***
Son baharın son ayı gəldi, dost,
Bax, yenə də yağışlar göz yaşına bənzəyir.
Sən ki bilirsən,
Son baharın son ayını sevmirəm,
Göy üzü anamın gözləritək nəmli,
Mənsə qanadından vurulmuş kimiyəm,
Düşmüş, sınmış, qırılmış kimiyəm,
Küsmüş, incimiş, darılmış kimiyəm...
İndi uzaqdan
İşıqları süzülən o şəhərdə
Səndən başqa heç kimim yox yenə də,
Gedib qapını döymək keçir ürəyimdən,
Qapın üzün kimi doğma,
Mənsə hələ ərköyün və dəliyəm,
Naxoş, sərxoş, qovulmuş kimiyəm,
Acmış, susamış, yorulmuş kimiyəm...
Bəlkə payızdan deyil,
Yağışdan da deyil heç.
Elə-belə - durduğum yerdə kədərliyəm,
Yadında varmı, dost?
Mənə bir az özümdən danış,
Nəsə hər şeyi unutmuş kimiyəm,
Bitmiş, tükənmiş, uduzmuş kimiyəm,
Ağlamış, ovunmuş, susmuş kimiyəm.
***
Sənə parçalı-buludlu bir hava göndərirəm,
Yağış da yağa bilər,
Şimşək də çaxa bilər,
Günəş də çıxa bilər.
Sənə parçalı-buludlu bir sevda göndərirəm,
Nifrət də ola bilər,
Həsrət də ola bilər,
Xoşbəxt də edə bilər,
Bədbəxt də edə bilər.
Mən hərdən çox səs-küylü,
Hərdən lal sükutluyam.
Nə qədər bədbinəmsə,
O qədər ümidliyəm.
Mən sonbahar kimiyəm,
Parçalı-buludluyam...
***
Uzun səfərdən
Evinə qayıtmış kimi
qayıtdım iztirablardan.
Gördüm ki, yenə də adamlar
Gözünü yollara dikmiş.
Baxdım ki, yenə hər kəs
Öz arzusunu gözləməkdə.
Anladım ki, bu həyat
hələ keçməmiş.
- Sonuncu kimdir? - deyə,
Uzun bir növbəyə dayanıb
Yaşamaq istədim həyatı
yenidən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
