"Ay Allah, bu çiçək nə yumşaq yatıb..." - Əlizadə Nuri

Şeirlər

Yıxılmış heykəl

İllərin o üzündə üşüyən

xəyal qırıntılarını

ac sevdamın qabağına qoydum…

Heç üzünə də baxmadı!

Ümid qırıntılarından

xoşbəxtlik adlı

heykəl qurmaq istədim,

uçub töküldü yerə…

 

Ay Allah, bu çiçək nə yumşaq yatıb...

Bir ümid can verir mənim içimdə,

Dərdi bu dövrandı, loğmanı kimdi?

Bir kədər hıçqırır dodaqlarımda,

Bir ağac ağlayır, - bağbanı kimdi?

 

Ürəyini elə gizlət…

Göz yasını gözün görsün,

Gözündən özgə görməsin.

Üzünə baxdığım yeri

Üzündən özgə görməsin…

 

Bir gül bəsdi, dərim, qalım,

Pirdi evin… pərim, qalım…

İzində gözlərim qalıb, -

İzindən özgə görməsin…

 

Tök bu suyu selə, gizlət…

Bu sirri də hələ gizlət.

Ürəyini elə gizlət

Özündən özgə görməsin…

 

Dekabrda  bahar

Mən səni görəndə dekabr ayı idi, -

Sanki səni görüb

Çiçəkləmişdi dekabr!

Qış günəşini isitmişdi gözəlliyin…

…Bir neçə gündən sonra

                        itirdim səni, -

Çiçəklərin əllərinə

qar yağdı o gün…

Şəkil uşağındı, ya uşaqlığın

 

Mənə göndərdiyin şəkil kimindi,

Sənin uşağındı, ya uşaqlığın?

Mənim ürəyimdən şübhə boylanır,

Sənin bu şəklindən körpə saflığı…

 

…Nə bilim, bəlkə də kiməsə yarsan,

Mən də iç-içəyəm kədər-yarımla.

Nə yaxşı, əgər ki, sən bəxtiyarsan.

Qoy mən də yaşayım xəyallarımla…

 

Şəklin gülümsəyir, mən qüssəliyəm, -

Bəlkə də deyirsən: "Bu mən deyiləm"

Kimin sevgisisən, kimin haqqısan, -

Kimsənin haqqını yeyən deyiləm!

 

Mənim olmasan da, xoşbəxtliyin ol!

Saxla şəkildəki bu saflığını.

Yanımda deyilsən… mən də bu şəkli

Asacam yanından uşaqlığımın…

 

Xatirələr layla çaldı…

Ümidlər solur canımda.

Solur çiçəklər kimi.

Çıxıb yatdım dağ döşündə,

Yorğun küləklər kimi.

 

Könlümü bir Leyla çaldı…

Bu havanı neylə çaldın?!

Xatirələr layla çaldı

Mənə mələklər kimi.

 

Bu ocaqda nə qovurdum, -

Mən qovurdum, - yel sovurdu…

…Sonda bir ayrılıq vurdu,

Məni fələklər kimi…

 

Bir az sükut, bir az səsdi…

O üzünü bu üzünə

Çevirdim, dünya olmadı.

Şəkər qatdım, gördüm həmən,

Xəmirdi - dünya olmadı…

 

Tez-tez dəyişdi havasın,

Şeytana verdi əbasın.

…Sevdiyim qız bağışlasın,

Sevirdim… dünya olmadı.

 

Bir udumdu, bir nəfəsdi,

Özü boyda bir qəfəsdi…

Bir az sükut, bir az səsdi,

Səmirdi, dünya olmadı.

 

Öldürər, - ağlamaz bizi,

İtsək, soraqlamaz bizi.

Sonacan saxlamaz bizi, -

Qəbirdi, - dünya olmadı…

 

Ulduzların altında

ölmək də gözəl olur…

 

Bənövşənin boynunu bükməsi

            öyrətdi mənə şeir yazmağı.

Müəllim öyrətmədi ki,

            Əllərim öyrətdi mənə.

Onacan saymağı…

 

…Ulduzların altında

            oturub gözlədim səhər çağını.

Dan yeri öyrətdi mənə.

            Günəşin doğacağını…

 

Ölümlər öyrətdi mənə

            Həyatın şirinliyini.

Balıqlardan öyrəndim mən

            Dəryanın dərinliyini.

 

…Bu həyatda nə gördüm ki,

            dan üzü qızaran yerdə.

gördüm boz qurdlar ulayır,

            göy atlar da kişnəyir.

Gördüm insan öləndə də

            qolundakı saat işləyir…

 

…Gördüm günah baxışdadı, -

            təpələr də dağ olarmış.

Gördüm bir tikə ümidlə

            yüz il yaşamaq olarmış…

 

…Amma unutmadım ki,

Ölümün izimə düşdüyü

            bir dünyada yaşayıram.

 

…Amma neynək,

            göylərin kölgəsində,

ulduzların altında

            ölüm də gözəl olur…

 

Heyrət

Suriyalı körpə

            ölmüş anasını

elə acgözlüklə əmirdi ki…

Sən demə, öləndən sonra da ana

            övladına gərək olurmuş!

…Uşaq ağlaya-ağlaya,

            sevə-sevə

anasını əmirdi,

            və adama elə gəlirdi ki,

bu ilahi sevginin təsirindən

            indicə ana diriləcək.

…Aha, ananın gözlərində

artıq

            bir damla yaş da göründü!..

