Dilsuzun təqdimatında
DİLSUZ
Görkəmli türk şairi Özdəmir İncə 1936-cı il sentyabr ayının 1-də Mərsində anadan olmuşdur. 1960-cı ildə Ankara Qazi Egitim İnstitutunun fransız dili bölməsini bitirdikdən sonra Parisdə - Sarbon Universitetində təhsilini davam etdirmişdir. Bədii yaradıcılığa liseydə oxuduğu zaman başlamışdır.
Fransada 5, Bolqarıstanda 4, Yunanıstanda 2, İtaliyada və Makedoniyada 1 şeir kitabı çapdan çıxmışdır. Ayrı-ayrı şeirləri alman, çuvaş, hind, yəhudi, ingilis, ispan, macar, rumın, portuqal, rus və serb dillərinə tərcümə edilmişdir. Bir sıra şeir akademiyalarının (Paris, Brüssel, Strasburq, Kasablanka, Lüksenburq və s.) üzvüdür.
Ümid edirik ki, şairin 2012-ci ildə dərc olunmuş 5 cildliyindən götürülmüş bu şeirlər Azərbaycan oxucularında da maraq doğuracaq.
ŞAİR OLSAN...
Ey oğul,
əgər bir gün
şair olsan,
gözün gözlərində,
ürəyin ürəklərində,
əllərin əllərində -
inancın dadını anlat
ölkəmin çocuqlarına.
Ey oğul,
əgər bir gün
şair olsan,
yəni,
umduqlarımızın və
gözlədiklərimizin şairi olsan,
sakın
masal anlatma
ölkəmin çocuqlarına.
Zaman axıb getməkdə,
dağ-daş dəyişməkdədir,
dəmir paslanmaqda,
bünövrə çürüməkdədir,
al qələmi,
ən doğru bildiyin
sözü yaz -
budur, atəş,
budur, ağac,
budur, ayağımızdakı buxov,
budur kürəyimizdəki xəncər!
Budur, əməyimiz -
alın tərimiz,
budur ölkəmiz...
Qadınlarımız var,
almanın bir yarısı -
hər an ürəyimizdə,
hər an böyrümüzdə,
hər an alnımızın qırışında...
Qadınlarımız var,
yazılmamış şeir,
ağzı bağlı kitab...
Kişilərimiz var,
almanın o biri yarısı -
bir az sərt,
bir az səbirli,
bir az Qaracaoğlan,
bir az Pir Sultan...
Ey oğul,
əgər bir gün
şair olsan,
sevgini çoxalt,
ürəyini aç,
onu -
gözəl ölünü anlat
ölkəmin çocuqlarına...
QUŞ
Bir quş uçurdu
Sisamla Quşadası
arasında.
Anlaya bilmədim
Türkiyəli idi,
yoxsa yunanıstanlı?
Kim bilir,
bəlkə də qəribdi,
bambaşqa bir məmləkətdən
gəlib...
Dənizdən soruşdum,
dedi, bu bir dəcəl quşdur.
Səhər-axşam demədən
dimdikləyir köksümü...
Günəşdən soruşdum,
dedi,
bu bir sərgərdan ruhdur -
yerlə-göylə əlləşir...
Balıqlardan soruşdum,
qayıqlardan soruşdum -
bir dürüst söz demədilər.
Bir quş uçurdu
Sisamla Quşadası
arasında.
Anlaya bilmədim
Türkiyəlidi,
yoxsa yunanıstanlı?
Kim bilir,
bəlkə də qəribdi,
bambaşqa bir məmləkətdən
gəlib...
Soruşdum,
ey quş,
hansı məmləkətdənsən,
kimlərdənsən?
Dedi,
mən bir qağayıyam,
kainat yaşında,
məmləkətim:
yer üzü və göy üzü,
sərhəddim: torpaq və hava...
KİÇİK QIZA
Xəyalımda
heykəlini
düzəltdim sənin,
qoydum
bənövşəyi dan yerinin
sahilinə,
gəlib
saçlarında yuva qurdu Ay,
quşlar təkcə səninlə danışdılar,
çiçəklər təkcə səninlə danışdılar -
anladın dərdlərini,
gördün yaralarını...
