Cavabım kəsə!
Mənim qüdrətimə şübhəniz vardı.
Tanrının hökmüdü! Əgər istəsəm
Mən də bir soxulcan yaradılardım.
"Hikmətnamə"dən
Bir hikmət kitabı yazıram mən də
Ruh versin hər zaman qocaya, gəncə.
Qoy fala baxanlar vərəqləyəndə
Söz tapa bilsinlər ürəklərincə.
***
Kim dünyaya gəldisə pis vaxtda, pis günlərdə
Onun xoşu gələcək hər zaman pisliklərdən.
***
Mala qiymət vermək deyildir asan,
Öncə sahibini tanımalısan.
***
İnsan bilmədiyi işlə uğraşır -
Dənizlər qabarıb sahili aşır.
***
Niyə ara-sıra batıram yasa?-
Günümüz uzundur, ömrümüz qısa.
***
Ürəyin sinəmdən uçub gedərdi
Bəlkə özündən də qaçıb gedərdi.
Yarımın köksündə tutardı qərar
Yarın sinəsindən gözəl yermi var?
***
Bu göy cənnətində bir ulduz uçur
Bəzən də məqsədsiz, şüursuz uçur.
Süzür asimanda, qızaranda dan
Xəbərsiz, gurlayan qasırgalardan...
***
Qazansa, uduzsa, fərqi yox ancaq
Geriyə kirlənmiş adı qalacaq...
***
Tale səni sınayırsa, demək bunun səbəbi var
Öz nəfsini yoxla bir az, öz içində cavab axtar.
***
Hələ gündüz vaxtıdır, yarat, qur, meyvəni dər
Gecə qaranlığıyla qolunu zəncirləyər.
***
Nə qurursan dünyada? Dünya qurulub çoxdan
Tamamlayıb hər işi! Xəlq edib bizi yoxdan.
Sənin püşkün atılmış, tale vermiş qisməti,
Yol da verilmiş sənə, tamamla səyahəti.
Bu ələm, bu qəm-qüssə dəyişməz qədərini
Taleyin bəlirlənmiş, rüzgar sovurur səni.
***
Biri ümidini üzərsə yerdən,
Əl tutun, üstündə gözünüz olsun
Xilas eləməyə onu kədərdən
Sevgiylə yoğrulmuş sözünüz olsun.
***
Fırtına qapını döyürsə hərdən
Səni qoparacaq tənbəlliyindən.
Xoşbəxtlik Tanrısı bağlıdır sənə
Qapını döyəcək, döyəcək yenə.
***
Mirasım tükənməz! Çaydır, ümmandır!
Mənim malım-zaman, mülküm-zamandır...
***
Sevgiylə yoğursan yaxşılığını,
Bunu nəslinə də etsən nəsihət
Miras qoymasan da uşaqlarına
Nəvələr xeyrini görəcək əlbət.
***
Düşmənin alçaqdır, bil bundan belə
Sənə dost oldumu? Harda, nə zaman?
O ki, gecə-gündüz min sitəm ilə
Yalanlar uydurur sənin arxandan.
***
Savaşa can atma axmaqlar ilə
Bataqlıq səbr ilə keçilməlidir.
Ariflər elmiylə demirəm hələ
Könlü toxluğuyla seçilməlidir.
***
Bizlərə pis qonşu olsaydı Tanrı
Ya sənə, ya mənə bənzəsəydi, bil,
Çox az şey qalardı şərəfimizdən,
Çünki o kimsəni durduran deyil.
***
Şərqin şairləri öndədir, şəksiz
Söyləsək əskiklik gətirməz bizə.
Bərabər gələrik ancaq qibtədə,
Badalaq gəlməkdə bənzərimizə.
***
Hamı birincilik yarışındadır...
Ləyaqəti varmı? Soruşma əbəs.
Dünya milyon kərə gözəl olardı
Bacardığı işi görsəydi hər kəs.
***
Bizə qəzəblənmə, rəhm elə Allah
Biz də bənzəyirik Çalıquşuna
Qazanmaq istədik etibarını
Savaşdan yayına-yayına ancaq.
***
Qısqanclıq yeməkdirsə özü-özünü içdən
Qoy qısqansın rəqibin, sən darıxma qətiyyən.
***
Haqqı qorumağın bircə yolu var:
İnaddan əl çəkmə, olacaq xeyri.
Şahinlə ovlanır vəhşi heyvanlar
Bircə gönüqalın qabandan qeyri.
***
Yolumu bağlayan, önümü kəsən
Papaz zümrəsinə nə söyləyim bəs
Əgər müdriklərin diliylə desək
Oğru tutulmasa, əyri bilinməz.
***
Bir kişi cəsarətlə anırsa qəhrəmanı
O özü də layiqdir ən gözəl təriflərə.
İnsanı necə duysun ömür sürüb dünyanın
İstisi soyuğundan keçmiyənlər bir kərə.
***
Sən yaxşılıq elə yaxşılıq üçün
Göz dikmə əkdiyin bağın barına
Sərvətin özünə xərclənsə bu gün
Sabah nə çatacaq övladlarına.
***
Gedəcəyim mənzili inancınla qızdırsan
Oğlun ilə qızının həyatı olar asan.
***
Elə ki qulağına yalan təriflər dəyir
Bil ki zaman dəyişib, karvanlar ötüb keçmiş
Yaşlıların sözünü cavanlar hütüləyir,
Sonra elə bilirlər özləri icad etmiş.