 

Mən bu dünyanın oldum, dünya mənim olmadı…

Həyat ölümə qədərki nəfəsdərmə kimidi,

Bağçadan gül dərən kimi "dərəcəklər" nəfəsini.

Bu dünyanı hər gün bir az salacaqlar gözündən,

Hər gün biri bu dünyaya azaldacaq həvəsini.

 

Yalana meydan verən, ya meydandı günahkar

Ölüm gəlib o dünyanın dadından danışacaq.

Tutub yağışın əlindən gətirəcək yanına,

Payız gəlib göylərin adından danışacaq.

 

Dünyadan gileylənib üz tutdum göy üzünə,

Bir də baxıb gördüm ki, nə yara var, nə yar var.

Bircə insan qalıbsa, demək, dünya boş deyil,

Bircə çiçək qalıbsa, demək hələ bahar var.

 

Mən bu dünyanın oldum, dünya mənim olmadı,

Neynək, yenə dünyanı bağışlarsan, İlahi.

Göydən çətir düşməyir, göydən düşən yağışdı,

Hara qaçım bu qəfil yağışlardan, İlahi?

 

Mənə yazı yazan O, mənə şeir yazdırır,

Başqa iş tapılmadı, özümü aldatmağa.

İlahi, bu dünyanı sənə verib gedirəm, -

İlahi, bu dünyanı əlim gəlmir atmağa…

 

Hər kəs bir təzə nəğmə…

Nə dərəyə vurulmusan, -

Kim sevəcək dağları?

Günü sevə bilmirsənsə,

Söymə qaranlıqları.

 

Hər kəs - bir təzə nəğmə,

Dünya - köhnə bayatı.

Tanrı sənə qol verdi ki,

Qucasan bu həyatı…

 

Ümid yoxsa, baharda da,

Erkən solmaq olarmış.

Bir sevgili baxışla da,

Xoşbəxt olmaq olarmış.

 

Sizlə dolu evdi dünya,

Aç, görərsən, nələr var.

Üşüyürsən, - yanında ki,

İsti xatirələr var?!

 

Ağ yaylıq kimi

Ağarmış saçlarına

Qara bağlayan qadın.

Öz dərdini dizinə

Vurub ağlayan qadın.

 

Sevgi gəldi dost kimi,

Getdi ayrılıq kimi.

Ağ əllərin havada

Yellənir yaylıq kimi…

 

…Qara bəxt geyənlərə

Gündüz də gecə olur.

Ayrılıqla bir evdə

Yaşamaq necə olur?!

 

Ölüm

Şairlərin çox sevdiyi sözsən, -

Sözümün üstündə yerin var, ölüm.

Gəlmisənsə, xoş gəlmisən,

Gözümün üstündə yerin var, ölüm…

Yuxarı başa dönmüsən,

Tez gəldin, quşa dönmüsən?!

Bir damla yaşa dönmüsən, -

Üzümün üstündə yerin var, ölüm.

 

Dağ aşıb, dərə düşərsən,

Çox yerdə şərə düşərsən…

…Əyilsən, yerə düşərsən, -

Dizimin üstündə yerin var, ölüm…

 

Sükut

Hərdən susmaq lazımdır ki,

Sükutun səsinə qulaq asasan…

 

…Susmaq da sətirdən-sətrə

            keçmək kimidi,

sətirdən-sətrə keçəndə bir az

            dayanıb susur qələm…

 

(Ölüm də "sətirdən-sətrə" həyatdan-həyata keçmək deyilmi?)

 

…Danışmaqla yox, bəzən

            susmaqla

"susdururlar" adamı.

Bax, dəniz də ağzına su alıb

            susub, -

qağayılar qoruyur

            dənizin sükutunu.

…İnsan sükut etməyi bacarmayanda

            süqut etməyə başlayır

və heç bir söz bu süquta

            çarə olmur…

Hərdən bulud-bulud,

yağış-yağış danışan

            göy üzü

sükutuyla daha gözəldir…

Amma ən gözəl sükut Tanrıya

            Yaraşır!

…Tanrı onu sevməyənlərə də

            elə sükutuyla cavab verir!

…Mən də sevmişəm

            sükut etməyi,

İndiyəcən susduqlarımı

            bir yerə yığsaydım,

bir "sükut - roman"

            edərdi

və verərdim

Sükutu sevənlər "oxusun"…

 

…Təkcə haqq yıxılan yerdə

            Əyilib onu qaldırmamağım

Sükutun mənə, mənim haqqa

            Xəyanətimdir.

 

… İnsan susanda ona görə

            Daha gözəl danışır ki,

Heç kəs onun "sözünü" kəsmir!

 

Güzgüdəki gözəl

Güzgünü doldurub gözəlliyin,

            çəkib gözəlliyini basıb bağrına.

Başqa güzgülərə qısqanırmış

                                   kimi

            buraxmaq istəmir…

…Deyəsən

            saçlarını yuyur.

                        içi "suyla" dolu

və saçlarının təmasından

            xumarlanır…

nar şirinliyindən

çatlayan kimi.

güzgü də çatlayacaq sanki bu gözəllikdən…

…Çıxma, qal bir az da

güzgüləri xoşbəxt etmək

            gözəllərin işidir…

 …Bir də baxıb gördüm

güzgünün dinc durmayan əlləri

            saçlarını tumarlayır…

İllüstrasiya: Vinsent van Qoq "Süsənlər"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!