Şeir
HƏR YERDƏ SƏHƏRİ YAZ AÇDI BU GÜN
Yolları, izləri yığdım gözümə,
Dağları, düzləri yığdım gözümə,
Baxmadım baxmaqdan yorulduğuma,
Təzədən vuruldum vurulduğuma...
Görmədim qaşın var deyən göz üstə,
Çılpaq qaya üstə, qalın buz üstə.
Bahar çiçəkləri iz açdı bu gün,-
Hər yerdə səhəri yaz açdı bu gün.
Ətir nəfəsini duydum güllərin,
Zəhmət həvəsini gördüm ellərin.
Sevincindən qaynayıb-daşdı qayalar,
Şəlalə saçını açdı qayalar...
Günəş zər ələdi yala-yamaca,
Kəpənək üz tutdu çiçək dalınca.
Bir körpə dünyaya göz açdı bu gün,
Hər yerdə səhəri yaz açdı bu gün.
Həyat yaşamalı, ömür bəxtiyar,
Ana təbiətdə özgə sehr var;
Səma buludsuzdur, üfüq ağappaq,
Elə bil bəzəkli gəlindi torpaq.
Budaqlar quşlandı, gülləndi nəğmə,
İlham pərisinin xətrinə dəymə.
Oğlana qəlbini qız açdı bu gün,
Hər yerdə səhəri yaz açdı bu gün.
Bu dağlar qardaşım, kəhrizlər bacım,
Maralgöl, Göygölüm gözəllik tacım.
Ulumdan yadigar qranit dastan-
İlk sənət izimdir ulu Qobustan.
"Araz bir qolumdur,Kür bir qolumdur",
Yollar tükənməyən ömür yolumdur.
Həqiqət dağ keçdi, düz aşdı bu gün,
Hər yerdə səhəri yaz açdı bu gün.
Heyrətdən zirvədə donan qara bax,
Bura Mil düzüdür, bura Qarabağ.
Barlı Abşerondu, Muğandı bura,
Gəncədi, Şəkidi, Şirvandı bura-
Mənim ana yurdum can içrə candır,
Dünyada tanınan Azərbaycandır!
Könül gör nələrdən söz açdı bu gün,-
Hər yerdə səhəri yaz açdı bu gün.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!