Şeirlər - Əfsər ABDULLAYEV

1997-ci il iyunun 29-u Oğuz rayonunda anadan olub. "Abzas" və "Göz dağı" adlı iki şeirlər kitabının müəllifidir. Orta ixtisas təhsillidir.

 

***

Yaram qanatdı sevdiyim, ümid xilasə qalmadı.

Əlim kəsildi vəsldən, iş iltimasə qalmadı.

 

Bu kuzə kuzə əşqimin yetər, apardı zövqünü,

O badə-badə ey fələk, bu kasə-kasə qalmadı.

 

Odur can almaq adətin gözəllər içrə dəb salan,

Fəqət, özü el adətin unutdu yasa qalmadı.

 

Bu, Adəmin mirasıdır, ey eşqə laqeyd baxan,

Bu mən kimi beş-üç nəfər qədrşünasa qalmadı.

 

Danışdığın ziyan olur, danışma, Əfsər əl götür,

Bu işdə gördüyüm qədər xeyir xülasə qalmadı.

 

 

***

İki göz verildi insan oğluna,

Ayaq da qoşadır, əl də qoşadır.

Bəs necə məəttəl qalmayım buna,

Tamahı qızıla, nəfsi daşadır?!

 

Ayaq düz yol ilə getməyə asi,

Əl halal bağından gözləmir barın.

Bu qızıl sevdası bu daş sevdası

Gözünə tor çəkib zavallıların.

 

Əsil məhəbbəti unudub hamı,

Nə duyğu bilirlər, nə hiss bilirlər.

Dindirsən, olurlar əsrin imamı,

Tarixi-Nadiri təmiz bilirlər.

 

Həyat bir sehrdir, insan möcüzə,

Ürəkdə sevgidir yaşadan canı.

Bəlkə verilsəydi cüt ürək bizə

Daha çox sevərdi insan insanı.

 

 

***

Eh artdıqca, kaş artdıqca,

Ömür ötüb yaş artdıqca,

Qəm gözümü yaşartdıqca

Zülüm-zülüm darıxıram.

 

Yadırğayıb yolu bir az,

Sağı bir az, solu bir az,

Bir az dəli-dolu, bir az

Həlim-həlim darıxıram.

 

Gah donuram, gah yanıram,

Kim nə desə inanıram,

Tikə-tikə doğranıram,

Dilim-dilim darıxıram.

 

Yasa dönüb yasa, nəşəm,

Baş qalmayıb, başa düşəm.

Lap özümü itirmişəm,

İlim-ilim, darıxıram.

 

Yerə batdı, göyə çıxdı,

Nə alovdu, nə işıqdır.

Başım yaman qarışıqdır,

Özüm ölüm, darıxıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!