***
Küçə qapısına çatana qədər
Arxanca pişiklər gəlirsə hələ,
Səni tanıyırsa küçədəki it,
Üstünə bir ağız hürürsə hələ -
Demək, bu vətəndə yaşamaq olar.
Qaçıb qonşunuzdan duz istəməyə,
Anan dediyindən az istəməyə,
Qonşudan qız sevib, qız istəməyə
Kişi tapılırsa, kişi qalıbsa -
Demək, bu vətəndə yaşamaq olar.
Vətən uzadanda əlini sənə,
əlini tutmağa əlin gəlirsə,
qayıdıb vətənə ana deməyə
Ağzın söz tutursa, dilin gəlirsə,
Demək, bu vətəndə yaşamaq olar.
***
Qalalar hamısı dərd qalasıdı,
Adamlar böyüyüb dərd olasıdı.
Mərdlər haçanacan mərd qalasıdı
Bu yorğun yollarda, incə yollarda?
Başı havalıydı yorğun atların,
Yüyənin bir naşı ələ verdilər.
Çapdılar neçəsin qan-tər içində,
Neçəsin zalımlar güllələdilər
Bu yorğun yollarda, incə yollarda.
Yulğunlar başını günə əydilər,
Yolların xətrinə necə dəydilər?
Bəlkə yolsuzlar da yola gəldilər
Bu yorğun yollarda, incə yollarda.
Aşıq, bu çaldığın el havasıdı,
Ovçu, o vurduğun quş balasıdı.
Şeirlər Allahın öz duasıdı
Bu yorğun yollarda, incə yollarda.
Sözsüz nəğmələri sözə qoşdular,
Birini mən sevən qıza qoşdular.
Neçə yol bilməzi bizə qoşdular
Bu yorğun yollarda, incə yollarda.
***
Təsəlli axtarırdım,
tapıb, şeir yazırdım.
Acı, zəhər həyata,
şirin ümid qatırdım,
qatıb şeir yazırdım.
Səmada quş misalı,
süzüb şeir yazırdım.
Çox ağrılar içində
dözüb şeir yazırdım.
Sənin yolunda hər gün
ölüb şeir yazırdım.
Gedib şeir yazırdım,
gəlib şeir yazırdım.
Ümidləri gözümdən
asıb şeir yazırdım.
Yadındadır o vaxtlar,
susub şeir yazırdım.
***
Yağırsa yağışlar bu axşamüstü,
Çıxaq islanmağa, çıxaq, Fəridə.
Şimşəyi yağışın başına çaxaq,
Bütün tabuları yıxaq, Fəridə.
Nəfəsim boynundan asılır birdən,
Əllərim saçında itir, Fəridə.
Yağış necə dadır dodaqlarında,
Gətir dodağını, gətir, Fəridə.
Yum ki, gözlərini yağış altında,
Arzular çin olur, olur, Fəridə.
Qorxma günahlardan, qorxma bu axşam,
Yağış günahları yuyur, Fəridə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
