***
Bu torpaqda özünü kədərə,
Bu torpaqda özünü qədərə
Təslim edə bilməzsən.
İstəyirsən, ağla Araz boyda,
Ağla, nə qədər desən.
Başını əyə bilməzsən,
Əlincədən utanar adam...
Bu torpaq hər gün didər ciyərini,
Axşam ölüb, səhər dirilərsən,
Silkinsən, dərd tökülər üst-başından,
Gərilərsən, gərilərsən...
Bezmək, ya çıxıb getmək?..
Haşa!
Nuhun toxunduğu yerlər titrədər bədənini...
Bu torpaqda qadın hər şeydən ucadır!
Bu torpaqda qadına hörmətin yaşı qocadır.
Bir tərəfdən Möminə Xatun ucalır,
O biri tərəfdən pıçıldayır Cavid:
"Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!"
Bu torpağın adamları da iqlimi kimidir;
ya çox istidir, ya da çox soyuq...
Bu torpağın adamları
Kiminə günəşdir,
Kiminə buz dağı,
Kiminə də duz dağı...
Bu torpaqda göyə ucalan "hüsni-xuda"lar,
Bu torpaqda damcı olub ovcuna düşən dualar...
Bu torpaqda cənnətin bağı var.
Bu torpağın əzəmətli Haçadağı var.
Elə mən də haçayam, iki bölünmüşəm,
Sağım gündüz, solum gecədir,
Demə, halın necədir,
Göygöl kimi bir az baharam,
Bir az yay, bir az payız, bir az da qış...
Bu torpaqda mənim yuxum lap uzun çəkdi.
Mənim yuxum...
300 ildən də çox...
***
Hamıya susdum...
Əvvəl məcburiyyət idi,
Sonra seçim,
Sonra vərdiş.
Əvvəl sözlər mənasını itirdi,
Sonra adamlar...
Sonra sözlərlə adamlar arasındakı görüş.
Düşündüm, özümə dönərəm
Hamıdan getsəm,
Hamıdan getməklə
mümkün olmurmuş bu dönüş.
Əritmişəm pozanları,
Qırmışam qələmləri,
Bacarsaydım, alnımdan da öpərdim.
Bitdi taleyimlə apardığım döyüş.
Gündən-günə ucuzlaşır qiymətlər,
Milyon illərdir davam edir
Yerin üstü ilə altı arasındakı alış-veriş.
Əvvəl karusel kimi fırlanırdı Yer kürəsi,
İndi boğazımda dəyirman daşı kimi.
Yaşamaq xəlbir aparıb-gətirməkdir də,
Yaşamaq başımıza gələn ən dəhşətli iş...
***
Mənə minini verincə
Birini verəydin, Tanrı!
Birinə dəyməyən minini
Neyləyim axı?!
Minlərə dəyən birini verəydin.
Mən ata-ana yox,
Mən o "biri"nin yetimiyəm -
Heç vaxt tanımadığım
Və heç vaxt doğulmayan
O "biri"nin yetimi...
***
Məhəbbət, ayrılıq, itki, tənhalıq,
Keçdi hamı kimi, keçdi məndən də.
O gün uşaq idim, bu gün uşaqlı,
İllər hamı kimi uçdu məndən də.
Həyəcan, həvəs, hirs - hamısı itib,
Ömrümdən dumanlar, tufanlar ötüb,
Adamlar görmüşəm, adamlar hər tip,
Adamlar ruhumu biçdi məndən də.
Əlbəttə, yaxşılar vardı dünyada,
Ürəyi dünyadan böyük bir ata...
İlk o getdi, hamı çevrildi yada,
Hamı bircə-bircə köçdü məndən də.
Ürəyim döyünür, çırpınmır ancaq,
Hər zəngi təlaşla açan utancaq,
Çoxdan öldürülüb ruhunda bıçaq,
Qatillər gizləndi, qaçdı məndən də.
Sizlərdən deyiləm, mən dəli, sərsəm...
Bir gün bədənimi torpağa sərsəm,
Göydə də, yerdə də sonra heç kimsə
Deməsin baş açdı, açdı məndən də.
***
Bir vaxtlar onu düşünüb
"Görən, necədir?" dediyin qadın,
O çırpındığın, arzuladığın qadın
Bir də görürsən, yanındadır -
Yanındadır və bilmirsən, necədir...
***
Hərdən xatırlayıram və deyirəm ki,
Lənət sənə, Pandora!
Sənin marağınamı yenildi bütün dünya?!
Sevgili Kron!
Zevs bilib udduğun daş
Hamımızın başına düşdü.
Aşına tökdüyün zəhər
Hamımızın qaşığına düşdü.
Səndən bu tərəfə
insanlığın "kül" dövründəyik.
Palıd ağacının altındakı xorultunda
Bir qaşıq bala uduzmuşuq,
Bir dəqiqəlik kefə uduzmuşuq...
Adəm babam, Həvva nənəm,
Niyə sizin cəzanızı çəkən mənəm?
Dünya bir həbsxana,
Bizlərsə məhkum...
Qabildən sonra hamımızın
qanında "qan" var.
Xoşbəxtlik-filan deyib, aldadırlar başımızı,
İnanan var, aldanan var...
Zəncirlənmiş Prometey!
Bir ovuc odu bayraq edib
Özünü insanların dostu sanma!
Lənət olsun sənin göz yaşlarına qarışıb
Yoğrulduğum günə!
Mənim ciyərimi qartal didsəydi,
Sevinərdim, Prometey!
Mənim ciyərimi sevdiyim adamlar diddi,
Daha Herakl da tapa bilməz
Ruhumun bircə tikəsin!
Tapa bilməz, Prometey!
***
Heç doğulmayıbmış o doğma adam,
Dünyaya həmişə özgəsi gəlib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