Səhərin
saat beşi
qardaşındır sənin,
çölün
çakıl daşı
qardaşındır sənin,
gün batarkən -
bənövşə olacaqlar,
əyinlərinə
rəngli köynək geyəcəklər.
tək sən anladın
onların dərdlərini,
tək sən gördün
onların yaralarını...
Yeni bir sözlük yaratdın,
özün üçün,
quşlar üçün,
çiçəklər üçün,
çakıl daşları üçün...
Ev -
nəfəsi kəsilmiş,
bənizi solmuş at,
məktəb - sürgün yeri,
göy üzü - yoxdu, yox,
küçə - gedər-gəlməz,
dünya - aşılması zor divar,
yuxu - tək sığınacaq...
- Ölümdən qorxmadınmı,
kiçik qız?
- Yox, çünki çox ölü gördüm:
göydən yağan quşları,
can çəkişən pişiyi,
səsi kəsilən ağacları...
Bir şəhərin öldüyünü gördüm,
ölümün öldüyünü gördüm.
Xəyalımda
heykəlini
düzəltdim sənin,
qoydum
bənövşəyi dan yerinin
sahilinə...
PAY
Doğulmaq üçün - bir vaxt,
Böyümək üçün - bir vaxt,
Yaşamaq üçün - bir vaxt.
Əkin əkmək üçün - bir vaxt,
Ev tikmək üçün - bir vaxt,
Sevişmək üçün - bir vaxt.
Baxmaq üçün - bir vaxt,
Görmək üçün - bir vaxt,
Anlamaq üçün - bir vaxt.
Nə? Ölməkmi dedin?
Ölməyə vaxt yoxdu.
BU İL ERKƏN GƏLDİ QIŞ
Bu il erkən gəldi qış.
Yağış yağır,
yağış yağanda
daha çox sevirəm səni.
Qar yağır,
qar yağanda
daha çox sevirəm səni.
Sular donanda,
ağaclar üşüyəndə,
ümidim qırılanda,
ürəyim sıxılanda
daha çox sevirəm səni.
Donmuş suda - dəmir tamı,
ağzımda - tütün acısı...
Hər sabah
pay-piyada dolaşıram
Ankaranın küçələrində, -
baxıram
divarlara yapışdırılmış
elanlara,
müğənnilərin rəsmlərinə,
böyrü-başı cırılmış
afişalara.
Hara getsəm,
içimdə bir gecikmişlik
duyğusu var -
sanki gecikmişəm hər şeyə:
ümidə,
uğura,
sevgiyə...
Bu il erkən gəldi qış.
Sanki
sonu ölümlə bitən
mənasız bir romanın
qəhramanlarıyıq...
Bu il erkən gəldi qış.
Göy üzünü verib,
əvəzində üzünü alıram,
əllərimlə silirəm
dərdlərini,
acılarını...
Gözlərini qoyuram
ümidsizliyin yerinə,
intizar dolu,
həsrət dolu
nəm gözlərini...
ÇƏRŞƏNBƏ GÜNÜ
Ülkər çərşənbə günü gələcək,
kitablar, dərgilər gətirəcək,
təmiz alt paltarları gətirəcək...
Ülkər çərşənbə günü gələcək,
Üzündə günəş,
gözündə əbədi yaz,
bir də dəniz,
bir də yaşıllıq,
bir də təsəlli, ümid...
Bu gün bazardı
yurdumun həbsxanalarında,
sabah bazar ertəsi,
sonra çərşənbə axşamı,
sonra çərşənbə.
Çərşənbə günü
Ülkər gələcək.
Çərşənbə günü
Ülkər gələcək -
üzü qar bəyazı,
gözləri yosun yaşılı,
amma
kölgədə və günəşdə
dəyişir rəngi,
dəyişir
üzü də,
gözü də...
Üzü qar bəyazı,
gözləri yosun yaşılı
Ülkərin...
Ülkər
zeytun ağaclarının
arasından keçib gələcək,
əlləri
dağlara,
dənizlərə,
buludlara toxunacaq,
saçlarında reçina ətri
duracaq
dəmir barmaqlıqların arxasında
allı-güllü yaz mövsümü kimi...
Bu gün bazar,
Ülkər
çərşənbə günü gələcək
bir irmağın dənizləşməsini
düşünə-düşünə...
