***
Rüstəm Behrudinin 60 illiyinə
Əl açmaq - göydən asılmış Tanrının
ayaqlarına dirəncək olmaqdı;
Əl açırıq asılmış və nəfəssiz birinin
ömrünü beş dəqiqəlik uzatmaq üçün.
Dualar bitəndə qurtulur
tanrılar insan yükündən...
Bükülüb rahat yatırlar
seçilmiş kitab varaqlarında.
İnanmasanız əl basaram alın yazıma...
Tanrının cənnəti yaratdığının
ağzında başlayıb gözündə bitir.
Bizsə boyumuz boyda qaranlığın
cənnətinə inanırıq hələ də...
Hər dünyaya gəlişimizdə küsdürdük deyə
Allah Adəmdən sonra insan yaratmadı...
Əlinizi yumun adamlar,
Bəlkə qayıdıb insan oldunuz.
Yığın sərgilərdəki
uzunqol abır köynəklərini.
Çıxarın üstünüzdən rəngi solmuş,
kir basmış kentavr köynəklərini...
Üşüyür göy üzü...
Üşüyür göy üzü, günəşi çiyninə salın…
Tanrı çay dəmləsin öz yağışından.
Deyin yatmasın buludlar,
qızdırıbdı göy üzü.
Bir az ulduz içizdirin
çolpanın çay qaşığında.
Qoy açılsın göy üzü.
Torpaq tonqal qalasın, yamyaşıl ağacından
aparın alaçığına,
Yumun, çadırının
yuxarıya baxan tikişlərini…
Gözünə kölgə düşməsin,
xumarlansın ağ sacında;
Üşüyür göy üzü...
Xocalıya - şəhərlərin şəhidinə...
Başım əlimdə bükülü,
Altımda uçuq tikili.
Gözümdən yuxu tökülür,
Can üstəyəm, qoyma yatım.
Oyanın daş adamlar,
Ağnadı bu daş damlar.
Tanrı göydən daş damlar,
Xoca bəyim, qoyma yatım.
Önümdəki yol yaralı,
Başı verib yar qol alır.
Halıma ölüm qocalır,
De istiyəm, qoyma yatım.
Sıxır ayağımı yolun ölçüsü
Yollar ayağıma bir az dar gəlir,
Sıxır ayağımı yolun ölçüsü.
Sığışmır alnıma yazılan yazı,
Yazımdan kiçikdir alın ölçüsü...
Dalğası üstümə hürür dənizin,
Üstümə nə qədər kükrəyən gördüm.
Ömrünü balıqlar sürür dənizin,
Canımı sürüyə-sürüyə gördüm...
Hərflər də böyükdü Tanrıdan indi,
Cəmi beş hərfdi ən böyük Tanrı.
Səslə hərf arası bitir inaclar,
Kirayə qəbirlərdi Tanrıdan anrı...
Ciblərim bələk olub ayaq izlərinə...
Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,
səndən sonra mamır uzaqlıqlar böyütdü
bu daxmanın pəncərələri...
Kaş bu evin güzgüsünü də aparaydın;
bələyəydin, böyüdəydin...
toxuyaydın ayrılığın xalçasına ilmə kimi...
...Qayıt, əlindən tut
ayaqları keyimiş məhəccərlərin,
qayıt, qadınsız yaşaya bilmir
bu evin döşəməsi.
Sən gedəli tavanlar iməkləyir
döşəmənin üstündə.
Üşüməsin deyə ayaq izlərini
bir cüt coraba büküb cibimə atmışam.
Ciblərim bələk olub ayaq izlərinə...
Qayıt, özün yürgələ ayaq izlərini.
Qayıt, beşiyində boğ,
böyüməsin üç yaşlı çarpayı tənhalığı...
...Sən gedəli bu evin divarları da
daş-daş göz yaşları tökür, qayıt...
Qaranlığın aydınlıq səsi...
Bir xanım diktora.
Hələ ki, adını açıqlamaq məsləhət deyil
Boynuma hörüklü kəndir kimi
dolanır bu qadının səsi.
Qulaqlarımda intihar edən hıçqırtıları
ovcumda "göyərir".
Gülüşlərim saç ağardır
bir pıçıltının altında.
Gözlərimin səhnəsində əllərim
köhnəlir, pərdə - pərdə üzümə çəkilir.
Bu səsdə tanrılar ağı deyir təkliyinə.
Bu səsdə əzrailin üstünə ölüm kükrəyir.
Əlləri qumbaralıdı bu iniltinin,
Çəliklə yeriyir alın yazısının üstünə.
Otuz iki dişin qanı batır bu səsdə...
Ağıların oxşamalara
üzrxahlıq məktubudur bu səs...
Dayanır saatların nəbzi bir şeirlik.
Bu səs ətini çürüdür əlimdəki şəkillərin,
Sümüklərini divardan asır,
saralmış zamanların.
Ana bətnlərini hördüyü gödəkcəyə bükür.
Əlil qulaqların ayağından yapışır,
Söykəndiyi çəliyi tullamaq üçün.
Bir qadın boğazında üşüyür ayaqları
Bu səs payızına corab toxuyur...
Bütün alın yazıları dar ağacından
bir ip uzunluğunda aşağıda qalacaq.
Dar ağacından bir intihar ipi boyu
Yüksəkdə susacaq
bu qadın diktorun səsi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!