***
Çətinsə də yolunla get birtəhər
İxtilafa qoy qatmasın səni şər
Cahillərlə danışanda alimlər
Cəhalətin girdabına düşərlər.
***
Bizdən niyə bu qədər uzaqdadır həqiqət
Bunun bir səbəbi var, bilinər bir gün əlbət.
***
İnsan öz sevincinin qanadında ucalar
Zamanında anlasa həm böyükdür, həm uşaq
Həqiqət həm görünən, həm əl çatan olardı
Həm sevimli həm də ki, körpə kimi yumuşaq...
***
Dünyada heç zaman batmaz əməyin
Nədən gözləyirsən yol üstdə yenə
Suya buraxdığın halal çörəyin
Xeyri bir qatıyla dönəcək sənə.
***
Günahsız hörümçəyi öldürdüm, eh vay,
Anladım səhfimi, halım dəyişdi.
Tanrı mənim üçün ayıranda pay
Ona da yaşamaq haqqı vermişdi.
***
"Gecə zülmət dənizi, Tanrısa nur dənizi!"
Nurunun zərrəsinə həsrət buraxdı bizi.
***
Rəngbərəng bir topluluq, hərə öz ləhcəsində
Mehriban laf edirlər Tanrının süfrəsində.
***
Sizin fikrinizcə tamahkaram mən?
Onda vermirsiniz borcumu nədən?
***
Dünyanı ucadan görmək istəsən
Gərək nərdivanla dırmanasan sən.
***
Şükür edən xoşbəxtdir yəqin həyatda
İnsan ömür sürür dilinin altda.
***
İki xidmətçisi varsa bir bəyin
Yaxşı xidmət nədir heç bilməyəcək.
Evdə iki xanım! İki örpəyin
Qibtəsi, qeybəti kəsilməyəcək.
***
Qalın bu minval ilə, ey sevimli insanlar,
"Autos epha!" "O bilir, mənsə bilməm" deməkdir
Qadın ilə erkəyin yalnız bir anlamı var.
Hər kəs üçün bu sözlər Həvva, Adəm deməkdir.
***
Tanrıya şükr etməli, bilirsənmi heç niyə
Elm ilə iztirabı ayırıb, böldüyündən.
Məhv olardı qapılıb xəstə ümidsizliyə
Anlasa özü haqda həkimin bildiyindən.
***
Axmaqlar lovğalanıb öz-özünü öyməkdə...
Beləsinin qisməti yalanında gömülmək.
Əgər İslam - Tanrıya təslimiyyət deməksə
O zaman İslamdadır həm yaşamaq, həm ölmək.
***
Doğulandan çalışdın, bürüdü qayğı səni
Hər nəslin yeni evi, ancaq olmadı doyan.
Oğlu da tez-tələsik ucaltdı yenisini.
Ancaq öz tikdiyini olmadı tamamlayan.
"Züleyxanamə"dən
Züleyxa
Mənə çoxdan tanışdır kişilərin baxışı
Biri "sevirəm" deyir, biri tökür göz yaşı.
"Əsirəm" söyləyənlər, əslində əsir deyil.
Onun altında yatmaq bir gənc qıza sirr deyil.
Biri hiylə bulaşıq, birisi saf, düz baxır,
Ancaq bu baxışlardan mənim könlüm darıxır.
Təkcə, əziz Hatəmim, sənin qəfil baxışın
Ürəyimə od saldı, birdən fırlandı başım.
Anladım bu qismətin göylərdən endiyinə,
Gözlərin şahid idi məni bəyəndiyinə.
Mənə qədər heç kimdən bunca xoşlanmamısan,
Eşq nədir eşitmisən, lakin heç yanmamısan.
Deyirdin əyləncələr məşğul etməmiş səni
Təkcə sənin xətrinə sevmişəm bu guşəni.
"Güllərə boylanıram, zambaqlara baxıram
Suların aynasında şəkil olub, axıram.
Çiçəklərin ülfəti, yaşıl ormanın süsü,
Səhər şehli çəmənlər, qəm saçır, ürək üzür
Bu sərvilər, cökələr, yasəmənin saçları,
Yollar boyu ucalan bu mersin ağacları
Torpağı həyəcanla bəzəyən bu möcüzə
Onunçün yaranıb ki, sevinc bəxş etsin bizə
Bizə sağlamlıq versin, bizi xoşbəxt eləsin.
Ancaq sağalanda da sözümü deyim sənə
Kaş yenə xəstələnim, sən sağalt dönə-dönə"
Bilmirəm, ovsun idi, söz idi, alqış idi
Məni məndən qoparan nə sirli baxış idi.
Dedin indi özünü unut getsin, Züleyxa,
Sakitlik verməm sənə, bu dünyada bir daha.
Məni ilham qatından öz səcdənə endirdin,
Dərmanla sağaldaraq, eşqlə xəstələndirdin.
Aşiqlik sevinciydi oxuduğum gözündə,
Bu təbəssüm ilk dəfə doğulmuşdu üzündə.
Elə bil od vurmuşdun, atəşdən yanır qanı
Züleyxa hiss elədi sirrini baxışının
Və eşitdi sözünü: "Qəlbini sıxma hədər
Dünyada xoşlanmadım heç kimdən sənin qədər."
Tərcümə: Sabir Rüstəmxanlı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!