DİLƏK
İdris peyğəmbər,
dərzilərin piri,
İzn ver,
gözəl bir şeir yazım
mən də.
Yaşım qırxı keçdi,
qocalıram artıq,
İzn ver,
gözəl bir şeir yazım
mən də.
Adıma, heç olmasa,
bir dəfə "ozan" desinlər
ölmədən öncə.
İdris peyğəmbər,
dərzilərin piri,
Əl tut,
kömək et,
bir dükan açım,
Bir köynək biçim
özümə mən də,
Astarı sözdən,
üzü sözdən,
sapı əbrişimdən.
Mən də
gözəl bir şeir yazım artıq,
Oxuduqca qısqanıram
o biri cızmaqaraçıları.
Şərabları bol,
ilham pəriləri yanlarında,
bilirlər
gecə neçə saat sürür,
gündüz neçə saat -
öyrətmiş ustaları...
Mən də
gözəl bir şeir yazım artıq,
Ciblərinə quşüzümü,
ləbləbi doldurum,
Parka aparım,
kökə alım ona,
Qıvırcıq saçlarını
rüzgarla darayım,
Mən də
gözəl bir şeir yazım artıq,
Qiyamət günündə
yalnız qalmayım...
İdris peyğəmbər,
dərzilərin piri,
Ey ustalar ustası,
İzn ver,
tək bir beyt yazım,
tək bir beyt,
Adıma heç olmasa,
bir dəfə "ozan" desinlər
ölmədən öncə…
DÖRD DİVAR ARASINDA
Bir şeylər qapanırdı
bir yerlərdə,
bəlkə bir qapı,
bəlkə bir məzar,
amma
tavan olmasına
tavan deyildi,
bəlkə bir yanğındı,
alov-alov, tüstü-tüstü -
quşların uçuşundan,
dovşanların təlaşından
elə sezdim...
Amma
tavan olmasına
tavan deyildi,
Kimsə
"Bir azca işıq, işıq verin,
bircə dəqiqəliyinə,
bircə dəqiqəliyinə,
bıçaq kimi uçurumlara,
qaya kimi divarlara
həkk edəcəyəm!" - deyə hayqırdı...
Bir şeylər qapanırdı
bir yerlərdə, -
kiminin bəxti,
kiminin ürəyi,
kiminin qapısı,
kiminin pəncərəsi...
Amma
yaşaması üçün
o bir dəqiqəni
ona vermədilər,
vermədilər,
vermədilər,
vermədilər...
Bir şeylər qapanırdı
bir yerlərdə,
bəlkə bir qapı,
bəlkə bir məzar,
amma
tavan olmasına
tavan deyildi...
YORĞUN DEYİLƏM
Yorğun deyiləm
nə səni düşünməkdən,
nə səni gözləməkdən...
Yorğun deyiləm
nə eşqdən,
nə dostluqdan,
nə ölüm təlaşından...
Yorğun deyiləm
nə ağrı-acıdan,
nə ümiddən,
nə qorxudan...
nə keçmişdən,
nə indidən,
nə gələcəkdən...
Bir yalnızlığım qaldı
aşılmalı,
yorğun deyiləm,
yorğun deyiləm...
SAHİLDƏKİ QADIN
Bələdəm, bələdəm
bütün sirlərinə,
bir yel dəyirmanı
dənizdən əsən rüzgara
bələd olduğu kimi...
Nə gətirdi
səni bu sahilə,
çörək dərdimi,
su dərdimi,
Sahildədimi bütün çarələr?
Qapqara qaranlığı
işığın üstünə -
bilirəm, dözəcəksən,
günəş
dar ağacında
doğana qədər!..
* * *
Bazar günü keçmək bilmir...
Birdən
bir qovaq boy verir
pəncərəmin önündə,
qapını çırpır külək,
aşağıda - bağda
bir qız baxır saatına -
kimdi, nədi gecikən:
sevgilisimi,
baharmı?..
Bazar günü keçmək bilmir...
Torpağın altında
buz kimi əriyir günəş,
sevdiyim
göy qədər uzaq,
yer qədər yaxın,
aramızda
ayrılığın amansız
tufanları -
artıq
udum-udum
alışıram yarpaq
tökümünə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!