Şeirlər
Bayraq şəkli
Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.
Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə
çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
Generallar döşlərindəki ordenləri
Bir an içində qoparıb atardılar.
Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyada uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.
Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...
Uşaq dükanı
Uşaq dükanlarında
Paltarlar qışqırır,
Ayaqqabılar tappıldayır,
Papaqlar atılıb-düşür,
Köynəklərin qolları əl eləyir,
Səsləri qıfılları silkələyir:
"Buraxın bizi,
Hardasa üşüyürlər uşaqlar".
Ləpir
Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.
Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...
Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.
Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
"Allah, sabahımız üçün də
Bir ayaq saxla."
Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...
Uşaq bağçasında düzələn sıra
Keçir küçələri, maşınlar durur,
Tutub bir-birinin əlindən, gedir.
Bir az isti-isti əsir küləklər,
Öpüb körpələrin telindən, gedir.
Körpə cərgəsinə baxıb dayanar,
Əsgər sıraları bu saat, bu dəm.
Şəhərə ağappaq təmizlik yağar,
Uşaq əllərindən, uşaq gözündən.
İlahi, nur elə, gur işıq elə,
Körpə fidanların sabahlarını.
Kiçik fidanlara bağışla, Tanrım,
Böyük adamların günahlarını.
Alıb əllərindən oyuncağını,
Əsgərlər əlində avtomat durub.
Elə bil körpələr komandiridi,
Əsgərlər önündə farağat durub.
Yollar, ayaqlar
Körpələr sevinir ayaqlarına,
Əyilib sevinclə ayağa baxır.
Elə bil yapışıb yolun ucundan,
Ayaqqabı kimi ayağa taxır.
Nə qədər yerisə- dünya o boyda,
Hələ süd qoxuyur dodaqlarından.
Özü bir qadından doğulub, ancaq
Dünyamız da onun ayaqlarından.
Yıxıla - yıxıla çəkdiyi cığır,
Birinci dəfədir düşür torpağa.
Onlar cığır salır, başladıq biz də,
Körpə izlərini ayaqlamağa.
Qoy qalxsın ayağa vətən yolları,
Qırılan yolların xəyalı kimi.
Körpə ayaqları onun döşündə,
Asılsın sevginin medalı kimi.
Qış səhəri
Baxırsan uzaqdan tüstülənir kənd,
Açılıb mal-qara örüşə gedir.
Qışın acığına sanki uşaqlar
Məktəbə gülüşə-gülüşə gedir.
Körpə layla bilir çovğun səsini
Ayılır, yenidən yuxuya düşür.
Tülkünün qar üstə qalan izindən,
Səhərlər toyuqlar qorxuya düşür.
Tüstülər bacadan burulub çıxır,
Sanki kənd evləri qəlyan yandırır.
Qar üstə yayılan xoruzun banı,
Bir arıq tülkünü yaman yandırır.
Ağaclar
Səs kimi qalxıb yerdən,
Göyə baxır ağaclar.
Gah geyinir, soyunur,
Çox darıxır ağaclar.
Dayanıb qol-qanadlı.
Boylanır tək ayaqlı.
Yanında beşotaqlı,
Evdən qorxur ağaclar.
Budaqda bıçaq yeri,
Yadında ocaq yeri.
Altından çəkdik yeri,
Of, yıxılır ağaclar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!