Əminə xanımla ilk dəfə "Nəsimi" festivalı çərçivəsində, bir xeyli əvvəl görüşmüşük. Amma ünsiyyətimiz dərin olmayıb. Üstündən bir az keçəndən sonra Maqsud İbrahimbəyov Mərkəzindən gəlirdim. Mərkəzin yerləşdiyi meydandan Qoşa Qala qapısına istiqamət götürmüşdüm. Bərabərimdə bir maşın saxladı. Əminə xanım düşdü maşından. Hal-əhval tutduq, sonra dedi ki, Ukraynada imiş. Şevçenko muzeyinin direktoru Dmitro Stusla görüşüblər, deyəsən akademik Rafael Hüseynovla birgə gedibmişlər. Stusun salamlarını, ünvanıma dediyi xoş sözləri də çatdırdı. Deyirlər ki, birisi başqa birisinin haqqınızda xoş sözlər söylədiyini söyləyirsə, demək, həmin sözlərə şərikdir. "Deyirlər" deyəndə ki, Şəms Təbrizinin sözləridir. Mən, bunu gizlətməyim, Əminə xanımın gözlərindən oxudum.
Sonralar çox görüşdük Əminə Məlikova ilə. Çox vaxt da onun diqqəti və dəvəti ilə. Həm Heydər Əliyev Mərkəzindəki bir çox tədbirlərdə və axır illərdə isə xalça muzeyinin rəhbəri kimi muzeydə...
Həmişə nəzakətli, mehriban, gülərüz və işgüzar gördüm onu.
Bu günlərdə rus dilində yazdığı, bir qədər ağrılı, olduqca səmimi bir şeirini göndərdi mənə.
Şeir yazdığını bilmirdim.
23 noyabr Əminə Məlikovanın doğum günüydü.
Çevirdim. Və böyük məmnuniyyətlə "Ədəbiyyat qəzeti"nə təqdim elədim.
Səlim Babullaoğlu
Əminə MƏLİKOVA
Elegiya
Var hər kəsin qəlbində bir xeyli məzar yeri:
Uyuyurlar sakitcə sevdiyimiz adamlar.
Həya edib söz üçün macalımız olmayan,
Sözümüzü çörək tək böldüyümüz adamlar.
Orda var bizi sonsuz şəfqət ilə sevənlər,
Bizi tənha qoyanlar, vaxtsız tərk eləyənlər.
Bizə xəyanət edən adamlar da var orda,
Yaman gündə yad olan xainlər yatır gorda.
Bəlkə orda gülürlər, bəlkə xiffət, xəcalət...
Amma bizdən uzaqdır o gülüş, nisgil, nifrət.
Hədən baş çəkirik biz, gedirik qəbir üstə,
Yandırır qəlbimizi dibsiz kədər və qüssə.
Qoyuruq məzarlara xatirə çələngini,
Duyuruq ruhumuzla biz də əcəl zəngini.
Əbədi ayırsa da bizi tale, nə yazıq,
Adamlar var onları heç zaman buraxmırıq.
Qəlbimizdə onların yuvası var, ipisti,
Orda daim diridir, sağdır onlar, dipdiri.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
