2003-cü il sentyabrın 25-i Masallıda anadan olub. Bakı Dövlət Universitetini bitirib.
***
Şükür ola Allaha,
Şükür ola sən varsan.
Görən indi hardasan,
Əlim boyda dünyanın
Harasında?
Bəlkə,
Saçımın ağında,
Gözlərimin qarasında?!
Biz ayrı düşəndən sonra
Heç, qitələr də birləşməyib.
Bu boyda dünya yerləşən ovuclarıma
Əllərin yerləşməyib.
İndi məndən o qədər uzaqdasan ki,
Ölsəm də bilməzsən.
Səndən sonra qapıma
lap ölüm də gələr, sən gəlməzsən.
İndi sən olan şəhərin boğazından
neçə ağ tüstülü gəmi keçir.
Siqaret qoxulu bu otaqda mənim boğazımdan
Qırıq ümidimin qəmi keçir.
Bir taleyə, bir bəxtə bax bu qızda,
Heç Allah da bu qızın
Sözün yerə salmayıb.
Şükür elə Allaha,
Şükür elə mən varam,
qəmin yetim qalmayıb.
***
Gəl görüm üzünü, gözəlim, çünki
Dünyanın hər üzün görən yaşımdır.
Ruhumu sən elə qocaltmısan ki,
Canımı əcələ verən yaşımdır.
Qayıt, al başımı dizlərin üstə,
Ağlayım, gözümün yaşını töküm.
Sən öz ətəyindən dağıt daşları,
Yerinə başımın daşını töküm.
Nədir bu ruhuna batan tikanlar?
Sənin ki, gül-çiçək əkən yaşındır.
Yollara dikilən qara gözünə
Sürməni naz ilə çəkən yaşındır.
Ay üzlüm, çöhrənin nuru da itib,
Taleyin gecənin rənginə dönüb.
Bir vaxtlar gözlərin parıldayardı,
İndiysə bəxtinin ulduzu sönüb.
Sən demə, sənin də qəmin çox imiş,
Ağladıq, ağladıq, gülə bilmədik.
Həsrəti, kədəri bölmək asanmış,
Bir tikə çörəyi bölə bilmədik.
***
Kipriyin könlümü deşdi, atılıb tir kimi,
Ələdin qanımı aləmlərə xəlbir kimi.
Cadu xislətli gözün qəlbimi diz çökdürdü,
Saçların əl-qolumu bağladı zəncir kimi.
Bənzəsin tellərinin bəxtinə kaş ki, bəxtim,
Dolanım başına, hacət diləyim pir kimi.
Günəşüzlüm, gecəsaçlım, elə bil ki, Yaradan
Aləmi xəlq eləyibdir sənə təfsir kimi.
İqtida etdi mənə əhli-məhəbbət, sən də,
gəl vəfa hökmünü ver şənimə təqdir kimi.
Könlümün taxtını başsız buraxandan bəri,
Əyləşib qəlbimə qəm hazıra-nazir kimi.
Qaşların səcdə salır yadıma, zülfün də rüku,
Qamətin isə qiyamət günü təkbir kimi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
