"Gedirəm, dönəcəyəm, körpü sənə amanat..." - Şeirlər - Fuad CƏFƏRLİ

Günəş məhkumu

Biz günəşi uzaqdan görməyə məhkumuq,

yaşamağa məhkum olduğumuz kimi...

Suyun nə üzündə gəzə,

nə də ki altında yaşaya bildik.

Çox da ki, keçmişimiz bir damladı

və ya damımız buluddandı!

 

Bilirsən, şair,

Küləyi görməmək əzablı mənzərədi.

Hələ onu qucaqlamağı

            bacarmadığımızı demirəm.

Bəlkəsiz,

elə azadlıq budur!

Görünməmək, bələnməmək,

bir pəncərəni çilikləmək,

sonra qapını çırpıb getmək...

 

Biz necə ki, bu günləri sabahlarda

çiçəkləri də elə

tikanları görəndə itirdik…

 

Bütün quşlar sənin xəyalındı;

Qalxır, qalxır, qalxır…

Hamı sanır ki,

göy üzünü

fəqət o özünü keçmək istəyir, özünü...

və bir zaman

                        toprağa düşür.

Beləcə, həyat topraq-torpaq ötüşür.

 

Nəfəsi kəsilmiş otel otaqları

Otel otağına bənzər bəzi adamlar,

sakini yiyəsindən başqa,

kim istəsən ...

Otel otağına bənzər

 bəzi adamlar,

yayında əriyib,

qışında çiliklənərsən.

Köksündə yatarsan,

fəqət dincəlməzsən.

Lənətə ürəyin,

alqışa dilin gəlməz.

Otel otağına bənzər bəzi adamlar,

sakini yiyəsindən başqa,-

kim istəsən...

 

Gözlərində gecəni,

sözlərində gündüzü xatırlayarsan.

Gözünə baxanda kar,

sözünü eşitdikdə kor olarsan.

 

Səssiz ...

bax beləcə,

yormadan yorularlar.

Ayaqlarından çox

gülüşlərində  axsayarlar...

Otel otağına bənzər

bəzi adamlar;

yiyəsindən başqa

sakini kim istəsən...

 

İndi susmaq öldürür

Nə fayda var, qollar azaddı.

Kafe divarını inlədən

qədəh kimi

əgər beynində zəncirlər sükutu pozursa,

nə fayda, hə?!

 

Bilirsən, quzum,

İndi adamı susmaq öldürür.

Bunca səssizlik nə üçün, demə;

Necə ki hərəkətlər

dünya üçündürsə,

bizim savaşımız da

ölmək istədiyimiz yer üçündü.

 

Dönüş bəlkə bir gedişdi.

"Bəlkə" isə bir növ intihar,

bir növ tərkedilişdi.

Gedirəm, dönəcəyəm,

körpü sənə amanat.

Gecələr yanında yat,

Qoyma assınlar.

Barı, dönüşdə

qarşılayanımız olsun.

 

Sobasına sevgi atanlar

Geriyə baxmaq əksinə üzmək istəyidi,

balıq olmayacağını bilə-bilə...

Bu  gün dünəndən, sabahsa

indidən daha kədərli...

 

Gedərkən evlərin qapısına kilid,

sobasına sevgi atanlar

yoxluğa meydan oxuyanlardı.

Əslində yağan yağış deyil, qadın,

bacanı sevən bir pişiyin dualarıdı.

 

Baxışların tutur məni

Ovuclardan açılan daşlardan küssən də

uşaqlara, daşlara hürmədin.

Məktəb həyətlərində

həyatı qara, dərisi sarı, yiyəsi torpaq köpək.

 

Baxışların tutur məni,

mənə elə baxma, köpək.

Bilirəm, gecələr işığa ac doğulur.

Sənə verəsi boyat xatirələrim vardı,

Ona da dünən heç hürmədin...

 

Qarnı boynuna xalta köpək,

sənmi xoşbəxtsən, ya o xaltalımı?

Deyəsən incitdim, bağışla məni, köpək.

Neynəyim, əclaf dünyanın

sualı da əclaf olur...

 

İliyinə kimi oxu

Tanrım, bağışla məni,

tanımadığım gözəllik eşqinə

saysız bəyazlar kirlətdim.

 

Axı hər gecə

səhəri çəkə bilmir.

Hədiyyələrin hamısı gözəl olmur.

Fəqət, bütün gözəlliklər

sənin hədiyyəndir, Tanrım,

döşü kiridən dişsiz dodaqlar misalı.

 

Gec anladım; ən dahi şair günəşdir,

o da bu dünyadan deyilmiş.

Ən aqil oxucusa torpaqdır,

iliyinə kimi oxuyur hamını

iki dünya arasında…

Ağcabədi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!